Birinci imperiya () — 1804-cü ildən 1815-ci ilə kimə Fransada mövcud olmuş Napoleon Bonapart imperiyası.

Tarixi İmperiyanın yaranması və ilk tədbirləri thumb|right|Napoleon Bonapart 1804-cü ilin mayında Napoleon Bonapart I Napoleon adı ilə Fransanın imperatoru elan edildi. Tacqoyma mərasimini Roma papası keçirmişdi. 1807-ci ildə Tribunat ləğv edildi. Tribunat bonapartçı rejimdə müxalifətin mövcud olduğu yeganə orqan idi. Qanunverici Korpus isə nadir hallarda toplanırdı. Saray titulları bərpa, imperiya marşalı vəzifəsi təsis edildi, “vətəndaş” sözü lüğət fondundan çıxarıldı.

1802-ci ildə mühacir zadəganlara bəraət verilməsi haqqında qanun qəbul edildi. Napoleonun dövründə prefekt təyin edilənlərin yarısı köhnə zadəganların nümayəndələri idi. Eyni zamanda Fransa imperatoru öz rejimini möhkəmləndirmək üçün yeni elita yaradıb onlara zadəgan titulları verdi. 1808-1814-cü illərdə 3600 şəxsə zadəgan titulu və torpaq verilmişdi. Lakin silki imtiyazlar bərpa olunmadı. Napoleonun qanunvericiliyi hüquqi bərabərliyi möhkəmləndirdi.

1805-ci ildə Napoleon özünü İtaliyanın kralı elan etdi. 1809-cu ildə onun Rusiya imperatorunun bacısı ilə evlənmək cəhdi uğursuz oldu. 1810-cu ildə Napoleon Avstriya imperatorunun qızı Mariya Luiza ilə evləndi. Bu nikah vasitəsilə Napoleon Fransanı Avropanın legitim monarxiyalarının sırasına qoşmaq və öz sülaləsini yaratmaq fikrində idi.

Konsulluq və imperiya dövründə Fransada yerli özünüidarəetmə ləğv edildi və mərkəzləşdirilmiş idarə sistemi yaradıldı. Departamentlərə hökumət tərəfindən təyin olunan və geniş səlahiyyətlərə malik prefekt başçılıq edirdi. Şəhərlərin meri və kənd kommunalarının başçısı da təyin edilirdi. Andlılar məhkəməsi ləğv edildi. Bütün məhkəmə orqanları hökumətdən asılı idi. Polis nazirliyinə Napoleonun yaxın dostlarından biri olan Fuşe başçılıq edirdi. Bu nazirliyin bütün departamentlərdə prefekturaları yaradılmışdı.

XIX əsrin əvvəllərində Fransa kənd təsərrüfatı ölkəsi idi. Əhalinin 80%-ni kəndlilər təşkil edirdi. İnqilab kənd təsərrüfatında kapitalizmin inkişafı üçün şərait yaratmışdı. Müharibə ilə bağlı kənd təsərrüfatı məhsullarına tələbat və onun qiyməti artmışdı. Torpaqların əksəriyyəti zadəganlara məxsus idi. Ölkədə toxuculuq, metallurgiya və kimya sənayesinin inkişafı sürətlənmişdi. Müəssisələrdə maşınlardan istifadənin artması Fransada sənaye çevrilişinin başlanmasını göstərirdi.

1799-cu ildə Fransadan 553 milyon frank, 1802-ci ildə isə 709 milyon frank məbləğində məhsul ixrac edilmişdi. 1810-cu ildə ildə ölkədə istehsal edilən sənaye məhsulunun miqdarı inqilabdan əvvəlkinə nisbətən 50% çox idi. Sahibkarlıq fəaliyyətini şirnikləndirmək üçün 1800-cü ildə Fransa bankı təsis olundu, 1810-cu ildə Ticarət işləri üzrə Şura yaradıldı. Buxar maşınlarından istifadə iri müəssisələrin təşkilinə şərait yaratdı. Əmək qabiliyyətli əhalinin 6%-ni fəhlələr təşkil edirdi.

Fransanın maliyyə vəziyyətinin yaxşılaşması hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri idi. Ona görə hökumət vergiləri artırmışdı. İri kapitaldan alınan vergi azaldılmışdı. Müharibənin və himayədarlıq siyasətinin nəticəsində xarici ticarətin həcmi artmışdı. Fransa özü üçün əlverişli şərtlərlə Avropa ölkələri ilə ticarət müqavilələri bağlamışdı. İdxal gömrüyünün artırılması Fransa sənayesini İngiltərə məhsullarının rəqabətindən qoruyurdu. Konsulluq və imperiya dövründə Fransada qanunvericiliyin təkmilləşdirilməsi sahəsində böyük işlər görüldü. 1804-cü ilin martında qəbul edilmiş Mülki məcəllə şəxsiyyətin toxunulmazlığı, vicdan azadlığı, vətəndaşların qanun qarşısında bərabərliyi kimi inqilab prinsiplərini bir daha təsdiq etdi. Xüsusi mülkiyyət mütləq və toxunulmaz elan edildi.

1807-ci ildə Cinayət məcəlləsi, 1811-ci ildə Ticarət məcəlləsi qəbul edilmişdi.Xüsusi mülkiyyətin, sahibkarlıq azadlığının və kapitalist istismarının müdafiəsi Fransada yeni qanunvericiliyin məzmununu təşkil edirdi. Yeni məcəllələr fəhlələrin öz sahibkarlarına münasibətdə hüquqsuz vəziyyətini təsbit etdi. Fəhlələrin ittifaqlarda birləşməsi və tətillər qadağan idi. Xüsusi mülkiyyətə qəsd edənlər ciddi cəzalandırılmalı idi. Yeni qanunlar həm də nikah münasibətlərini tənzimləyirdi. N.Bonapartın ölkədə yaratdığı diktatura rejimi zabitlərin və məmurların hakimiyyətinə əsaslanırdı. Burjuaziya ölkənin idarə olunmasında iştirak etmirdi. Hökumət burjuaziyanı xalqın hücumlarından qoruyur, eyni zamanda feodal qaydalarının bərpasına imkan vermirdi. Kəndlilər Fransada I İmperiyanın əsas sosial dayağı idi. Əhalinin əksəriyyətini hökumətin ətrafında birləşdirmək üçün Napoleon “millətin birliyi” ideyasından geniş istifadə edirdi. Fransa xalqının özünəməxsusluğu, Fransanın dünyada hegemonluğunun zəruriliyi kimi ideyalar ölkədə geniş təbliğ edilirdi.

Hərbi əməliyyatların başlanması Konsulluq və Birinci imperiya dövründə Fransa Avropa dövlətlərinə qarşı fasiləsiz müharibələr aparmışdı. Fransanın əsas məqsədi yeni ərazilər işğal etmək, Avropada və bütün dünyada aparıcı rol oynamaq idi. Napoleon həm də Avropa ölkələrində feodal-mütləqiyyət qaydalarının ləğvinə çalışırdı. Avropanın İngiltərə, Rusiya, Avstriya və Prussiya kimi dövlətləri Fransanın məqsədlərinin həyata keçməsinə mane olmaq üçün ona qarşı bir neçə koalisiya yaratmışdılar. Fransaya qarşı birləşmiş dövlətlərin həm də öz məqsədləri var idi, bu isə onların arasında çoxsaylı ziddiyyətlər yaradırdı. Rusiya və Avstriya Balkanlarda nüfuz uğrunda, Avstriya və Prussiya isə alman torpaqlarında hegemonluq uğrunda mübarizə aparırdılar. Napoleon Avropa dövlətləri arasında ziddiyyətlərdən bacarıqla istifadə edirdi. İngiltərə ilə Fransa arasında iqtisadi və siyasi rəqabət XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərin aparıcı xəttini təşkil edirdi.

1800-cü ildə Fransaya qarşı yaranmış ikinci koalisiya dağıldı. Rusiya müharibədən çıxdı, Avstriya öz ordusunu İtaliyadan çıxarmalı oldu. N.Bonapart Fransanın yeni sərhədlərini tanımaq şərti ilə İngiltərə, Avstriya və Rusiyaya hərbi əməliyyatları dayandırmağı təklif etdi. Təbii ki, Napoleon bu zaman müttəfiqlər arasındakı ziddiyyətləri də nəzərə alırdı. Avropa dövlətləri Napoleonun təklifini qəbul etmədilər.

Müharibəni davam etdirən Fransa ordusu 1800-cü ilin iyulun 14-də İtaliyanın şimalında Marenqo döyüşündə Avstriya qoşununu məğlub etdi. 1801-ci ilin fevralın 9-da Fransa ilə Avstriya arasında Lünevil sülhü bağlandı. Müqaviləyə əsasən Avstriya Belçikanın, Reynin sol sahilinin və Venetsiya əyalətinin bir hissəsinin Fransa tərəfindən işğalını tanıdı. Neopalitan kralı Florensiyada Fransa ilə sülh müqaviləsi imzaladı.

Napoleon Rusiyanı sülh danışıqlarına həvəsləndirmək üçün 1799-cu ilin əməliyyatları zamanı əsir götürülmüş rus əsgərlərini qaytarmaq haqqında göstəriş vermişdi. 1800-cü ilin sentyabrında Malta adasındakı Fransa qarnizonu ingilislərə təslim oldu. Rusiya yaxşı bilirdi ki, İngiltərə onu Aralıq dənizindən sıxışdırmağa çalışır. Maltanın tutulmasından sonra Rusiya İngiltərə ilə əlaqələri kəsib ona qarşı Danimarka, İsveç və Prussiyanın iştirakı ilə silahlı bitərəflik liqası yaratmağa başladı. Eyni zamanda Parisdə Rusiya ilə Fransa arasında diplomatik əlaqələrin bərpası haqqında danışıqlar başlandı. 1801-ci ilin martında Rusiyada hakimiyyət dəyişikliyi və Kopenhagen buxtasında Danimarkanın hərbi donanmasının İngiltərə eskadrası tərəfindən məğlub edilməsi Rusiya-Fransa danışıqlarını sürətləndirdi. 1801-ci ilin oktyabrında Fransa ilə Rusiya arasında sülh müqaviləsi və onun gizli əlavəsi imzalandı. Bu sənədlərdə deyilirdi ki, Rusiya Fransa ilə Sardiniya krallığı və bir sıra alman dövlətləri arasındakı danışıqlarda vasitəçilik edəcək. Fransa İonik adalarının Rusiya tərəfindən işğalını tanıdı. Fransa müqaviləyə görə Neoplitan krallığına hücum etməməli və Rusiya ilə birlikdə “dəniz azadlığını” təmin etməli idi. Müttəfiqlərini itirən İngiltərə tənəffüs əldə etmək üçün Fransa ilə danışıqlara başlayıb 1802-ci ilin martın 27-də onunla Amyen sülh müqaviləsini bağladı. İngiltərə 1792-ci ildən sonrakı dövrdə Fransanın işğallarının nəticələrini tanıdı və bəzi müstəmləkələri ona qaytardı. İngiltərə öz qoşunlarını Maltadan çıxartmağa və Misiri Türkiyəyə qaytarmağa razı oldu. Fransa əvəzində öz qoşunlarını Neopoldan, Romadan və Elbadan çıxarmalı idi. Fransa və İngiltərə Avropada mövcud vəziyyəti saxlamağa çalışmalı, Fransa isə Misirə qarşı iddialarından imtina etməli idi. İngiltərə və Fransa məcburiyyət qarşısında imzalanmış Amyen müqaviləsinə əməl etmək fikrində deyildi. İngiltərə çalışırdı ki, Fransa ilə “azad ticarət” prinsipi əsasında yeni müqavilə bağlasın. Fransa onun təklifini qəbul etmədi. Fransa İngiltərəni və onun müstəmləkələrini işğal etmək planı hazırlamışdı. 1802-ci ilin payızında Parma, Pyemont və İsveçrə Fransaya birləşdirilmişdi. Napoleonun bütün tələblərinə baxmayaraq İngiltərə öz qoşununu Maltadan çıxartmadı. Fransa Yaxın Şərqə yeni müdaxiləyə hazırlaşırdı. 1803-cü ilin mayında İngiltərə ilə Fransa arasında hərbi əməliyyatlar bərpa olundu. Fransa qoşunu Hannoverə daxil oldu. Rusiyanın İngiltərə ilə Fransanı barışdırmaq cəhdləri nəticəsiz oldu. Napoleon İngiltərə ərazisinə desant çıxarmağa hazırlaşırdı. Rusiya başa düşürdü ki, təkcə diplomatik vasitələrlə Fransanın Aralıq dənizi hövzəsinə və Mərkəzi Avropaya müdaxiləsinin qarşısını almaq mümkün olmayacaq, Avropa dövlətlərinin iştirakı ilə müdafiə ittifaqlarının yaradılması zəruridir. 1804-cü ildə Rusiya ilə Fransa arasında diplomatik münasibətlərin kəsilməsi Fransaya qarşı Avropa dövlətlərinin üçüncü koalisiyasının yaradılmasını sürətləndirdi. Rusiya və İngiltərə 1805-ci ilin aprelin 11-də Peterburqda ittifaq müqaviləsi bağladılar. Napoleon 1805-ci ilin martında özünü İtaliya kralı elan etmişdi. 1805-ci ilin iyun ayında Genuya və Lukka Fransaya birləşdirilmişdi. Napoleonun İtaliyadakı işğalları Avstriyanın mənafelərinə zidd idi və Avstriya 1805-ci ilin avqustunda İngiltərə-Rusiya ittifaqına qoşuldu. Rusiyanın müttəfiqləri olduğuna görə İsveç, Danimarka və Siciliya da üçüncü koalisiyada iştirak edirdilər. left|thumb|Austerlits döyüşü 1805-ci ilin sentyabrın 23-də Türkiyə Rusiya ilə ittifaq müqaviləsi bağlayıb koalisiyaya qoşuldu. Qara dəniz boğazlarını Rusiya və Türkiyə birlikdə qorumalı idi. Rusiyanın hərbi gəmiləri boğazlardan sərbəst keçirdi, qeyri-Qara dəniz dövlətlərinin gəmiləri isə keçə bilməzdi.

1805-ci ilin oktyabrın 21-də admiral Horatsio Nelsonun başçılığı ilə İngiltərə donanması Trafalqar döyüşündə birləşmiş Fransa-İspaniya donanmasını məğlub etdi. Avstriya tərəfindən hücum təhlükəsini nəzərə alan Napoleon Britaniya adalarına hücumdan imtina edib əsas qüvvələrini Avstriya ordusuna qarşı yönəltdi. 1805-ci ilin oktyabrın 20-də Fransa ordusu Ulm döyüşündə Avstriya qoşununu məğlub etdi və Napoleon noyabrda Vyanaya daxil oldu. 1805-ci ilin dekabrın 2-də Fransa ordusu Austerlits döyüşündə birləşmiş Avstriya və Rusiya qoşunlarını məğlub etdi. Bu qələbə nəticəsində İngiltərə qitədə öz müttəfiqlərini itirdi.

Austerlits qələbəsi Prussiyanın mövqeyinə təsir göstərdi. 1805-ci ilin noyabrın 3-də bağlanmış müqaviləyə görə Prussiya Rusiya ilə birlikdə Fransaya qarşı çıxış etməli idi. Lakin Austerlits döyüşündən sonra Prussiya hökuməti qələbə münasibətilə Napoleonu təbrik etdi. Napoleonun tələbinə uyğun olaraq 15 dekabr 1805-ci ildə Prussiya ilə Fransa arasında ittifaq müqaviləsi imzalandı və Napoleon Hannoveri Prussiyaya verdi. 26 dekabr 1805-ci ildə Fransa ilə Avstriya arasında imzalanmış Presburq sülhünə əsasən Avstriya Fransanın Qərbi Avropada bütün işğallarını tanıdı, Fransaya Venesiyanı, İtaliyanı və Dalmatsiyanı, həmçinin 40 milyon frank təzminat, Tirolu isə Fransanın Almaniyadaki müttəfiqlərinə verdi. Avstriyanın Almaniya torpaqlarında hökmranlığına son qoyuldu.