Məhəmməd şah Qacar (Məhəmməd Mirzə Abbas Mirzə oğlu; ) — 1834–1848-ci illərdə Qacar dövlətinin üçüncü şahı. Taxtı babası Fətəli şahdan miras alan Məhəmməd Mirzə gənc yaşlarından Təbrizli yerli dərviş Hacı Mirzə Ağasinin himayəsində böyümüş və onun təlimləri sonralar şahzadənin "sufi-şah" kimi formalaşmasına təsir göstərmişdi. Atası Abbas Mirzə 1833-cü ildə vəfat etdikdən sonra Məhəmməd Mirzə Qacar dövlətinin vəliəhdi elan edildi və Azərbaycanın valisi təyin olundu. 1834-cü ildə Fətəli şahın ölümündən sonra onun bir neçə oğlu – o cümlədən Hüseynəli Mirzə və Əli Mirzə Zill əs-Soltan – taxta iddia etsələr də, Məhəmməd Mirzə qısa müddətdə bu üsyanları yatıraraq hakimiyyətini möhkəmləndirdi.

Hakimiyyətə gəldikdən sonra Məhəmməd şah öz vəziri Mirzə Əbülqasim Fərəhanini vəzifədən uzaqlaşdıraraq edam etdirdi və yaxın adamı Hacı Mirzə Ağasını sədrəzəm təyin etdi. Yeni şahın əsas siyasi məqsədi üsyankar Herat şəhərində Qacar hakimiyyətini bərpa etmək idi. 1837-ci ildə Herata yürüş edərək şəhəri uzun, lakin nəticəsiz qalan bir mühasirəyə aldı. Britaniya hökumətinin ölkəni işğal etməklə hədələməsi mühasirənin geri çəkilməsi ilə nəticələndi. Dönüş yolu ilə Məhəmməd şah İsfahanda böyük din xadimi Məhəmməd Bağır Şəftinin rəhbərlik etdiyi üsyanı da yatırdı. Britaniya və Rusiyanın vasitəçiliyi ilə, Bağdad valisinin Xürrəmşəhrə hücumuna qarşılıq vermək niyyətinə baxmayaraq, Osmanlı İmperiyası ilə İkinci Ərzurum Müqaviləsi bağlandı.

Britaniyanın təzyiqi altında Məhəmməd şah Fars körfəzi üzərindən aparılan qul ticarətini qadağan etməyə razı oldu, lakin ölkə daxilində qulların saxlanılması və alqı-satqısı davam etməkdə idi. Bab (Bábizm) hərəkatının yüksəlişi dövründə isə şiə ruhanilərinin verdiyi fatvalara rəğmən, o, babların təqib edilməsinə icazə vermədi. Onun hakimiyyəti zamanı Qacar dövləti ilə Fransa arasında diplomatik münasibətlər də yenidən aktivləşdi. şah ömrü boyu podaqradan əziyyət çəkmiş və bu xəstəlik onun idarəçiliyinə ciddi təsir göstərmişdi. Ömrünün son illərində səhhəti daha da ağırlaşaraq 4 sentyabr 1848-ci ildə, podaqra və erizipel xəstəliyinin ağırlaşmaları nəticəsində, 40 yaşında vəfat etdi. O, Qum şəhərindəki Fatimeyi-Məsumə türbəsində dəfn olundu və taxtı oğlu Nəsirəddin şaha keçdi.

Məhəmməd şah idarəçi kimi geniş rəğbət qazanmadı. O, Ağasinin təsiri altında olan fiqur-şah kimi qiymətləndirilirdi. Şah həm Ağasiyə, həm də onun sufilik təlimlərinə dərin sədaqət göstərir, dini rəhbərlik mənbəyi kimi marceyi-təqlid əvəzinə mistik ayinlərdən ruhani istiqamət almağa üstünlük verirdi. Bu səbəbdən, alimlər (üləma) onun hakimiyyətinin ən ciddi müxalif qüvvəsinə çevrilmiş, legitimliyinə və siyasi nüfuzuna ardıcıl şəkildə meydan oxumuşdular. Məhəmməd şah Qacar bürokratiyasını genişləndirərək Ağasinin sufi çevrəsinə məxsus şəxslərlə doldurdu və bununla korrupsiyaya uğramış idarəetmə sistemi formalaşdırdı; bu sistemin daha da dərinləşməsi növbəti hökmdar Nəsirəddin şahın dövründə baş verdi. Məhəmməd şah xarici müharibədə şəxsən döyüşən son Qacar hökmdarı olmuş və həm Qacar–Rusiya müharibəsindəki fəaliyyəti, həm də İsfahan üsyanının yatırılmasına görə "Qazi" (İslamın döyüşçüsü) titulunu daşıyan son şah kimi tarixə düşmüşdür.

Arxaplan 1795-ci ildə Rusiya imperiyası Qafqaza hücum etdi. Həmin dövrdə Qacar sülaləsinin banisi Ağa Məhəmməd şah dövlətin şərq əyalətlərini yenidən öz hakimiyyəti altına almaqla məşğul idi. Bu səbəbdən Ağa Məhəmməd şah şərqdə, o cümlədən Heratda hakimiyyətini möhkəmləndirmədən ordusunu geri çəkərək Qafqaza doğru hərəkət etməyə məcbur oldu. Lakin o Qafqaza çatmamış rus ordusu geri çəkildi və Ağa Məhəmməd şah 1797-ci ildə Şuşada sui-qəsd nəticəsində öldürüldü. Onun hakimiyyəti Böyük Xorasanın ən uzaq şərq bölgələrinə heç vaxt çatmadı. Ağa Məhəmməd şahın yerinə qardaşı oğlu Fətəli şah keçdi. Fətəli şahın hakimiyyəti dövründə Qacar dövləti ilə Rusiya arasında gərginlik artdı və nəticədə qacarların mərhələlərlə məğlub olduğu iki tammiqyaslı müharibəyə çevrildi. Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Qacar dövlətinin geniş əraziləri Rusiya imperiyasına güzəştə gedildi və qacarlar çoxsaylı imtiyazlar verməyə məcbur edildi. Bu müharibələr Qacar dövlətinin beynəlxalq aləmdəki nüfuzunu zədələdi və dövləti sərhədləri qeyri-sabit olan zəif siyasi qurum kimi tanıtdı.

Avropada Britaniya imperiyası meydana çıxmış, Hindistanda hökmranlıq qurmuş və Qacar dövlətini Rusiyanın bölgəyə çıxış əldə etməsinin qarşısını alan mühüm bir sədd kimi görürdü. Digər tərəfdən, Rusiya imperiyasının cənubdakı açıq sulara çıxmaq məqsədilə Qacar dövləti üzərində hakimiyyətini genişləndirmək istədiyi də yaxşı bilinirdi. Buna görə də Fətəli şah dövründə Qacarların siyasi səhnəsi Rusiya və Britaniya arasında müxtəlif imtiyazlar qazanmaq və siyasi təsir dairəsini genişləndirmək uğrunda rəqabət meydanına çevrildi.

Qacarlarla Rusiya arasındakı iki müharibə arasında olan illərdə, 1821-ci ildə Qacar dövləti ilə Osmanlı imperiyası arasında münaqişə baş verdi. Bu müharibə qacarların hərbi qələbəsi və 1823-cü ildə Birinci Ərzurum Müqaviləsinin bağlanması ilə nəticələndi. Lakin bu müqavilə iki dövlət arasındakı əsas ziddiyyətləri, xüsusilə də sərhədlərin qeyri-müəyyənliyini aradan qaldırmadı. Bundan başqa, şiə ziyarətgahlarına gedən qacar zəvvarların osmanlılar tərəfindən təqib edilməsi, habelə sərhəd tayfalarının vətəndaşlığı kimi problemlər də qalmaqda idi. Digər mübahisəli məsələ isə Xürrəmşəhr və Bəsrə arasındakı ticarət rəqabəti idi.

Hakimiyyətinin əvvəlindən etibarən Fətəli şah özünü qacar ruhanilərinin (şiə üləması) gözündə dindar hökmdar kimi təqdim etməyə çalışırdı və hətta öz hakimiyyətini ruhanilər adından həyata keçirilən bir növ "nümayəndəlik" kimi elan edəcək qədər irəli getmişdi. Onun dövründə İsfahan yenidən Qacar dövlətinin dini paytaxtı obrazını almış və dövlət şiə ruhanilərinə dini azlıqları təqib etmək üçün tam azadlıq vermişdi. Bu təqiblərdən ən çox sufilər əziyyət çəkirdilər. Fətəli şah şəxsən onların təqibinə rəhbərlik edir, məsələn, Təbrizdə sufi öndərlərinin "boğulması" barədə göstəriş verirdi.

Həyatı alt=İki kişinin portreti; sağda taxtabənzər yerdə oturan taclı, saqqallı hökmdar, solda isə ayaqda dayanan gənc şahzadə; hər ikisi zərif saray libasları geyinmişdir|thumb|Fətəli şah (sağda) və Məhəmməd Mirzə. müəllifi Mehrəli, təqribən 1820. Məhəmməd Mirzə 5 yanvar 1808-ci ildə Təbrizdə anadan olmuşdur. O, vəliəhd şahzadə Abbas Mirzənin və Mirzə Məhəmməd xan Qacarın qızı olan Gəlin xanımın böyük oğlu idi. Uşaqlığı və gəncliyi dövründə Məhəmməd Mirzə "sakit" və "çəkingən" bir uşaq kimi tanınırdı və gözəçarpan siyasi iddiaları yox idi. O, Təbrizdə ənənəvi şahzadə təhsilini tamamlamış, həmçinin mahir xəttat və rəssam olmuşdu. Rəssamlığı isə şotland rəssamı Robert Ker Porterdən öyrənmişdi. Lakin onun bilik səviyyəsi qardaşları ilə müqayisədə məhdud idi; xüsusilə də yazı və digər "elmlər sahələrində" seçilən Cahangir Mirzə və Fərhad Mirzə ilə. Onun həyatında dönüş nöqtəsi atasının ailəsinə yerli dərviş Hacı Mirzə Ağasinin gəlişi oldu. Abbas Mirzənin əmri ilə Hacı Mirzə Ağasi Məhəmmədin baş müəllimi təyin edildi və Məhəmməd tezliklə onun sufı təlimlərinin ardıcılına çevrildi. Məhəmmədin digər müəllimlərindən biri olan Mirzə Əbülqasim Fərəhani onun Ağasidən dərs almasına mane olmağa çalışsa da, Ağasinin Məhəmmədə təsiri daha da artdı.

Məhəmməd Mirzə 12 yaşında olarkən, Fətəli şah onu Davalu qolunun nüfuzlu nümayəndəsi Məhəmməd Qasım xan Zahirəddövlənin qızı Mələkcahan xanımla evləndirmək üçün Tehrana çağırdı. Məqsəd, hökmdar ailəsi ilə Davalu Qacarlarının bu yan qolu arasında həmrəyliyi möhkəmləndirmək idi. Toy 1819-cu ilin sentyabrında baş tutdu və sevgi üzərində qurulmamışdı. Körpələrinin ard-arda vəfat etməsi Məhəmməd Mirzənin Mələkcahan xanıma münasibətinin pisləşməsinə səbəb oldu. Onların övladlarından yalnız sonradan Qacar dövlətinin vəliəhdi və sonra da şahı olan Nəsirəddin Mirzə və Əzzətüddövlə—sonradan Nəsirəddin şahın baş vəziri olmuş Əmir Kəbir ilə evləndi—yetkinlik yaşına çatdı.

Hərbi fəaliyyəti alt=Farsca mətni olan bir səhifə|thumb|1827-ci ilin iyun–iyul aylarına aid Məhəmməd Mirzənin əmisi Allahyar xan (Asəf əl-Dövlə) adına göndərdiyi məktub. Məktubda o, Qarabağ ətrafındakı vəziyyət barədə məlumat verir və sərhədi ruslardan qorumaq üçün əlavə qoşun istəyir. İkinci Rusiya–Qacar müharibəsi şiə din xadimləri tərəfindən elan olunmuş cihad ilə başladı. Müharibə zamanı Abbas Mirzə Məhəmməd Mirzəni Xocəvəndi və Əbdül Məliki tayfalarından ibarət ordu ilə Gəncə qalasını qorumaq üçün göndərdi. Orada, Abbas Mirzənin ana tərəfdən əmisi olan Əmir xan Sərdarın komandanlığı altında Məhəmməd Mirzə rus qoşunlarına hücum etdi. Döyüş nəticəsində Əmir xan həlak oldu, Məhəmməd Mirzə isə ağır məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur qaldı; bununla belə, o, müharibədə göstərdiyi səylərə görə təriflənmiş və "Qazi" (İslamın döyüşçüsü) ləqəbi almışdı.

Müharibədən sonra Fətəli şah Abbas Mirzəni Xorasanın idarəsinə və həmin regionun təhlükəsizliyini təmin etməyə təyin etdi, çünki bu ərazi əvvəlcə Qacar dövləti tərəfindən Herat valisi təyin edilmiş, lakin sonradan özünü "şah" adlandıran şahzadə Kamranın daimi hücumlarına məruz qalırdı. Məhəmməd Mirzə də atasının bu səfərində onu müşayiət edirdi. Yürüşlərin birində Məhəmməd Mirzə Mərkəzi Asiyanın sünni tayfaları tərəfindən əsir götürülmüş təxminən 20.000 qacarı azad etdi. Bu qələbənin şərəfinə o, yeni doğulmuş oğluna "Nəsirəddin" ("din müdafiəçisi") adını verdi.

Abbas Mirzə Xorasanı iki il ərzində üsyankar xanlardan təmizlədi. Xivə və Herat bu üsyanları dəstəkləyir və yardım vəd edirdi, lakin Məhəmməd Mirzənin qələbələri onları çəkindirdi. 1832-ci ildə Abbas Mirzə Herat hökmdarı Kamran şaha xərac verməyi əmr etdi, lakin Kamran bunun əvəzinə öz vəziri Yar Məhəmməd xanı göndərdi. Bu davranışı təhqir kimi qiymətləndirən Abbas Mirzə Məhəmməd Mirzəni ordu ilə Herata göndərdi. Məhəmməd Mirzə birbaşa Herata doğru irəlilədi və mühafizə üçün hazırlıq gördü. Bu vaxt Abbas Mirzə əlavə qüvvələrlə yola çıxmışdı ki, qəfil olaraq Məşhəddə vəfat etdi.

Xəbəri eşidən Məhəmməd Mirzə və mühasirənin əsas rəhbərlərindən biri olan Əbülqasım Qaem Maqam Kamranla danışıqlara başlamağa məcbur oldu. Razılığa görə Kamran qacarların suverenliyini qəbul etməli, 15.000 tümən qızıl və əlli Kəşmir şalı ödəməli, həmçinin müharibə zamanı əsir götürülmüş qacar əsirlərini azad etməli idi. Məhəmməd Mirzə qardaşı Qəhrəman Mirzəni Xorasanın valisi təyin etdi və Mirzə Əbülqasim Fərəhani ilə birlikdə vəliəhdlik iddiasını irəli sürmək üçün Tehrana yola düşdü.

Taxta çıxması alt=|thumb|348x348px|1835-ci ilə aid Məhəmməd şah Qacarın tacqoyma mərasiminin təsvir olunduğu rəsm 1834-cü ilin Novruzunda Məhəmməd Mirzə vəliəhd təyin edildi və atasının əvvəlki vəzifəsi olan Azərbaycanın idarəsini üzərinə götürərək Tehrandan Təbrizə yola düşdü. Vəliəhd olduğu dövrdə Məhəmməd Mirzə tamamilə Mirzə Əbülqasim Fərəhaninin təsiri altında idi. Onun əmri ilə Məhəmməd Mirzə qardaşları – Cahangir Mirzə, Xosrov Mirzə daxil olmaqla – dörd şahzadəni Həmədanda həbs etdirdi və daha sonra onların taxta iddialarını aradan qaldırmaq üçün gözlərini çıxartdırdı.

Məhəmməd Mirzənin vəliəhd təyin edilməsi Fətəli şahın beşinci oğlu, Fars valisi Hüseynəli Mirzəni qəzəbləndirdi. O, bu təyinatın onun hüquqlarını əlindən aldığını düşünür, həmçinin bunu Rusiya tələblərinə boyun əymək kimi qiymətləndirirdi.

1834-cü ilin oktyabrında Fətəli şah Hüseynəli Mirzədən 200.000 tümənlik vergi borcunu toplamaq məqsədilə Farsa yollandı, lakin səfər zamanı İsfahanda vəfat etdi. Məsələdən xəbərdar etmək üçün dərhal elçilər Təbrizə göndərildi, amma şahın ölümü gizli saxlanıldı. Cənazəsi Fatimeyi-Məsumə ziyarətgahına aparıldıqdan sonra ölüm xəbəri rəsmi şəkildə elan edildi. Gözlənildiyi kimi, onun ölümü ölkə boyunca üsyanların baş qaldırmasına səbəb oldu və şahzadələrdən bəziləri – o cümlədən Şirazda Hüseynəli Mirzə və Tehranda Əli Mirzə Zill əs-Səltənə – özlərini şah elan etdilər.