Babək Hüseynoğlu (əsl adı: Babək Hüseyn oğlu Məmmədov; ) — Azərbaycan jurnalisti, publisist, "Aydınlıq" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri (1993–1996).
Həyatı Babək Hüseyn oğlu Məmmədov 29 avqust 1950-ci ildə Ermənistan SSR Zəngibasar rayonunun Aşağı Necili kəndində anadan olmuşdur. Atası Hüseyn Məmmədov kolxoz sədri olmuşdur. 1950-ci ilin payızında ailəsi digər azərbaycanlı ailələrlə birlikdə Ucar rayonuna deportasiya edilmiş, 1953-cü ildə isə doğma kəndinə qayıtmışdır. Babək Hüseynoğlu 1956–1964-cü illərdə Aşağı Necili kənd səkkizillik məktəbində, 1964–1966-cı illərdə isə Uluxanlı orta məktəbində təhsil almışdır.
1968-ci ildə Ermənistan Dövlət Pedaqoji Universitetina daxil olmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. Tələbəlik illərində Ermənistan SSR-də Azərbaycan dilində nəşr olunan "Sovet Ermənistanı" qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1973–1974-cü illərdə SSRİ Silahlı Qüvvələri sıralarında, Rusiyanın Çita vilayətində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra qəzetdə fəaliyyətini davam etdirmiş, müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışmış, 1976-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv seçilmişdir. 1978-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi nəzdindəki Marksizm-Leninizm Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Babək Hüseynoğlu 1982-ci ildə Bakıya köçmüş və Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə qəbul edilmişdir. Qısa müddətdən sonra baş redaktor vəzifəsinə keçirilmişdir. Televiziyanın hərbi-vətənpərvərlik redaksiyasında çalışmış, "Məşəl" və "Hünər" verilişlərinin redaktoru və aparıcısı olmuşdur.
Babək Hüseynoğlu 1988-ci ildən Milli Azadlıq Hərəkatında iştirak etmiş, Bakıda keçirilən mitinqlərdə çıxışlar etmişdir. 1990-cı ilin aprelində televiziya komitəsindəki işindən uzaqlaşdırılmışdır. Həmin ilin avqust ayında o, "Qayğı" Cəmiyyətinin nəzdində respublikada sayca 4-cü müstəqil qəzet olan "Aydınlıq" qəzetini təsis etmişdir.
26 iyun 1993-cü ildə Babək Hüseynoğlu Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin edilmiş və 5 sentyabr 1996-cı ilədək bu vəzifədə çalışmışdır.
Babək Hüseynoğlu Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Böyük ömrün anları" sənədli filminin ssenari müəllifi olmuşdur. Bu filmin ssenarisinə görə 26 avqust 1995-ci ildə Yeni Azərbaycan Partiyasının fəxri diplomu ilə təltif edilmişdir.
Babək Hüseynoğlu 5 dekabr 2006-cı ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan redaktorları