Cənnət qayası yaşayış yeri — Naxçıvan Muxtar Respublikası ərazisində Tunc və Dəmir dövrünün abidəsidir. О, Yaycı kəndinin şərqində "Ağ zirət" deyilən yerin yaxınlığında yerləşir. Yaşayış yeri təbii təpənin üzərində salınmış və hər tərəfdən dağlarla əhatə olunmuşdur. Sahəsi 6 hektara yaxındır. Abidənin mərkəzi hissəsində daşdan inşa olunmuş dördkünc formalı tikintilər, onun yaxınlığında isə divar qalıqları var. Yaşayış yerinin bəzi hissələrində tikinti qalıqlarının uçub tökülməsi nəticəsində daş yığınları əmələ gəlmişdir. Aşınma nəticəsində bəzi yerlərdə mədəni təbəqənin kəsiyi alınmışdır. Mədəni təbəqə olduqca az saxlanmışdır. Bəzi yerlərdə təbəqə 50 sm qalınlığındadır. Yerüstü materiallar saxsı qab sınıqlarından və dən daşlarından ibarətdir. Gil məmulatı çəhrayı və boz rəngli olmaqla iki qrupa bölünür. Çəhrayı rəngli gil məmulatına küpə və kasa tipli qabların sınıqları aiddir. Onlar hər iki üzdən yaxşı sığallanmış, bəzisinin üzəri çəpinə çəkilmiş çərtmələrlə naxışlanmışdır. Boz rəngli gil məmulatı narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmişdir. Onlar küpə və kasa tipli qablardan ibarətdir. Qabların xarici səthi yüngülcə cilalanmışdır. Yaşayış yerindən aşkar edilmiş saxsı məmulatı əsasən Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Lakin dən daşları öz arxaik formaları ilə seçilirlər. Şübhəsiz ki, yaşayış yerində həyat mövsümi xarakter daşımış ondan uzun müddət istifadə olunmuşdur. Abidəni е.ə. II–I minilliklərə aid etmək olar.

İstinadlar

Kateqoriya:Culfa rayonunun qədim yaşayış yerləri