Mehriban Paşa qızı Sultanova (, Naxçıvan) — Azərbaycan jurnalisti, filologiya üzrə fəlsəfə doktoru (2008), Naxçıvan MR Ali Məclisinin orqanı olan "Şərq qapısı" qəzetinin baş redaktoru (2017–2023), Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti (2015), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü (2004), "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı (2015), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı təltifçisi (2019).
Həyatı Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
Fəaliyyəti
Əmək fəaliyyəti Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb.
2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib. M.Sultanova "Universitet" televiziyasında (UTV) tədris yönlü, ədəbi-bədii, ictimai verilişlərin hazırlanmasında fəal iştirak edib, burada çəkilən sənədli filmlərin ssenari müəllifi və ya rejissoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 15 aprel tarixli Sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 26 dekabr 2023-cü ildə azad olunub.
O, 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2002-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2004-cü ildən isə Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Elmi fəaliyyəti Mehriban Sultanova 2008-ci ildə "Yeni yol" qəzetində ədəbiyyat məsələləri mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun 20 elmi və 70-dən çox publisitik məqaləsi respublikanın jurnal və qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunub.
Dərc edilmiş elmi əsərləri
"Molla Nəsrəddin"çilər "Yeni yol"da. Naxçıvan. Qeyrət. 2006. 221 s. Milli mətbuat tarixində "Yeni yol" qəzeti. 2015. 100 səh. Mənim universitet dünyam. Naxçıvan. "Əcəmi". 2017. 320 səh. Müasir Naxçıvan. Naxçıvan. "Əcəmi". 2017. 616 səh. "Yeni yol" qəzetinin məramı, Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan. 2004. № 13. səh. 58-63. Cəlil Məmmədquluzadənin "Yeni yol" qəzetindəki naşirlik fəaliyyəti. Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2004. № 3. səh. 129-134. "Yeni yol" qəzeti və Azərbaycan teatrı. "Qobustan" sənət toplusu. 2005. № 1/29. səh. 67-69. "Yeni yol" qəzetində teatrşünaslıq məsələləri. Azərbaycanda elmin inkişafı və regional problemlər (28 fevral-1 mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın materialları). Bakı. "Nurlan". 2005. səh. 322-327. İslam Səfərli dramaturgiyasının ideya-bədii xüsusiyyətləri. "Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal № 26. 2013. s. 185-196. Ümmummilli lider Heydər Əliyev və Azərbanda mətbuatın inkişafı. "Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. № 32. 2015. səh. 33-39.
Mükafatları 2007-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və 2007 və 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin fəxri fərmanları ilə təltif olunub. 2014-cü ildə təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomuna layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 mart tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 21 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub.
İstinadlar