İlham Pirməmmədov — riyaziyyat üzrə elmlər doktoru (2010), professor, Əməkdar müəllim (2005).
Həyatı İlham Teymur oğlu Pirməmmədov 1 iyul 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir.
Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında Nəzəri mexanika kafedrasında "Deformasiya olunan bərk cismlər mexanikası" ixtisası üzrə təhsil almışdır. 1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır.
1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "Ali Təhsil müəssisələrinin rektorlar Şurası"nda məsul katib vəzifəsini icra etmişdir.
İlham Pirməmmədov 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Rəhbərlik yanında aparat"ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur. 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və Pirməmmədov həmin vəzifəni icra etmişdir. 1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.
1998-2013-cü illər Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
Akademik fəaliyyəti İlham Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.
Mükafatları İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 2015-ci ilin aprel ayında Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür.
Ailəsi Ailəlidir, iki övladı var.
İstinadlar
Xarici keçidlər
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun 68 yaşı tamam olur.