Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını.

Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur.

927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır. Sağ qalan üsyançılar qərmətilərə qoşulmaq üçün Bəhreynə çəkilmişdir.

Qərmətilər yürüşdən sonra, 930-cu ilin yanvarında Məkkəni talan etmiş və elə həmin il Omanı tutmuşdular, lakin daxili problemlər onların irəliləyişini dayandırmışdır. İraqda əsir düşmüş fars gənci Əbu Tahir tərəfindən Mehdi elan edilmiş və hakimiyyət ona keçmişdir, fəqət onun qeyri-sabit davranışı onun qərmətilər onun göstərdiyi qeyri-sabit davranış nəticəsində onun gözlədikləri millenniaríst şəxsiyyət olmadığını anlamaqlarına gətirib çıxarmış və o, edam edilmişdir. Bu hadisə qərmətiləri ruhdan salmışdır ki, onlar daha sonra Abbasilərlə sülhsevər münasibətlər qurmağa çalışmışlar. Buna baxmayaraq, 927–928-ci illərdə baş verən basqın Abbasilər xilafətinin maddi və siyasi vəziyyətini xeyli pisləşdirmişdir. Xilafət hərbi çevrilişlər və sərkərdələr arasında daxili müharibə dövranına düşmüş, nəticədə İraqdakı hakimiyyət 946-cı ildə Buveyhilər sülaləsi tərəfindən ələ keçirilmişdir.

Zəmin Qərmətilərin mənşəyi 880-ci və 890-cı illərdə ismaili missioneri Əbu Səid Cənnəbi Bəhreynin bədəvi qəbilələri arasında güclü nüfuz qazanmışdı. İsmaili hərəkatı 899-cu ildə gələcək Fatimilər xəlifəsi Übeydullah Mehdinin rəhbərliyini izləyənlər və onun imamət iddiasını rədd edən "qərmətilər" olaraq iki qola ayrılmışdır. Əbu Səid ya əqidəsinə ləyaqəti, ya da siyasi məqsədəuyğunluq səbəbilə sonuncunun tərəfini tutmuşdur. Yerli bədəvi tayfaları Bəni Kilab və Bəni Ukeyl, eləcə də İran körfəzindən olan tacirlərlə ittifaq quran Əbu Səid regionun paytaxtını ələ keçirmişdir. O, 900-cü ildə Bəhreynə nəzarəti bərpa etmək üçün göndərilən Abbasi ordusunu məğlub edərək qərmətilərin müstəqilliyini təmin etmişdir.

Əbu Səidin hakimiyyəti dövründə Bəhreyn qərmətiləri 900-cü illərdə Suriya və İraqda Abbasilər xilafətinə qarşı qərmətilərin qaldıqları üsyanlarda, eləcə də İfriqiyədə Fatimi xilafətinin qurulmasında iştirak etməmişdilər. Onlar 912-ci ildə Bəsrə şəhərinə etdikləri basqın istisna olmaqla, Abbasilərlə sülhü qorumuş və Abbasi vəziri Əli ibn İsa ibn Cərrahdan pul və silah ianələri almışlar. Əbu Səid 913-cü və ya 914-cü ildə öldürülmüşdür və onun yerinə bütün oğulları birlikdə nominal olaraq keçmişdir. Onların ən böyüyü Əbülqasım Səid Cənnəbi ilk vaxtlar aralarından ən nüfuzlusu olsa da, onun hakimiyyəti qısamüddətli olmuşdur. 923-cü ildə onun yerinə Əbu Səidin daha iddialı və döyüşkən kiçik oğlu Əbu Tahir Cənnəbi keçmişdir.

Bəsrənin yağmanlaması

16 yaşına təzəlikcə çatmış Əbu Tahirin rəhbərliyi altında qərmətilər Abbasilər xilafətinə qarşı basqınlara başlamışlar. Bunlardan birincisi 923-cü ildə, avqustun 11-nə keçən gecə Bəsrə şəhərinə qəfil hücum olmuşdur. Növbəti 17 gün ərzində şəhər tamamilə talan edilmiş, ardınca qərmətilər müqavimət görmədən əllərində böyük qənimət və qul karvanı ilə geri çəkilmişdir. Müasir tarixçilərə görə, münaqişənin başlanması, çox güman ki, Əli ibn İsanın vəzir vəzifəsindən uzaqlaşdırılması və onun yerinə hərbi əməliyyatlara üstünlük verən daha döyüşkən rəqibi ibn Fəratın təyin edilməsi ilə bağlı idi. Hücumdan xəbər tutan ibn Fərat Bəsrə şəhərinə qoşun göndərmiş, lakin onlar şəhərə çatdıqda qərmətilər şəhəri tərk etmişdi. Bu, Abbasilərin qərməti basqınlarına hərbi müdaxilələrinə xas bir şeyə çevrilmişdi. Qərmətilərin basqınçı qüvvələri sayca az olsa da, çox mobil idi və bu, Abbasilərin istənilən hərbi müdaxiləsinin gecikməsini təmin edirdi. Eyni zamanda, qərmətilərin Bəhreyndəki bazası Abbasilərin hücumundan amanda idi.

Bəsrə şəhərinin yağmalanmasından yaranan təhlükəsizlik təhdidlərinə baxmayaraq, ibn Fərat hərbi hazırlıq görmək əvəzinə daha çox öz mövqeyini bərkitməklə məşğul idi. Həqiqətən də o, ən güclü rəqibini – Abbasilər ordusunun baş komandanı Munis Müzəffəri Bağdaddan uzaqlaşdırmaq üçün onu ordusu ilə Rəqqə şəhərinə, demək olar sürgünə göndərmişdir. Eyni zamanda, ibn Fəratın oğlu Mühəssin məmurlardan pul qoparmaq üçün onlara qarşı işgəncə kampaniyası başlatmışdır.

Karvanlara hücum 924-cü ilin martında qərmətilər Məkkədən Bağdada qayıdan həcc karvanına hücum edərək onu məhv etmiş, Abbasilər sarayının bir çox əyanlarını əsir götürmüşdülər. Şiə tərəfdarları Bəhreynə axın etmiş, fraksiyalararası rəqabətdən əziyyət çəkən və maliyyə çatışmazlığı səbəbindən aciz qalan Abbasi hökuməti qərməti təhlükəsinə təsirli cavab verə bilməmişdir. Həcc karvanının məhv edilməsi Abbasi hökumətinin ən əsas vəzifələrindən birini yerinə yetirə bilməməsinin sübutu idi. Bağdad küçələrində indi bütün dəstəyini itirmiş ibn Fərata qarşı iğtişaşlar başlamışdır. Munis iyun ayında Bağdada geri çağırılmış və hərbi rəhbərlər ibn Fəratın vəzifəsindən azad edilməsində israr etmişdir. Vəzir 16 iyulda devrilmiş və oğlu Mühəssinlə birlikdə edam edilmişdir. Bu hadisə ordunun mülki bürokratiya üzərində qazandığı son üstünlük idi.

Gələn il yola çıxan həcc karvanı Məkkəyə gedərkən hücuma məruz qalmış, karvanın 6 min nəfərlik keşikçi qüvvəsi böyük itki verərək Kufə şəhərinə qədər çəkilmişdir. Qərmətilər Bəsrə və Xuzistanın təslim edilməsini tələb etmiş, rədd cavabı aldıqdan sonra isə Kufəyə daxil olaraq bir həftə şəhəri talan etmişdir. Onlar hətta şəhərin dəmir darvazalarını sökərək Bəhreyə aparmışdır. Növbəti həcc mövsümündə, 926-cı ilin yanvarında güclü hərbi müşayiət zəvvarların təhlükəsizliyini təmin etmişdir, lakin buna baxmayaraq, Abbasi hakimiyyəti onların keçidi üçün qərmətilərə külli miqdarda pul da ödəmişdi. Növbəti həcc mövsümündə Abbasi hökumətinin zəvvarlara müşayət etməsi üçün keşikçi qüvvəsi yaratmağa imkanı olmadığından karvan tamamilə geri ləğv edilmişdir. Bundan əlavə, sakinlər potensial qərməti hücumundan qorxduğu üçün Məkkədə çaxnaşma yaranmış, belə bir hücumun baş tutmamasına baxmayaraq Məkkə əhalisi şəhəri tərk etmişdir.

Abbasilərin hazırlıq tədbirləri Bu əsnada Abbasilər hökuməti daha çox qoşun toplamaq məqsədilə hiddətli şəkildə pul yığmağa çalışmışdır, lakin ibn Fəratın edamından sonra qüvvəyə gələn iki qısamüddətli vəzir Abdullah Xaqani və Əhməd Kəsibi dövlətin maliyyəsini gücləndirə bilməmişdilər. Vəziyyət Abbasi hökumətindəki ünsürlərin qərmətilərlə gizlincə əməkdaşlıq etməsi barədə davamlı şayiələr ilə daha da gərginləşmişdir və bu ittiham o zamanlar siyasi müxaliflərə qarşı geniş istifadə olunurdu.

Çarəsizlik içində qalmış vəzir Kəsibi 926-cı ildə Azərbaycan və Ərməniyyənin yarımmuxtar əmiri Yusif ibn Əbu Sacı öz qoşunları ilə qərməti təhlükəsinə qarşı mübarizə aparmağa çağırmışdır. Xəzinə boş olduğuna görə Abbasi xilafətinin nəzarətində olan Cibəl və İranın şimal-qərb ərazilərindən, həmçinin ibn Əbu Sacın öz mülklərindən gələn gəlirlər ordunun xərclərini qarşılamaq üçün istifadə edilmişdir. Müasir tarixçi Hyu Naycel Kennedi bunun "axmaq bir fikir" olduğunu qeyd etmişdi, çünki Əbu Sacın əsasən dağlıq ərazilərdə vuruşan qoşunlardan təşkil olunmuş ordusu İraqın çöllərində vuruşmağa alışmamışdı, Əbu Sacın özünün Bağdada sədaqəti şübhə altında qalmışdı və hərbi qüvvənin mövcudiyyəti vəd edilmiş məbləğin ödənilməsindən asılı idi.

Nəhayət, 927-ci ilin aprelində Əli ibn İsa Munisin israrı ilə böhranı həll etmək üçün bir növ "milli birlik hökuməti"nə başçılıq etsin deyə vəzir vəzifəsinə geri gətirilmişdir. Əli ibn İsa alternativ bir həll yolu taparaq Əsəd və Şeyban bədəvi qəbilələrindən xəzinəyə çox daha az başa gələcək və regionun relyefinə daha uyğun olan qoşunlar yığmağı təklif etmişdir. Eyni zamanda, o, Əbu Sacı öz vilayətinə qayıtmağa razı salmağa çalışmışdır, lakin öz qoşunlarını vəd edilən məbləğ ödənilənə qədər döyüşə aparmaqdan imtina edən Əbu Sac bunu da rədd etmişdir. Bu vaxt saci qoşunları Vasitdə möhkəmlənərək yerli əhaliyə zülm vermişdir.

Yürüş Kufə döyüşü Əli ibn İsanın bütün planlarının həyata keçirilməsi vaxt tələb edirdi, lakin bu da tükənmək üzrə idi. 927-ci ilin oktyabr və ya noyabr ayında Əbu Tahirin rəhbərliyi altındakı qərməti qüvvələri İraqa hücuma keçərək Kufəyə doğru irəliləməyə başlamışdılar. Munis Bizans imperiyasına qarşı yürüşdən geri çağırılmışdı, Kufədə böyük silah və təchizat anbarları yaradılmışdı və ibn Əbu Saca şəhərə getməyə əmr edilmişdi. Sürətlə hərəkət edən qərmətilər Kufəyə birinci çataraq sözügedən anbarları ələ keçirmişdilər.

Yürüşdə iştirak edən qərməti qüvvələri sayca az idi. Orta əsr mənbələrində Əbu Tahirin rəhbərliyi altında 1,500–2,300 əsgərin olduğunu bildirir, buna görə də ibn Əbu Sac qərməti qüvvələrinə hücum etmək qərarına gəlmişdir. Əhəmiyyətli say üstünlüyünə baxmayaraq, 7 dekabr 927-ci ildə baş tutan Kufə döyüşündə saci qoşunları məğlub olmuş və ibn Əbu Sac özü əsir düşmüşdür.

Kufədə Bəqliyyə adı ilə tanınan gizli ismaili tərəfdarları özlərini üzə çıxararaq üsyan qalmışdılar. Üsyançılar Rifayə, Zül və Əbs bədəvi qəbilələrindən təşkil olunmuşdu, aralarında ilk ismaili missioneri Əbu Məhəmməd Əbdanın qardaşı oğlu da var idi. Onlar Kufəni tutmuş və Abbasilər xilafətinin hakimiyyətini sona çatdığını, islam məsihi Mehdinin qayıdışının yaxınlaşdığını elan etmişdilər. Üsyançılar çox keçməmiş Harun ibn Qəribin komandanlığı altında Vəsitdən olan Abbasi qüvvələri tərəfindən darmadağın edilmişdir, lakin onların qalıqları Əbu Tahirin qüvvələrinə qoşulmuşdur.

Bağdada yürüş Kufədə qələbə çaldıqdan sonra qərmətilər Bağdad şəhərini hədəfə alaraq şimala doğru irəliləməyə başlamışdılar. Qərmətilər irəlilədikcə Bağdadda çaxnaşma baş vermiş, şəhər əhalisinin çoxunda şəhərin alınması və Abbasi xilafətinin süqutu barədə qorxu yaranmışdır. Hətta Əbu Tahirin artıq xəlifənin saraylarını öz tərəfdarları arasında bölüşdürdüyü barədə şayiələr də yayılmışdı. Abbasi hökuməti çarəsizcəsinə paytaxtı nadir hallarda tərk edən saray qoşunlarını təhlükə ilə üz-üzə saxlamaq üçün səfərbər etmişdir. Əli ibn İsa Bağdad qayıqçılarını dövlət xidmətinə cəlb etmək üçün pul yığmaq məqsədilə xəlifənin anası Şəğəbə müraciət etməyə məcbur qalmışdır.

Qərmətilər 14 dekabrda Ənbara çatmışdılar, lakin Fərat çayı üzərindəki körpü dağıdılmışdı. Bəzi əsgərlər qayıqlarla çayı keçərək körpünü təmir etməyə təmir etmişdir, ardınca ordunun qalan hissəsi isə əşyalarını çayın qərb sahilində tərk edərək çayı keçmişdir. Gecə vaxtı Abbasilər körpünü yenidən dağıdaraq qərmətiləri çayın şərqində izolyasiya etmişdilər, lakin qərmətilər buna baxmayaraq Bağdad şəgirnə doğru irəliləməyə davam etmişdir.