Elnur Əşrəf oğlu Şükürov (), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı.

Həyatı

Erkən illəri Uşaqlığı Zəngilan rayonunda keçib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib.

Jurnalist fəaliyyəti 1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi çalışıb. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb. O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.

1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.

2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunub.

Jurnalistikadan kənar fəaliyyəti 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun sözçüsü və prezidentinin müşaviri vəzifələrini icra edib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olub.

Ölümü O, sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra Bakıda "Yeni Klinika"ya köçürülmüşdü. 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat edib.

O, oktyabrın 20-də Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.

Şəxsi həyatı "Liverpul" futbol klubunun azarkeşi idi. Dünyanın 102 ölkəsinə səfər edib.

Ailəli idi, iki övladı var.

İrsi 2021-ci il oktyabrın 21-də Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü tur oyunundan əvvəl anılıb. Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub. 2021-ci il oktyabrın 23-də "Neftçi" klubunun "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının səkkizinci tur oyunu jurnalistin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

2022-ci il iyunun 29-da Azərbaycan Minifutbol Federasiyası və "Azfar Group"un dəstəyilə Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyun keçirib.

2022-ci ildə haqqında "Elnur Əşrəfoğlu xatirələrdə" yazılıb.

İstinadlar

Xarici keçidlər

20px|link=YouTube İlkin Fikrətoğlu: Elnur Əşrəfoğlunun əziz xatirəsinə - VİDEOSÜJET

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Futbol şərhçiləri