Con Byufort (; ) — İngilis-fransız əsilzadəsi və siyasətçisi, Somerset erli.

Həyatı Təxminən 1373-cü ildə atasının atasının Fransadakı mülklərindən olan Byufort qalasında dünyaya gəldi. Atası İngiltərə kralı III Eduardın oğlu Gentli Con, anası isə onun məşuqələrindən Yekaterina Svinforddur. Doğulduğu əsnada atası Kastiliya və Leon kralı I Pedronun qızı Konstansa ilə evli olsa da, azyaşlı uşaqlarının dayəsi Yekaterina Svinfordla eşq yaşamaqda idi. Con Byufort cütlüyün doğulan 4 övladından yaşca ən böyüyü idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq aldı. Özündən sonra doğulan bacı və qardaşları da bu soyadı aldılar və birlikdə Byufort uşaqları olaraq anılmağa başladılar.

Haqqındakı ilk məlumat 1390-cı ilə aiddir. Həmin ilin yay aylarında Burbon hersoqu II Lüdovikin liderliyində şimali Afrikadakı bərbər tayfaları üzərinə tərtiblənən səlib yürüşündə iştirak etdi. 1394-cü ildə Tevton cəngavərləriylə birlikdə Litvada xidmət etdi.

Byufort uşaqlarının parlament tərəfindən qanuni övlad statusu almasından bir neçə gün sonra, yaşca ən böyük oğul olaraq 10 fevral 1397-ci ildə Somerset erli ünvanı aldı. Həmin ay İrlandiya donanmasının admiralı və Dover qalasının qoruyucusu təyin olundu. Həmin il əmisi oğlu II Riçardın parlament üzvlərinə qarşı yürütdüyü siyasəti dəstəklədi və mükafat olaraq 29 sentyabr 1397-ci ildə Somerset markizi ünvanı alaraq Bant ordeni aldı.

Ancaq əmisi oğlu II Riçardın 1399-cu ildə taxtdan endirilməsi və ögey qardaşı Henri Helinbrukun taxta çıxmasının ardından aldığı bu ünvanlar əlindən alındı. Sadəcə Somerset erli ünvanını əlində saxlaya bildi. Buna baxmayaraq IV Henrinin səltənətində ona sadiq qalaraq bir çox hərbi və diplomatik vəzifələrdə xidmət etdi. 1404-cü ildə baş komandanlığa qədər yüksəldi.

16 mart 1410-cu ildə Londondakı Müqəddəs Katerina Xəstəxanasında vəfat etdi. Cənazəsi Kenterberi kafedralındakı Müqəddəs Mixail kilsəsinə dəfn olundu.

Ailəsi 27 sentyabr 1397-ci ildə Marqarit Hollandla evləndi. Seçilən gəlin namizədi İngiltərə kralı I Eduardın oğlu Edmond Vudstokun nəticəsi idi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.

Henri Byufort (1401-1418) Con Byufort (1404-1444) Coan Byufort (1404-1445) Tomas Byufort (1405-1431) Edmond Byufort (1406-1455) Marqarit Byufort (1409-1449)

Mənbə

Ədəbiyyat

Armitage-Smith, Sydney. John of Gaunt, King of Castile and Leon, Duke of Lancaster, &c.. Constable, 1904.

Jones, Michael K, and Malcolm G. Underwood, The King's Mother: Lady Margaret Beaufort, Countess of Richmond and Derby. Cambridge University Press, 1992. see especially pp. 17–22

İstinadlar