Yusif Əliqulu oğlu Səfərov ) — azərbaycanlı alim, mühəndis, istehsalat təşkilatçısı, ixtiraçı, qazma texnologiyasının banilərindən biri. Bakı şəhəri Ali Sovetin Deputatı, Əməkdar mühəndis, Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri, Qafqazın müdafiəsi üçün və 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə medalları ilə təltif edilmişdir.
Həyatı 15 oktyabr 1907-ci ildə Şamaxıda anadan olmuşdur. 1963-cü ildə vəfat etmişdir. 1926-cı ildə orta məktəbi, 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsini bitirərək dağ mühəndisi diplomunu almışdır.
Ailəsi Qızı Elmira Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi olmuşdur. Digər qızı Zemfira xanım sənətşünaşlıq doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nm müxbir üzvüdür. Oğlu Çingiz atasının yolunu davam etdirmiş, "Çıraq", "Azəri", "Kəpəz" kimi yataqların kəşfində iştirak etmiş, neft sənayesində bir sıra məsul vəzifələrdə çalışmış, Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində və ARDNŞ-nin qazma üzrə Baş mütəxəssisi işləmişdir.
Qızı Zemfira Səfərovanın "Xəzərin neft korifeyi" məqaləsindən:
Fəaliyyəti ABŞ-də Yusif Səfərov və Ağaqurban Əliyev "Okeanın ulduzları" muzeyinin qəhrəmanları və ulduzları adlandırılmışlar.
O, 1931–1936-cı illərdə Azərbaycan neft sənayesinin Puta kəşfiyyat qrupu müdirinin köməkçisi, Lökbatan Qazma Kəşfiyyat Kontorunun rəhbəri işləmişdir. Lökbatan Qazma Kəşfiyyat Kontorunda rəis olduğu zaman Lökbatanda 45 və 62 nömrəli quyuların qazılması bilavasitə onun rəhbərliyi altında həyata keçirilib. Həmin quyuların verdiyi gündəlik hasilat 20 min tondan artıq olmuşdur.
1936–1939-cu illərdə Yusif Səfərov yeni təşkil olunmuş "Kaqanoviçneft" (indiki "Suraxanı" NQÇİ) Qazma İdarəsinin rəhbəri olmuşdur. Burada "Həyat vadisi" adlanan yeni sahədə onun kontorunun qazdığı ilk quyular da yaxşı nəticə vermiş və bu quyular ətrafında iki neft mədəni yaradılmışdır.
Yusif Səfərov 1939–1943-cü illərdə "Stalin-neft" (indiki "Bibiheybət" NQÇİ) Qazma İdarəsinin direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə qazma idarəsi 1131 nömrəli ilk dəniz neft quyusunu qazıb istismara vermişdir. Sutkada 400–500 ton neft verən bu quyu əsasında "İliç buxtası"nda yeni neft mədəni əmələ gəlmişdir. Azərbaycanda ilk dəfə 1941-ci ildə Yusif Səfərovun rəhbərliyi altında "İliç buxtası"ndan Krasin adına Mərkəzi Elektrik Stansiyasının altına 1385 sayh maili istiqamətləndirilmiş quyu qazılmışdır. 1943–1944-cü illərdə Yusif Səfərov hərbi zavodlarda xüsusi işlər görüb Avropa ölkələrində işləməli olmuşdur.
O, 1944–1945-ci illərdə "Azəmeft" Birliyinin qazma şöbəsinin rəisi işləyir. Yusif Səfərovun şöbə rəisi işlədiyi müddətdə Buzovna və Maştağa rayonlarında apanlan kəşfiyyat işləri nəticələr verir və Abşeronun bu rayonlarında yeni neft mədənləri salnır. 1945-ci ildə dənizdə kust üsulu ilə qazma işlərinə başlanmışdır.
Xəzər dənizində birləşən neft yataqlarını kəşf edib istismara vermək üçün 1945-ci ilin əvvəlində "Azəmeft" Birliyi sistemində Dəniz Qazma Tresti təşkil olunur və Yusif Səfərov trestin baş mühəndisi təyin edilir. Dəniz Qazma Tresti Buzovna və Gürgan (indiki Pirallahı adası) rayonlarında Xəzərdə geniş kəşfiyyat işlərinə başlayır. Dənizdə qurulan ilk buruqlar (7 nömrəli və başqaları) bu sualtı yataqlarda neft olduğunu isbat edir və onların ətrafında böyük dəniz mədənləri yaradılır. 1945-ci ildə dənizdə kust üsulu ilə qazma işlərinə başlanır.
1946-cı ilin əvvəllərində "Azəmeft" Birliyində yeni bir trest — Turbin Qazma Tresti təşkil olunur və trestin rəisi Yusif Səfərov təyin edilir. Turbin Qazma Trestinin fəaliyyəti sayəsində bu üsul tez bir zamanda Azərbaycan neft mədənlərində müsbət nəticələr verir. 1946-cı ildə Hövsanda 4000 metr dərinliyində 1308 nömrəli quyu qazıldı ki, bu da Avropada ən dərin quyu hesab olundu. Yusif Səfərov 1947-ci ilin əvvəllərində "Azərneft" Birliyinin Dəniz Qazma Trestinin müdiri vəzifəsinə irəli çəkilir. 1948-ci ilin noyabrında "Pobeda" kiçik barkasda Ç. A. Orucov, Y. Ə. Səfərov, A. Q. Əliyev və başqaları Bakıdan 100 km aralı Xəzər dənizində yerləşən "Qara Daşlar"a (indiki Neft Daşları) gəlirlər, birinci kəşfiyyat quyusunun yerini təyin edirlər. Qazma 1949-cu ilin 7 noyabrında başa çatır və quyunun gündəlik hasilatı 100 tondan artıq olur. Bu kəşflə Azərbaycan dünyada ilk olaraq açıq dənizdə neft hasilatına nail olur, Yusif Səfərov və onun həmkarları dünya şöhrəti qazanırlar. Yusif Səfərov 1949–1952-ci illərdə "Azərdənizneft" Birliyinin qazma işləri üzrə Baş direktorunun müavini vəzifəsində çalışmışdır.
Neft-qaz yataqlarının mənimsənilməsi işinin əsas istiqamətlərindən biri də dəniz neft- mədən hidromexaniki qurğuların konstruksiyalarının yaradılması idi. Bu işlər ada özülləri, üzən qurğular, estakada tikililəri və s. yaradılması istiqamətində aparıldı. Dəniz neft-mədən işlərinin inkişafında mərhələli şərt iribloklu özüllərin S. A. Orucov və I. Ə. Səfərovun "MOS" şifri altında buraxılmış sistemi idi. "MOS", "Dənizneftlayihə" və "QiproMOS" tipli stansionar dəniz özüllərin tətbiq edilməsi nəticəsində "Gürgan-dəniz", "Çilov" adası, "Darvin bankası", "Neft Daşlan", "Palçıq pilpiləsi", "Səngəçal-dəniz", "Qaradağ-dəniz" və digər neft yataqları aşkar edilib kəşf olundu. Bu qurğular dənizin yeni dərinliklərinin mənimsənilməsinə (40 m-dək) imkan yaratdı. Yusif Səfərov 1953–1963-cü illərdə Eksperimental Elektroqazma idarəsinin rəisi, Azərbaycan Neftqazma Elmi-Tədqiqat İnstitutunda "yeni qazma üsulu" laboratoriyasın müdiri işləmişdir. Elmi fəaliyyəti Yusif Səfərovun qazmada ixtira etdiyi yeni üsullar müxtəlif illərdə həyata keçirilərək respublikanın neft sənayesini xeyli zənginləşdirmişdir. O özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvü surətdə birləşdirə bilmişdir. "Dənizdə dərin qazma" mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsini almışdır. Yusif Səfərov Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) qazma kafedrasında dosent işləyərək gənc kadrların hazırlanmasına da böyük əhəmiyyət verirdi və bir sıra elmi əsərlərin — "Dənizdə neft buruqlanmn qurulması", "Turbin qazma", "Qazmada gilli məhlul", "Elektroqazma", "Dənizdə dərin qazma" və s. əsərlərin müəllifi idi.
Mükafatları O, 1946-cı ildə dəniz qazması üçün stansionar özüllərə, 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə SSRİ Dövlət mükafatlarına, Azərbaycan SSR-nin "Əməkdar mühəndisi" adına layiq görülmüşdür. Azərbaycan SSR Ali Sovetinin, Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. O, həmçinin "Qırmızı Əmək Bayrağı", "Şərəf nişam" ordenləri, "Qafqazın müdafiəsi üçün" və "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalları ilə təltif edilmişdir. Görkəmli neftçinin yaşadığı evin divarında onun xatirə lövhəsi, barelyefi vurulmuşdur. Xəzərdə vaxtilə üzən gəmilərdən birinin adı da "Yusif Səfərov" idi. Bakı şəhərinin küçələrindən birinə Yusif Səfərovun adı verilmişdir.Bayram Bayramov. Neft Daşları — tufanlar qoynunda həyat
İstinadlar
Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ neftçiləri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan neftçiləri