Vilayət Süleyman oğlu Eyvazov () — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019).

Həyatı Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Təltifləri "Azərbaycan Bayrağı" ordeni (2002) "İgidliyə görə" medalı (2008) 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2014) 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2018) "Zəfər" ordeni (2020)

Həmçinin bax Daxili İşlər Nazirliyi (Azərbaycan)

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan polis general-leytenantları Kateqoriya:Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Atıcılıq Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları