Aardax () və Mərcimək əməliyyatı (, Çeçevitsa; Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — İkinci Dünya müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi.

Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi. Deportasiya zamanı çeçenlər və inquşlar sosial, mənəvi təzyiqlərə, bir çox məhdudiyyətlərə məruz qalmış, rəsmi sənədlərdə qeyd olunmasına baxmayaraq onların mülkiyyət hüquqları və təhlükəsizliyi təmin olunmamışdır. Sürgün müddətindən məcburi əmək düşərgələrinə qədər bütün bu müddət ərzində onlar NKVD rəsmilərinin inzibati nəzarəti altındaydılar.

Sürgün 13 il davam etdi və 1957-ci ildə Nikita Xruşşov rəhbərliyindəki yeni sovet hakimiyyəti Stalinin bir çox siyasətini, o cümlədən millətlərin deportasiyasını ləğv edənə qədər sağ qalanlar doğma torpaqlarına qayıtmadılar. Yerli bir hesabatda göstərilirdi ki, Qafqaza qayıtmaq istəyərkən bir çox maneələrə, o cümlədən işsizliyə, yaşayış yerinin olmamasına və yerli rus əhalisi ilə etnik toqquşmalara baxmayaraq, 1961-ci ilə qədər 432 minə yaxın vaynax Çeçen-İnquş MSSR-yə köçmüşdür. Nəticədə çeçenlər və inquşlar dirçəldilər və yenidən əhali içərisindəki çoxluqlarını bərpa etdilər. Bu deportasiya sağ qalanların və onların nəslinin yaddaşında daimi bir iz buraxdı. 23 fevral günü əksər inquş və çeçenlər tərəfindən faciə günü kimi xatırlanır. Çeçenistan və İnquşetiya bunu 2004-cü ildə Avropa Parlamentinin də qəbul etdiyi kimi soyqırım olaraq təsnif edir.

Tarixi arxa plan

300px|left|thumb|Çərkəz, osetin, kabardin, çeçenlər (19-cu əsr) Çeçenlər və inquşlar bir-birinə çox yaxın və passiv bir anlaşıqlılıq dərəcəsinə sahib olan vaynax dillərində danışırlar. Rus-çeçen münaqişəsi müasir tarixdə üç əsr davam edən ən uzun və uzanan münaqişələrdən biridir. Onun mənşəyi 1785-ci ildə çeçenlərin Qafqazdakı rus ekspansionizminə qarşı vuruşduğu dövrdən başlayır. 1817–1864-cü illərdə Qafqaz müharibəsi baş verdi. Rusiya İmperiyası çox sayda rus olmayan xalqı öldürərək və ya deportasiya edərək ərazini ilhaq etməyə və xalqı tabe etməyə müvvəffəq oldu. Çərkəz soyqırımı da bu döyüşlər zamanı törədildi. Çərkəzlər, ubıxlar və abazinlər sonradan Osmanlıya köçürüldü. Ancaq bu köçürmələr digər Qafqaz xalqlarından da yan keçməyəcəkdi. 1847-ci ildə Qafqazda 1,5 milyona qədər çeçen var idi, lakin bu müharibə və sonradan qovulmalar nəticəsində onların sayı 1861-ci ildə 140.000-ə, daha sonra 1867-ci ildə 116.000-ə qədər azaldı. 1865-ci ildə Rusiya imperiyası tərəfindən ən az 39.000 çeçen Osmanlıya sürgün edildi.

Buna baxmayaraq, çeçenlər tez-tez müstəqilliklərinin bərpasını tələb edirdilər və 1878-ci ildə yenidən Rusiya İmperiyasına qarşı üsyan etdilər. SSRİ dövründə, 1920–1930-cu illərdə çeçenlər lider İosif Stalinin kollektivləşmə və sovetləşmə siyasətini rədd etdilər. Bu sosial müqavimətə "Çeçen problemi" adı verildi. Bu müddət ərzində Moskva 1936-cı ildə Çeçen və İnquş Muxtar Vilayətləri vahid Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında birləşdirilənə qədər daim ərazilərinin sərhədlərini dəyişirdi.

1940-cı ildə Galançojda Həsən İsrailovun rəhbərlik etdiyi daha bir çeçen üsyanı başladı. Bu üsyan, qismən, 1939-cu ildə Qış müharibəsində işğalçı sovetlərə qarşı finlərin müqavimətindən ilham aldı. 1942-ci ilin fevralında Mairbek Şərifovun dəstəsi Şatoy və İtum-Kali rayonlarında üsyan etdi. Sovet sisteminə qarşı üsyan qaldırmaq üçün İsrailovun ordusu ilə birləşdilər. Sovet Hərbi Hava Qüvvələri üsyanı yatırmaq üçün 1942-ci ilin yazında Çeçen-İnquş respublikasını bombaladı. İkinci Dünya müharibəsi zamanı Sovet hökuməti çeçenləri və inquşları nasist işğalçıları ilə əməkdaşlıqda günahlandırdı. Nasistlər neft ehtiyatları Fall Blaunun əsas məqsədi olan Azərbaycan SSR-ə çatmaq istəyirdilər. 25 avqust 1942-ci ildə təxribatçı Osman Qubenin rəhbərlik etidiyi bir qrup alman paraşütçü anti-sovet hərəkətləri təşkil etmək üçün Qalaşkinski rayonunun Berejki kəndi yaxınlığına gəldi. Ərazidə yalnız 13 nəfər almanlara kömək etməyə razı oldu.

Çeçen partizan müharibəsinin əsas dövrü Alman qoşunları İnquşetiyaya yaxınlaşdığı 1942-ci ilin avqust-sentyabr aylarında başladı və Sovet İttifaqının Vermaxtı Şimali Qafqazdan çıxardığı 1943-cü ilin yaz-payızında bitdi. SSRİ-də 20 milyona yaxın müsəlman var idi və Sovet hökuməti bir müsəlman üsyanının anidən Qafqazdan bütün Orta Asiyaya yayılacağından qorxurdu. 1942-ci ilin avqustunda Vermaxt Qaraçay-Çərkəz və Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikalarını ələ keçirərək Şimali Qafqaza daxil oldu. Bu da yerli əhali arasında anti-sovetçiliyi təşviq etdi. Ancaq nasistlər heç vaxt Qroznıya çatmadılar və Çeçen-İnquş MSSR-də yeganə işğal etdikləri şəhər rusların yaşadığı Malqobek idi.

Moşe Qammer, Ben Fovkes və Toni Vud da daxil olmaqla müxtəlif tarixçilər çeçenlərin almanlarla əlaqələrini təkzib edir, bəziləri nasistlərin Şimali Osetiyanın Mozdok şəhəri yaxınlığında, Çeçen-İnquş MSSR-nin şimal-qərb sərhədlərində dayandığını , Vaynax bölgəsinin əksəriyyətinin heç vaxt alman ordusu ilə birbaşa əlaqə yaratmadığını qeyd edir. Bu sərhədə yaxın olan almanlarla gizli danışıqlar aparılarkən, çeçen üsyançıları nə Berlinə, nə də Moskvaya tabe olacaqlarını deyirdilər. Şərifov Reyxin işğalındakı Şərq ərazilərinin nazirliyinə bildirmişdi ki, "Qafqazın azad edilməsi yalnız bir müstəmləkəçinin digərinə mübadiləsi deməkdirsə, qafqazlılar bunu milli azadlıq müharibəsində yalnız yeni bir mərhələ kimi hesab edəcəklər". 1942-ci ilin oktyabrında çeçenlər digər könüllülərə almanlara qarşı Qroznı ətrafında bir müdafiə səddini qurmağa kömək etdi. 1942-ci ilin dekabrından 1943-cü ilin martına qədər çeçenlər və inquşlar Sovet müdafiə müharibəsinə 12 milyon rubl yardım etdilər. 17.413 çeçen Qızıl Orduya qoşuldu və onlardan 44-ü orden və nişanlarla təltif edildi. 13.363 nəfər Çeçen-İnquş MSSR Xalq Milisinə qoşuldu, ərazini işğaldan qorumağa kömək etdi. Bütün bunların əksinə Babək Rızvani Aksis gücləri ilə 100-ə yaxın çeçenin əməkdaşlıq etdiyini iddia edir.

Deportasiya 300px|right|thumb|Çeçen və inquşların yenidən yerləşdirildiyi SSRİ əraziləri NKVD rəhbəri Lavrenti Beriyanın göstərişi ilə Çeçen-İnquş MSSR-nin bütün çeçen və inquş əhalisi Sovet İttifaqının ucqar ərazilərinə yük qatarları ilə deportasiya edilməli idi. Əməliyyat "Çeçevitsa" (Mərcimək Əməliyyatı) adlanırdı ki, əməliyyatın ilk iki hecası hədəf kimi kimlərin nəzərdə tutulduğunu göstərirdi. Əməliyyata çeçenlər tərəfindən daha çox "Aardax" (Sürgün) olaraq bilinir. Bu əməliyyat hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və planlaşdırılmışdır və Beriyanın ən etibarlı iki NKVD zabiti-İvan Serov və Boqdan Kobulov əməliyyatda aktiv iştirak etmişdir. Beriya "çeçenlər arasında əmək intizamının aşağı səviyyədə olması", "banditizm və terrorçuluğun yayılması", "çeçenlərin kommunist partiyasına qoşula bilməməsi" və "yerli inquşlardan çox dəstək aldığını deyən alman zabitinin etirafını" barədə Stalinə öz şikayətini bildirmişdi. Bundan sonra Beriya əməliyyatıhəyata keçirməyi əmr etdi. Çeçen-İnquş MSSR-də yerli hökumətin başçısı olan Supyan Kaqiroviç Mollayev bu qərarı eşidəndə göz yaşlarına saxlaya bilmədi, ancaq bir müddət sonra özünü ələ alaraq əmrləri həyata keçirməyə başladı. Çeçen-İnquş MSSR heç vaxt alman ordusuna kömək etməli olacaq qədər nasist ordusu tərəfindən işğal edilməmişdi, lakin repressiyaların səbəbi kimi "Sovet hakimiyyətinə qarşı silahlı müqavimət" göstərilmişdi. Vaynaxın nasistlərlə işbirliyi ittihamları heç bir Sovet məhkəməsində sübuta yetirilə bilmədi.

İkinci Dünya müharibəsi illərində 3.322.589 şəxs Stalinin deportasiya və məcburi məskunlaşma siyasətinin qurbanı olmuşdu. Bu siyasətə səbəb kimi "etnik gərginliyi ləğv etmək", "siyasi vəziyyəti sabitləşdirmək" və ya "insanları Sovet hakimiyyətinə qarşı hərəkətə görə cəzalandırmaq" göstərilmişdir. 1939-cu il siyahıyaalınmasına görə Sovet İttifaqında 407,690 çeçen və 92.074 inquş yaşayırdı. Mərcimək əməliyyatı13 oktyabr 1943-cü ildə yüz minə yaxın qoşun və əməliyyat işçisinin Çeçen-İnquşetiyaya guya yollar və körpülər düzəltmək üçün köçürülməsiylə başladı. Çeçenlər, hətta, qonaq hesab etdikləri bu əsgərləri 1 ay öz evlərində qonaq etmişdilər. 20 fevral 1944-cü ildə Beriya əməliyyata nəzarət etmək üçün Qroznıya gəldi.

23 fevral 1944-cü ildə (Qızıl Ordu günündə) əməliyyat başladı. NKVD qoşunları insanları toplamaq üçün sistemli şəkildə ev-ev gəzirdilər. Sakinlər köhnə və təmir edilməmiş yük maşınlarına yığılmadan əvvəl, Studebaker US6 yük maşınlarında doldurularaq saxlanılmışdılar. İnsanlara bu ani köçürülmədə əşyalarını toplamaq üçün yalnız 15–30 dəqiqə vaxt verildi. 3 mart 1944-cü il tarixli bir yazışmaya görə bu əməliyyatı həyata keçirmək üçün SSRİ-nin hər yerindən ən azı 19000 zabit və 100.000 NKVD əsgəri göndərilmişdi. 500-ə yaxın adam çeçen və ya inquş olmamasına baxmayaraq, səhvən deportasiya edildi. Plana görə ilk üç gün ərzində 300.000 insanın dağlıq ərazidən çıxarılması nəzərdə tutulurdu, sonrakı günlərdə dağlıq bölgələrdə yaşayan qalan 150.000 nəfərin sırayla köçürüləcəyi bildirilirdi.

Çox vaxt müqavimətlərə yerində qırğınlarla cavab verilirdi. Xaybax kəndində 700-ə yaxın adam bir anbarda kilidləndi və Beriyanın təriflədiyi və medal vəd etdiyi NKVD generalı Mixail Qveşiani tərəfindən öldürüldü. Beriyanın verdiyi qərara əsasən, ucqar dağ kəndlərində yaşayan çeçen və inquşlar belə bir "səyahət" üçün uyğun deyildilərsə, yerindəcə öldürülürdü. Bu o demək idi ki, yaşlılar və xəstələr ya güllələnməli, ya da yataqlarında aclığa məhkum ediməliydilər. Əsgərlər bəzən gördükləri boş evləri talan edərdilər. Hadisə şahidlərindən biri NKVD qüvvələrinin törətdiyi vəhşilikləri haqda bunları deyirdi:

"Arxada heç kim qalmadığından əmin olmaq üçün daxmaları güllə yağışına tutdular. Evə girən əsgər əyilmək istəmədi. Zirzəmini bütünlükdə atəşə tutdu. Buradakı skamyaların birisinin arxasından gizlənən uşağın qanı axmağa başladı. Ana qışqıraraq özünü əsgərə tərəf atdı. Əsgər onu da vurdu. Qatarlarda kifayət qədər yer olmadığı üçün geri qalanlar da vuruldu. Cəsədlər başdansovdu bir şəkildə torpaq və qumla örtülmüşdü. Güllələnmələr də çox hədəfsiz alınmışdı; bir müddət sonra insanlar qurd kimi torpaqdan çıxmağa başladılar. NKVD milisləri bütün gecə torpağı yenidən atəşə tutdular."

Müqavimət göstərən, etiraz edən və ya çox yavaş gedənlər yerindəcə güllələnirdi. Bir hadisədə NKVD əsgərləri yüksək dağ olan Moystiyə qalxdı və orada 60 kəndli tapdı. Komandiri əsgərlərə kəndliləri güllələməyi əmr etsə də, onlara havaya atəş açdılar. Komandir daha sonra əsgərlərin yarısını kəndlilərə qoşulmağı əmr etdi və başqa bir dəstə onların hamısını vurdu. Əməliyyatda 2016 sovet əleyhdarı tutuldu, 20.072 silah müsadirə edildi.

200px|left|thumb|Deportasiya üçün istifadə edilən yükdaşıma qatarları