Əlisaab (Əlisahib) Səftər oğlu Orucov () — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).
Həyatı Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.
1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.
Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.
Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.
Əlisaab Orucov 1973-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI (1985–1991) və XII (fevral–may 1991) çağırış deputatı seçilmişdir.
Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı I Azərbaycan hökuməti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR ədliyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan baş nazirinin müavinləri Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavinləri Kateqoriya:Azərbaycanın ədliyyə nazirləri