Ləman Osman qızı Əlimuradova () — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.

Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib.

Ləman Əlimuradova həm də 2021, 2022 və 2023-cü illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.

2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə etdi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.

Həyatı Ləman Osman qızı Əlimuradova 2004-cü il noyabrın 29-da Yasamal rayonunda anadan olub. Doqquz yaşından idmanla məşğul olur. Ocaq İdman Klubunun üzvüdür. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.

Subaydır.

Karyerası Ləman Əlimuradova 2017-ci ilin noyabrında şəhər çempionatında mübarizə apardı. Nəticədə Ləman Əlimuradova gənclər arasında turnirin gümüş medalına sahib oldu.

Ləman Əlimuradova 2018-ci ilin 15–16 noyabrında İsrailin Ramat-Qan şəhərində baş tutan "Venera Cup" beynəlxalq turnirində mübarizə aparadı. Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup ümumi nəticədə 16.000 balla beynəlxalq turnirin qızıl medallarına sahib olub.

2019-cu il: Gənclərin AGF Trophy turnirində qələbə Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup növbəti uğuruna 2019-cu ilin 5–8 aprelində Polşanın Varşava şəhərində baş tutan "Irina Cup" beynəlxalq turnirində imza atdı. Bütün rəqiblərindən üstün olan qrup turnirin qalibi oldu.

Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup 2019-cu ilin 20–22 aprelində baş tutan gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirində mübarizə apardı. Aprelin 20-də çoxnövçülüj turniri baş tutdu. Beş lentlə icra olunan proqramdan sonra qrup 18.050 balla İsrail, Belarus və Rusiya nümayəndələrindən sonra dördüncü pillədə qərarlaşmışdı. Qrupun medal qazanmaq şansları aşağı qiymətləndirildi. Bununla belə beş halqa ilə icra olunan proqram referilər tərəfindən 22.950 balla qiymətləndirildi və bu nəticəyə əsasən qrup proqramı birinci pillədə başa vurdu. Məhz bu proqram ümumi nəticəyə təsir göstərdi və qrup 41.100 balla gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Qızıl medala İsrail, bürünc medala isə Rusiya gimnastları layiq görüldü. Bir gün sonra isə beş lent və beş halqa proqramları üzrə final mərhələsi baş tutdu. Beş lentlə icra oluna proqramın nəticələrinə əsasən qrup 18.350 balla turnirin gümüş medalına sahib oldu. Qızıl medala isə 20.450 balla Belarus nümayəndələri layiq görüldü. Beş halqa ilə icra olunan turnir isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Həm Azərbaycan, həm də İtaliya təmsilçilərinin çıxışları referilər tərəfindən 21.500 balla qiymətləndirildi. Belə olan halda icra üzrə göstəricilər əsas götürüldü (Azərbaycan gimnastlarının icra balı 7.700, İtaliya gimnastlarının icra balı isə 7.600 idi). Bu göstəriciyə əsasən isə Azərbaycan nümayəndələri turnirin qızıl medalına sahib oldu. Bununla da Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirinin nəticələrinə əsasən turniri 1 qızıl və 2 gümüş medalla başa vurdu.

2019-cu ilin əsas turniri 16–20 mayda Azərbaycanda baş tutan Avropa Çempionatı idi. Bu turnirdə gənclərdən ibarət qrupa Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova və Selcan Hacızadə daxil edildi. Çempionatın birinci günündə qrup 5 halqa ilə turnirdə mübarizə apardı. Komandanın çıxışı referilər tərəfindən 21.650 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təsnifat mərhələsində 20 qrup arasında beşinci pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Daha sona qrup 5 lentlə turnirdə mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 17.300 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təsnifat mərhələsini 20 qrup arasında doqquzuncu pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ümumi nəticədə Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova və Selcan Hacızadə ibarət qrup gənclər arasında turniri 38.950 balla 20 qrup arasında altıncı pillədə başa vurdu. Çempionatın son günü qrup 5 lentlə turnirin final mərhələsində mübarizə apardı. Nəticədə qrup 21.500 balla turniri altıncı pillədə başa vurdu.

Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova və Selcan Hacızadə ibarət qrup iyunda Polşanın Qdınya şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Komanda ümumi nəticələrə əsasən gümüş medalın, 5 halqa ilə turnirin nəticələrinə əsasən isə bürünc medalın sahibi oldu. 5 lent turnirində isə qrup turnirin qalibi oldu.

İlin daha bir nüfuzlu turniri 18–22 iyulda Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Tarixdə birinci dəfə baş tutan bu turnirdə Azərbaycanı Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova və Selcan Hacızadə ibarət qrup təmsil etdi. Turniri birinci günündə qrup 5 halqa ilə turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 20.900 balla qiymətləndirilən Azərbaycan qrupu təsnifat mərhələsini 33 qrup sırasında 8-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Daha sonra qrup 5 lentlə turnirdə mübarizə apardı. Bu səfər qrup uğursuz çıxış etdi. Komanda 16.400 balla 32 qrup sırasında 11-ci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ümumi nəticədə isə Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova və Selcan Hacızadə ibarət qrup gənclər arasında Dünya Çempionatını 37.300 balla 33 qrup sırasında 8-ci pillədə başa vurdu. Çempionatının son günündə qrup 5 halqa ilə turnirin final mərhələsində çıxış etdi. Təsnifat mərhələsində fərqli olaraq qrup bu səfər uğursuz çıxış etdi. Kompozisiyası referilər tərəfindən 19.950 balla qiymətləndirilən Azərbaycan gimnastları 8 qrup sırasısında 7-ci pillənin sahibi oldu.

2019-cu ilin nəticələrinə əsasən dörd beynəlxalq turnirdə mübarizə aparan Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup mövsümü 1 qızıl və 2 gümüş medalla başa vurdu.

2020-ci il: Avropa Çempionatında gümüş medal 2020-ci ilin əsas turniri avqustda Yaponiyada baş tutmalı olan XXXII Yay Olimpiya Oyunları idi. Olimpiadada mübarizə aparmaq üçün lisenziyalar 2019-cu ilin sentyabrında Azərbaycanda baş tutan Dünya Çempionatında verildi. Həmin tunirdə mübarizə aparan Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup nəticələrə əsasən olimpiya lisenziyasına sahib oldu.

2020-ci ilin əvvəlindən bütün dünyanın COVID-19 pandemiyası cənginə aldı. Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul etdi. Həmçinin 20–24 mayda Kiyev şəhərində baş tutmalı olan Avropa Çempionatı da təxirə salındı. Bundan sonra olimpiadada debüt üçün daha bir il gözləməli olan Azərbaycanın əsas yığmasının bir sıra — Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylinin yığmadan uzaqlaşdı. Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva tərəfindən yeni qrup formalaşdırıldı. Köhnə qrupun heyətindən sadəcə Darya Sorokina və Zeynəb Hümmətova yeni qrupun heyətində də yer aldı. Qrupun digər üzvləri isə gənclərdən ibarət qrupun əsas üzvləri Ləman Əlimuradova, Məryəm Səfərova və Yelizaveta Luzan oldu.

Təxirə salınan Avropa Çempionatının 26–30 noyabrda Kiyev şəhərində baş tutması qərara alındı. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komanda əvvəlcə 5 topla turnirin təsnifat mərhələsində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 34.600 balla qiymətləndirilən qrup təsnifat mərhələsini altı qrup sırasında birinci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu həm də ümumi turnirdə Azərbaycan yığmasının medal şanslarını artırdı. 3 halqa / 4 gürz turnirində isə qrupun çıxışı referilər tərəfindən 31.700 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri altı qrup arasında sadəcə İsrail (33.475 bal) gimnastlarından geri qaldı. Bu nətilərə əsasən Azərbaycan qrupu bu turnirin də final mərhələsinə vəsiqə qazandı. Ümumi turnirdə isə Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 66.300 balla Avropa Çempionatının gümüş medalına sahib oldu. Turnirin qalibi isə 67.575 balla İsrail gimnastları oldu. Həmçinin Azərbaycan gimnastları altı ildən sonra birinci dəfə qrup turnirində Avropa Çempionatının medalına sahib oldu. Avropa Çempionatında həmçinin gənclər və seniorlardan ibarət qrupların nəticələrinin cəminə əsasəndə medallar verildi. Bu nəticələrə əsasən gənclərdən və seniorlardan ibarət Azərbaycan qrupu turnirin bürünc medallarına sahib oldu. Daha sonra Azərbaycan qrupu ayrı-ayrı alətlər üzrə final mərhələlərində mübarizə apardı. Qrup əvvəlcə 5 halqa ilə turnirin final mərhələsində çıxış etdi. Kompozisiyası referilər tərəfindən 31.450 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən altı qrup sırasında dördüncü pillənin sahibi oldu. Turnirin sonunda Azərbaycan qrupu 3 halqa / 4 gürz turnirinin final mərhələsində mübarizə apardı. Referilər tərəfindən çıxışı 30.650 balla qiymətləndirilən qrup nəticələrə əsasən Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Ləman Əlimuradova debüt Avropa Çempionatında 1 gümüş və 2 bürünc medala sahib oldu. Turnirdən sonra müsahibəsində Ləman Əlimuradova bunları bildirdi: "Bizim qazandığımız medallar məşqçilərin əməyidir. Məhz onların sayəsində biz bu cür nəticə qazandıq".

2021-ci il: Olimpiya Oyunlarında mübarizə