Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri.
"Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır.
Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Konsert əsərinin obraz məzmunu geniş və çoxtərəflidir. Burada xalq bayramı şənliyi, dərin düşüncələr və peyzaj assosiasiyaları özünü göstərir. Konsert əsərindəki hər bir obrazın emosional aydınlığı, konkretliyi onun dəqiq tematizmi ilə müəyyən edilir. Mövzuların aydın quruluşu, melodik görünüşü, struktur sadəliyi konsert əsərinin mənimsənilməsini asanlaşdırır.
Əsər ilk dəfə 1964-cü ilin mart ayında Moskvada Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestrində səslənmişdir.
Tarixi thumb|left|200px|"Böyük simfonik orkestr üçün konsert" əsərinin müəllifi SSRİ Xalq Artisti, bəstəkar Soltan Hacıbəyov.
"Böyük simfonik orkestr üçün konsert" əsəri 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən yaradılmışdır. Bəstəkar konsert əsərindən əvvəl simfonik mövzuda "Karvan" simfonik lövhəsini, Birinci və İkinci simfoniyalarını, "Simfonik orkestr üçün üvertura" kimi əsərləri yaratmışdır. Konsert əsəri bəstəkarın simfoniya janrında yazdığı sonuncu kompozisiya əsəri idi. Bəstəkarın bu əsərində kəskin təzadlar, fəal və müasir musiqi quruluşu, qeyri-adi və parlaq koloritli orkestrovka hiss olunurdu.
"Böyük simfonik orkestr üçün konsert" əsəri təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır.
Konsert əsərinin ideya-dramaturji məzmununun yeniliyi təsviri və psixoloji, obyektiv və subyektiv planlı obrazların uzlaşmasından ibarətdir. Soltan Hacıbəyovun konsert əsərinə qədərki yaradıcılığı ilə müqayisədə yenilik əsərin bütün musiqi quruluşunda tematizmin lakonikliyi, tezisliyi, musiqi komponentlərinin əlaqəsi, kompozisiyanın üslub bütövlüyünü şərtləndirən tembr-harmoniya, tembr-ritm fenomeninin yaranmasında özünü göstərir.
Konsert əsərində yeni bədii səviyyədə xalq musiqisinin qanuna uyğunluqları öz əksini tapır. Bəstəkar folklor musiqisindən onun intonasiya-ritm sistemini və janr-obraz strukturunu geniş surətdə mənimsəmişdir. Janr-məişət mövzularında folklorun lad-intonasiya xüsusiyyətləri mürəkkəb harmonik quruluş sayəsində gərginləşir.
Əsərdə səslərin kəskin paralelizmindən, çarpazlaşmalarından istifadə edilib. Bəstəkar əsərdə tez-tez melodiya və harmoniyanın funksional çalarların üst üstə düşməsi üsulundan istifadə edir. Nəticədə, ənənəvi melodiya ibarələri çox vaxt qeyri-adi səslənir (birinci bölmədə rəqs mövzusu). Xüsusilə əsərin səs mahiyyətinin intonasiya məharəti ilə orkestrləşməsi yüksək səviyyədədir. Bəstəkar tembrlərin, rəng çalarlarının seçimində yaradıcılıq nümayiş etdirmiş, musiqi alətlərini konsert-solo tərzində təfsir etməyə nail olmuşdur.
Qədim konsert janrı Soltan Hacıbəyov tərəfindən yeni milli əsasda nümayiş edilmişdir. Azərbaycanda bundan əvvəl bu cür təcrübə bəstəkar Əşrəf Abbasovun 1955-ci ildə yazdığı "Konsertino" əsərində öz əksini tapmışdı.
Aidə Tağızadə qeyd edir ki, "Soltan Hacıbəyovun "Böyük simfonik orkestr üçün konsert" əsərində bəstəkarın bədii görüşləri prizmasından "köhnə" və "yeni"nin orijinal surətdə qovuşması meyllərini özündə əks etdirən müasir musiqi klassikasının nailiyyətləri mənimsədilmişdir. Nəticədə milli mənbələrlə sıx əlaqəli olan və müasir musiqi dilinin səciyyəsinə cavab verən bənzərsiz əsər yaradılmışdır."
Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Bölmələr Birinci bölmə Konsert əsərinin birinci bölməsinin musiqisi ciddi, fəal hərəkətli olub, orkestr musiqilərinin zənginliyi ilə açılır. Bu bölmənin musiqiləri yüngül səslənmə ilə dinləyicidə bayram hissləri, şən əhval ruhiyyə yaradır. Birinci bölmədə musiqinin inkişafı, kütləvi bayram şənliklərinin parlaq mənzərəsi müəyyən dərəcədə kinosüjetin dinamikası ilə müqayisə oluna bilər. Filmdə kadrlar surətlə dəyişdiyi kimi, burada da müxtəlif musiqi epizodları bir-birini əvəz edir.
Giriş hissə yalnız birinci bölmənin deyil, bütünlüklə əsərin tematik konspekt qismində çıxış edir. Giriş hissə biri digərindən tersiya məsafəsindən geri qalan iki akkordla başlayır. Onları valtornanın xromotizasiyalı fiqurasiyası əvəz edir. Daha sonra fleytaların ifasında rəqs motivi ona qoşulur. Səslərin sürətli axınını saxlayan qəfil pauzalar, registrlərin tez-tez dəyişməsi, melodik xəttin yüksəlik və enişləri, ayrı-ayrı alətlərin şəffaf solo ifası ilə dolğun səslənmənin bütün heyətin ifası ilə bir birini əvəzləməsi bütün bunlar bayram əhval ruhiyyəsi yaradır. Bölmənin birinci mövzusunun fleytanın ifasında səslənən axırıncı rəqs melodiyasının sonrakı ifadəsinə fleyta pikkolonun kəskin frazaları, faqot və trubaların replikaları müdaxilə olunur: sanki ümumi bayram şənliyində ara-sıra karnaval maskaları görünür. Bu replikalarda rəqs mövzusu bir qədər gərgin səslənmə kəsb edir, onun ümumi axarı bu tenor müdaxilələri ilə pozulur, bu, musiqini mikrotəzadların iştirakı ilə zənginləşdirir.
Rəqs mövzusu ikinci mövzunun başlanmasından xəbər verən fleytaların kəskin ritmli motivi ilə əvəzlənir. Bu motiv ağac nəfəsli alətlərin və orkestrin simli alətlər qrupunun xromativ passajlarının səslənməsi ilə açır. Daha sonra yenidən güclənmə ilə səslənir. Bir qədər sonra ikinci mövzunun ritmik motivi artıq müstəqil mövzu-obraz əhəmiyyəti kəsb edərək, birinci mövzu ilə oxşar olur. Simlilər qrupunun ifasında səslənən melodiya rəqs quruluşludur, lakin birinci mövzunun lirikasına əks olaraq, mərd, coşqun əhvali-ruhiyyəyə malikdir. Melodiyanın və kvartakvinta xarakterli harmonik müşaiyətin bir-birindən aydın şəkildə bölgüsü və eyni zamanda, onların üzvi əlaqəsi ikinci mövzunu aşıq musiqisinə yaxınlaşdırır.
Gözlənilmədən mövzunun ifası simlilərin qlissandosu ilə kəsilir bu, artıq işlənmə bölməsinə dönüşür. Bu bölmə dolğunluğu və fasiləsiz inkişaf prosesi, kiçik və böyük dinamik dalğaların hərəkəti ilə diqqəti cəlb edir. Burada tematik müəyyənlik yoxdur, halbuki ekspozisiyanın digər intonasiya üsulları, ritmik elementləri burada da təkrarlanır. Orkestr fakturasının müxtəlif xətlərinin daxili fəaliyyəti ilə yaradılan ümumiləşmiş səs təbəqələri böyük rol oynayır. Bunun nəticəsində də işlənmə bölməsində fasiləsiz ritmik hərəkət meydana gəlir.
İşlənmə bölməsinin birinci böyük dalğası "aşıqsayağı" mövzunun motivini ifa edən mis nəfəsli və simli alətlərin səsləşməsi üzərində qurulur. Xromatik qamma üzrə sekvensiyalı şəkildə yüksələn motiv getdikcə daha gərgin səslənir. İkinci böyük dalğa ksilofon, zərb aləti brusok və trubanın ifasında səslənən aşıqsayağı mövzunun ritmik fiquru ilə başlayır. Bu fiquru girişdəki tersiyalı motiv müşahidə edir.
Daha sonra faqotun ifası ilə yeni dinamik inkişaf dalğası başlayır, bu da gözlənilmədən xalq muğam improvizələri ruhunda klarnetin solo ifasının müdaxiləsi ilə kəsilir. Bütün bunlar müşayiətçi səslərin, xüsusən simlilərin burulğanlı fonunda baş verir. İşlənmə bölməsinin kulminasiyası üçüncü böyük dalğasında fleyta pikkolonun çox da böyük olmayan melodik gedişindən sonra, trubaların ifasında ilkin rəqs mövzusu dəyişilmiş şəkildə iki dəfə səslənir. Lakin mövzunun melodik şəklinin dəyişilməməsinə baxmayaraq, əvvəlki mövzuda olan sərbəstlik və sadəlik bu mövzuda yoxdur. İşlənmə bölməsinin atmosferinə daxil olmaqla, bu mövzu özü də dərinləşir. Bayram, təntənə obrazları başqa bir emosional çalarda geri qayıdır. Səs məkanının sıxlığı, təzadlı çoxplanlı faktura mövzusuna gərgin ekstatik xarakter verir. Simlilər qrupunun passajında, arfaların qlissandolarında, fleyta və klarnetlərin kəskin səslənən trellərində, faqot, mis nəfəsli və bas simli alətlərin hökmlü ritmlərində sona çatır.
Birinci bölmə aşıqsayağı mövzunun xarakter ritmik fiquru barabanın sədaları ilə də yekunlaşır.
İkinci bölmə Konsert əsərinin ikinci bölməsi faqotun ikisəsli partiyası ilə açılır. Birinci bölmənin sonundakı atmosferdən sonra ikinci bölmənin skertsoya bənzər musiqisi yarımçıq qalmış bayram şənliyini tamamlayır. Zərif, yaxşı təşkil olunmuş musiqi materialı parlaq səslənməsi ilə diqqəti cəlb edir, burada hər bir detal son dərəcə qabarıq təzahür edir. Skripkaların ifasında skertso mövzusu yumşaq yumorla əlaqələndirilir ki, bu da oyunun başlığını təcəssüm etdirir.
Arfaların qlissandoları, ağac nəfəsli alətlərin fiqurasiyaları mövzunu qabarıq nəzərə çarpdıran parlaq fon əmələ gətirir. Orta epizodda simli və ağac nəfəsli alətlər qrupunun səsləşməsindən istifadə olunur. Bu dialoq skripkaların mövzusundan ayrılmış üçsəsli motiv üzərində qurulur. O, yarımtonlar üzərində fəal şəkildə sekvensiyalarla yuxarı doğru yüksəlir.
Repriza bölməsində əvvəllərdə skripka vasitəsilə ifadə olunan mövzu trombon və trubalar arasında bölünür. Beləliklə, orta bölmənin orkestrovkasında geniş istifadə olunan qrupların səsləşməsi reprizada da mövzunun ifa olunması çərçivəsində özünü göstərir. İkinci bölmənin finalı effektli şəkildə yekunlaşır. Yüksək zirvədə gərgin xarakterli mövzu kəsilir, müşayiətedici melodik xətlərdən ibarət sıx toxunuşlu fon zərb alətlərinin solo ifasında açılır. Bundan sonra yenidən aşıq mövzusuna xas olan ritmik fiqur verilərək həmin bölməni əhatə edir.
Üçüncü bölmə