Portuqaliyalı İzabella () () — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Juan, anası isə Gentli Conun qızı Lankasterli Filipadır.

Həyatı Donna İzabella 1397-ci ildə Evorada dünyaya gəlib. Uşaqlıq illəri kral sarayında qardaşları ilə keçib. Qardaşları ilə birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil alıb. Latın, fransız, ingilis və italyan dillərini öyrənib. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatı ilə danışıqlar yarıda qalıb.

Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləri ilə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırılıb. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi. O əsnada 30 yaşında olan Donna İzabella istər ailəsində oğul sayının çoxluğu, istərsə də aristokrat şəcərəsi səbəbi ilə mükəmməl gəlin namizədi idi. Aparılan danışıqların ardından 29 iyul 1429-cu ildə cütlüyün vəkalətən nikahı bağlanıb.

Ancaq cehiz hazırlığı səbəbilə 8 həftə daha Portuqaliyada qalan Donna İzabella 19 oktyabrda 20 gəmi və təxminən 2 min nəfərlik portuqal heyətlə yola düşdü. 25 dekabrda Niderland sahillərinə çatdı və ardından 7 yanvar 1430-cu ildə cütlüyün rəsmi toy mərasimi baş tutdu. Mərasimin ardından əri ilə birlikdə hersoqluğun fərqli bölgələrinə səyahət edən Donna İzabella qısa zamanda Burqundiya sarayında özünü sevdirdi. Ancaq ərinin saysız məşuqələri və nikahdan kənar onlarca övladı ilə mübarizə aparmalı oldu. Donna İzabella 30 dekabr 1430-cu ildə ilk övladı Antonini, 24 aprel 1432-ci ildə isə ikinci oğlu Jozefi dünyaya gətirdi. Ancaq hər iki övladı 1432-ci ildə vəfat etdi. Üstəlik həmin il ərinin Dijonun müdafiəsində olmasından istifadə edən Fransa kralı VII Çarlzın hücumu səbəbilə hersoqluğu təkbaşına müdafiə etməli oldu. Ertəsi il — 10 noyabr 1433-cü ildə son övladı Karlı dünyaya gətirdi.

Əri üzərindəki nüfuzu nəticəsində dövlət məsələlərində mühüm rol oynadı. Üstəlik bir çox saray əyanının evliliklərini tərtiblədi. Bunlar arasında öz oğlu Karlın Valualı Ketrinlə baş tutan evliliyi də yer alır.

Yüzillik müharibənin başa çatması və bölgədə müvəqqəti sülhün təmin edilməsindən sonra 1457-ci ildə Donna İzabella dövlət məsələlərindən uzaqlaşdı və dini həyata yönəldi. Onun bu qərarı verməsində ərinin apardığı daxili siyasət və aldığı bəzi qərarların mühüm rolu oldu. Ərinin 1467-ci ildə ölümündən sonra saraya qayıtmayan Donna İzabella 1471-ci ildə vəfat etdi.

Övladları Antoni (30 dekabr 1430 – 5 fevral 1432) Jozef (24 aprel 1432 – 6 may 1432) Cəsur Karl

Mənbə Taylor, Aline S. (2001), Isabel of Burgundy : the Duchess who Played Politics in the Age of Joan of Arc, 1397–1471, Madison Books, ISBN 1-56833-227-0 Leite, José Guilherme Reis, "Os Flamengos na Colonização dos Açores", Boletim do Instituto Histórico da Ilha Terceira (in Portuguese), Angra do Heroísmo (Azores), Portugal, pp. 57–74 Campbell, Lorne; Szafran, Yvonne (March 2004), "The Portrait of Isabella of Portugal, Duchess of Burgundy, in the J. Paul Getty Museum", The Burlington Magazine, vol. 146, pp. 148–157

İstinadlar

Kateqoriya:Avis sülaləsi