Bayram Hüseynzadə () — əməkdar jurnalist, Bakı Universiteti (1997–1998) və Azərbaycan müəllimi qəzetinin (2007–2017) baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru.

Həyatı Bayram Əvəz oğlu Hüseynzadə 1974-cü il 25 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 1998–2001-ci illərdə BDU-nun aspirantura şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailələlidir. 3 övladı var.

Karyerası 1997–1998-ci illərdə "Bakı Universiteti" qəzetinin baş redaktoru olmuşdur. 1998–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə 2005-ci ildə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib.

2007-ci ildən 2017-ci ilədək "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir.

2017-ci ildə Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru, 2024-cü ilin yanvarında isə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

YAP Nərimanov Rayon Təşkilatı Siyasi Şurasının, YAP Təhsil Nazirliyi İlk Ərazi Təşkilatı İdarə Heyətinin üzvüdür. 2017-ci ildən Yeni Azərbaycan Partiyası Bakı Mühəndislik Universiteti İlk Ərazi Təşkilatının sədridir.

Fəaliyyəti 4 kitabın redaktoru, 500-ə yaxın məqalənin müəllifidir. Jurnalistika sahəsindəki səmərəli fəaliyyətimə görə 2000-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.

Elm və təhsil naziri Emin Əmrullayevin 23 dekabr 2024-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qəzet redaktorları