Tahir Hidayət oğlu Məmmədov () — Azərbaycan rəssamı və fotoqrafı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Həyatı Tahir Məmmədov 1 mart 1946-cı ildə anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə isə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığı Tahir Məmmədovun ilk fərdi sərgisi 1981-ci ildə Moskva şəhərində "Yunost" jurnalının təşkilatçılığı ilə keçirilib. Onun 1992-ci ildə Parisdə "Cite İnternationale Dez Arts" sərgisində fərdi yaradıcılıq sərgisi açılıb. Bundan əlavə, Tahir Məmmədovun 1991-ci ildə ABŞ-də, 1992, 2003 və 2011-ci ildə Parisdə, 2005-ci ildə Belçikada, 2010, 2012, 2013-cü ildə Moskvada fərdi sərgiləri keçirilmişdir. O, həmçinin, "Ənənəvilik və müasirlik" adlı I və II beynəlxalq foto müsabiqələrində birinci yerə çıxmışdır.

Tahir Məmmədov Azərbaycanda ilk bədii fotoqrafiya haqqında kitabın müəllifidir. Onun əsərləri Moskvada Tretyakov qalereyasında, "Şərq Xalqları" muzeyində, Bədii Sərgilər Direktorluğunun Fondunda, Parisdə "Edmon Rozenfeld" qalereyasında, "ARTS Turnelle" sərgi salonunda, ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002 3-cü dərəcəli "Əmək" ordeni — 16 oktyabr 2021 "Humay" milli mükafatı — 2004 "Soltan Məhəmməd" mükafatı — 2001 SSRİ Rəssamlıq Akademiyasının diplomu — 1992

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar