Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsi və Yeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığı və İtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə.
Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər.
Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.
İstinadlar
Kateqoriya:Avstriyanın müharibələri Kateqoriya:Prussiyanın müharibələri Kateqoriya:İtaliyanın müharibələri Kateqoriya:Almaniya tarixi Kateqoriya:Bavariya tarixi