Nikolay Nəsib oğlu Nəsibov (; doğum adı: Qaraca; 15 dekabr 1929, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ — 31 dekabr 1996, Moskva, Rusiya) — sovet jokeyi və məşqçisi. Atçılıq idmanı tarixinin ən yaxşı jokeylərindən biri. Mərkəzi Moskva ippodromunun baş məşqçisi. SSRİ çempionu və rekordçusu. Həm idmançı, həm də məşqçi kimi Avropa mükafatının üçqat qalibi.

Həyatı Nikolay Nəsibov 15 dekabr 1929-cu ildə Marneuli rayonunda azərbaycanlı zəngin mülkədar ailəsində anadan olub. Dörd yaşında olarkən atası bolşeviklər tərəfindən qətlə yetirilir, bir il sonra isə anası vəfat edir.

1942-ci ildən atlarla məşğul olmağa başlayıb. 1944-cü ildən "Vos­xod" at zavodunun jo­keyi kimi çıxış etməyə başlamışdır. 1951-ci ildə ilk dəfə derbi qaçışında ümumittifaq mükafatının qalibi olub. 1950-ci illərin əvvəllərində, Hərbi Hava Qüvvələri komandasının heyətində çıxış edərkən, İosif Stalinin sərəncamı ilə leytenant rütbəsinə layiq görülmüşdür.

1965, 1966 və 1967-ci illərdə "Anilin" ləqəbli atı ilə Avropa mükafatının qalibi olub. Nəsibov Oslo Kuboku, Stokholm Kuboku və "Böyük Vaşinqton mükafatı" da daxil olmaqla bir çox beynəlxalq turnirlərin qalibidir.

1967-ci ildən məşqçilik fəaliyyətinə başlamışdır. Onun yetirmələri müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıblar.

Nikolay Nəsibov 31 dekabr 1996-cı ildə Moskva şəhərində vəfat edib.

Şəxsi həyatı Nikolay Nəsibovun oğlu Mixail Nəsibov (1953—2021) futbol üzrə Rusiya yığmasının və "MOİK Moskva" klubunun masajçısı olub.

Xatirəsi 2001-ci ildən etibarən Mərkəzi Moskva ippodromunda Nikolay Nəsibovun xatirəsinə həsr olunmuş ənənəvi "Nikolay Nəsibov Kuboku" keçirilir.

Mükafatları Dövlət mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni SSRİ XTNS-in qızıl medalı (10 dəfə)

Fəxri idman adları SSRİ idman ustası

İstinadlar

Xarici keçidlər Kdvorik.ru saytında profili Николай Насибов

Kateqoriya:Marneuli rayonunda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ idmançıları Kateqoriya:SSRİ idman məşqçiləri Kateqoriya:Gürcüstan azərbaycanlıları