Yevgeni Georgiyeviç Protokovets (; ) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1988–1989).
Həyatı Yevgeni Georgiyeviç Protokovets 1931-ci il avqustun 20-də anadan olmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Novosibirsk metallurgiya zavodunun texnoloqu kimi başlamışdır. 1957-ci ildə Ural Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmiş, texnika elmləri namizədi elmi dərəcəsini almışdır.
Təhsilini başa vurduqdan sonra Yevgeni Protokovets Novosibirsk elektrotermik avadanlıq zavodunda sex rəisinin müavini, sex rəisi, baş texnoloq, baş mühəndis işləmişdir. 1965-ci ildə o, Ümumittifaq Elektrotermik Avadanlıq Elmi-Tədqiqat, Layihə-Konstruktor və Texnologiya İnstitutu xüsusi konstruktor bürosunun Bakı filialının baş mühəndisi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə o, Bakı elektrotermik avadanlıq təcrübə-eksperiment zavodunun baş mühəndisi təyin edilmiş, 1970-ci ildə zavodun direktoru vəzifəsinə, 1974-cü ildə isə "Azərelektroterm" İstehsal Birliyinin baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.
Yevgeni Protokovets 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. O, 1982-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni, iki "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
Yevgeni Protokovets 18 oktyabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur. I Fəxri Xiyabanda dəfn edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Texnika elmləri namizədləri Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri