İsgəndər Aznaurov və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; ) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Erkən illəri İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.

Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.

Ölümü 1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilir.

Şəxsi həyatı Ailəli idi, 3 qızı var.

Ləqəbi Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınırdı.

İrsi Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində "İsgəndər qalası" və "İsgəndər postu" adlandırılıb. Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə "N" saylı hərbi hissənin önündə isə büstü ucaldılıb. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Bakıda Istiqlal Muzeyində Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.

Filmoqrafiya 2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. AzərTAc, 25.09.2013."YouTube"də izlə: "Alınmaz qalanın qəhrəmanları" "YouTube"də 2018-ci ildə Yaddaş film studiyasi "İsgəndərin sorağında" adlı film çəkmişdir.

Təltif və mükafatları Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

1995 — Azərbaycanın Milli Qəhrəmanı 1998 — "Qızıl Ulduz" medalı

İstinadlar

Xarici keçidlər Aznaurov İsgəndər Söhrab oğlu Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 43–44. Şəmkirdə Milli qəhrəman İsgəndər Aznaurov yad edilib

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Buxarada doğulanlar Kateqoriya:Gədəbəydə vəfat edənlər Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Axısqa türkləri