Edvard Hovard Haus (; ) – ABŞ jurnalisti. O, ABŞ mətbuatında Yaponiya və yaponlar haqqında rəyin formalaşmasında vacib rol oynamış, Yaponiyada ingilisdilli "Tokyo Times" qəzetini yaratmışdır.
Həyatı Edvard Hovard Haus 1836-cı ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Haus müxtəlif peşələrlə məşğul olmuşdur: musiqiçi, teatr meneceri, ABŞ Vətəndaş müharibəsi müxbiri, musiqi və teatr tənqidçisi.
Haus 1871-ci ildə Yaponiyaya gələrək Tokio Universitetinin sələflərindən olan Kaysey Qakkoda müəllim kimi işləməyə başlamışdır. Yaponiyanı dəstəkləyən baxışları səbəbilə Yaponiya hökuməti, xüsusilə də, Okuma Şiqenobu tərəfindən sevilən şəxsə çevrilmişdir. Haus 1873-cü ildə müəllim postunu tərk edərək 1874-cü ildəki Tayvan ekspedisiyasında müharibə müxbiri kimi Yaponiya ordusunu müşayiət etmişdir. 1877-ci ildə hökumətin dəstəyi ilə ingilisdilli "Tokyo Times" qəzetini yaratmış və 1880-ci ilə qədər redaktoru olmuşdur. O, bu illərdə eksterritoriallıq, müqavilələrin yenilənməsi və xarici əlaqələr kimi məsələlərdə Yaponiyanın mövqeyini dəstəkləmişdir.
Haus 1880-ci ildə ABŞ-yə qayıtmış, 1881-ci ilin əvvəlində isə Londona köçmüşdür. Londonda teatr meneceri kimi işləməyə başlamışdır. Daha sonra Yaponiyaya qayıtmış, həyatının son illərini Yaponiyada Qərb musiqisini təbliğ etməklə keçirmişdir.
Təltifləri Haus 1883-cü ildə iflic keçirdikdən sonra Yaponiya hökuməti ona ömürlük pensiya təyin etmiş və Yaponiya qarşısındakı xidmətlərinə görə "Müqəddəs xəzinə" ordeni ilə təltif etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:Tokio Universitetinin müəllimləri