Vüsal Qüdrət oğlu Məmmədov () — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Vüsal Qüdrət oğlu Məmmədov 1990-cı il, iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub.
2010-cu ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2010–2011-ci illərdə Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissədə xidmət edib.
2015-ci ildə hərbi hissənin nəzdində "Təməl Xüsusi Təyinatlı kursu"nu bitirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 17.08.2015-ci il tarixli əmri ilə "K/miçman", Hərbi Dəniz Qüvvələri Komandanının 05.10.2017-ci il tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində dəniz piyadası taqımının manqa komandiri, xüsusi təyinatlı qrupun dalğıcı-kəşfiyyatçı vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 12-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Hüseyn adında bir oğlu var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar