Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır.

Tarixi Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir.

Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir.

Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir:

Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır.

Abidələri

Mamakan xatun kilsəsi

Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır. Yaxşı yonulmuş bazalt daşlarından inşa edilmiş kilsənin cənub divarına bitişik kiçik ölçülü, iki mərtəbəli sovməə də bazalt daşlardan inşa edilmişdir.

Planda düzbucaqlı formaya malik olan bu kilsə tağtavanlı damla örtülmüşdür. Vaçar kilsəsi iki inşaat kitabəsinə malikdir: onlardan biri portalın timpanında, digəri isə qərb fasadında yerləşir.

Xaçın knyaginyası Mamakanın sifarişi ilə inşa edilmiş birnefli kilsə planda düzbucaqlı formaya malik olmaqla tağtavanla örtülmüşdür. Bazilika formasına malik olan kilsənin ibadət zalı və altarı eyni hündürlükdədir. Kilsənin yeganə girişi qərb divarında yerləşir.

Müqəddəs Stepanos kilsəsi

Vaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.

Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Qafqaz Albaniyasının yaşayış məntəqələri Kateqoriya:Xaçın knyazlığı Kateqoriya:Ağdərə rayonunun abidələri Kateqoriya:XIII əsrə aid kilsələr Kateqoriya:Azərbaycan arxeologiyası Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Azərbaycandakı xarabalıqlar