Zaur Mübariz oğlu Ələsgərli () — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il, martın 5-də Sumqayıt şəhərində anadan olub.

2012-ci ildə Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdən məzun olub.

2013-cü ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013–2014-cü illərdə N saylı hərbi hissədə xidmət edib.

Ehtiyata buraxıldıqdan sonra, 18 iyun 2016-cı ildən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq mühafizə taqımının manqa komandiri vəzifəsində xidmət edib.

2018-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun müvafiq əmrinə əsasən "gizir" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində mühafizə taqımının manqa komandiri, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 31-də Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Ayxan və Ayaz adında 2 oğlu var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar