Etibar Qasım oğlu Əliyev () — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı (2020–2024).

Həyatı Etibar Əliyev 1 mart 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır.

O, Azərbaycan və rus dillərini bilir.

Elmi fəaliyyəti Etibar Əliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.

Siyasi fəaliyyəti Etibar Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur. O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd Abıyev və Əziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.

Etibar Əliyev 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 4925 səs və ya ümumi səslərin 40,7%-ni toplayaraq deputat seçilmişdir. Hal-hazırda Etibar Əliyev Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina etmişdir.

Partiya fəaliyyəti Etibar Əliyev 2009-cu ilədək Müsavat Partiyasının üzvü olmuş, 2009-cu ildə partiyadan istefa verərək Böyük Quruluş Partiyasına üzv olmuşdur. O, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın müşaviri vəzifəsinə təyin olunmuşdur, lakin 31 may 2012-ci ildə Etibar Əliyev partiya sədri Fazil Mustafanın müşavirlik postundan və partiya üzvlüyündən istefa vermişdir. O, səbəb olaraq demişdir ki, o, "nə təşkilat komitəsinə cəlb olun[ub], nə qurultaya nümayəndə seçil[ib], nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında [ona] məlumat verilib]". Həmçinin, Əliyev əlavə etmişdir ki, "məşğul olduğu təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyi, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməsi də ola bilsin ki, istefa verməyinə müəyyən dərəcədə" səbəb olmuşdur.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi saytında Etibar Əliyev

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları