Həmid Cavanşir oğlu Abbasbəyli () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu, Qırmızı Bazar uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Həmid Cavanşir oğlu Abbasbəyli 1991-ci il, noyabrın 17-də Bakı şəhərində anadan olub.

1998-ci ildə Famil İsgəndərov adına 157 saylı məktəbdə təhsil almağa başlamış, daha sonra 2006-cı ildə Şəki şəhər 18 nömrəli tam orta məktəbdən, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub.

2009–2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 27 iyun 2013-cü il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 27 yanvar 2017-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il ərzində motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 19-da Xovavənd rayonu, Qırmızı Bazar ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar