Nailə Ağadadaş qızı Bağırova () — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı.

Həyatı Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984-cü illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.

1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.

Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.

Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR hökuməti (1980–1985) Azərbaycan SSR hökuməti (1985–1991)

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri