Elnur Elsevər oğlu Zeynalov () — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Elnur Elsevər oğlu Zeynalov 1994-cü il, iyulun 28-də Naxçıvan şəhərində anadan olub.
2011-ci ildə Heydər Əliyev adına hərbi liseydən məzun olub.
2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26 iyun 2015-ci il tarixli əmri ilə "leytenant", Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 26 iyun 2018-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində kəşfiyyat qrupunun komandiri, xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri, xüsusi təyinatlı qrup komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 31-də Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Naxçıvan Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar