thumb|300px|"Xristian əzabkeşlərinin son duası" (Jan-Leon Jerom, 1883-cü il)

Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən, daimi xarakter daşımayan və adətən lokal xarakterli təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı.

Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur.

Avqust Diokletianın (283–305) hakimiyyəti dövründə aparılan kampaniya xristianların son ümumi təqibi idi. Bu, Avqust Qalerinin (310–313) Serdika fərmanını imzalamasından və və Avqust II Maksimin Dazanın (310–313) vəfat etməsindən sonra da imperiyanın bəzi yerlərində davam etmişdir. Böyük Konstantin (306–337) rəqibi Maksensini (306–312) 312-ci ilin oktyabrında Mulvi körpüsündə döyüşdə məğlub etdikdən sonra həmimperator Lisini ilə birlikdə bütün dinlərin tətbiqinə icazə verən, o cümlədən xristianlığa tolerantlığı bərqərar edən Milan fərmanını (313) vermişdir.

Roma cəmiyyətində din

250px|thumb|right|İmperator Mark Avreli (161–180) və imperator ailəsinin üzvləri german tayfalarına qarşı mübarizədə uğura görə Yupiter məbədi önündə qurban verirlər.

Roma imperiyasının erkən dövründə (e.ə. 27–b.e. 476) Roma dini politeist və yerli xarakter daşıyırdı. Hər bir şəhər Qədim Yunanıstandan götürülmüş və romalaşmış tanrılara və ilahələrə sitayiş edirdi. Bu polis-din sistemi "qədim şəhərin ümumi strukturlarına daxil edilmiş və ondan ayrılmaz şəkildə qurulmuşdur". Odur ki, "siyasi və ya vətəndaş kimliyindən ayrı heç bir dini kimlik yox idi və dinin mahiyyəti inancdan çox rituala köklənmişdi". Özəl din və onun ictimaiyyətdə tətbiqi dövlət məmurlarının, ilk növbədə senatın nəzarəti altında idi. Din romalı olmaq üçün zəruri amillərdən biri idi, onun tətbiqi geniş yayılmış və siyasətlə iç-içə idi.

Ənənəvi Roma politeizminin bu formasına dəstək e.ə. I əsrdə azalmağa başlamışdı. Dövrün müxtəlif yazıçı və tarixçilərinin yazdıqlarına görə, bu, boş və təsirsiz hala gəlmişdi. Müharibə və işğallar kimi xarici amillərin və ənənəvi dinin formal mahiyyəti və siyasi manipulyasiyası kimi daxili amillərin birləşməsinin politeizmin yavaş-yavaş tənəzzülünə səbəb olduğu təxmin edilir. Bu, insanların şəxsi həyatlarında boşluq buraxmışdı və bu səbəbdən onlar bu boşluğu imperator kultu, müxtəlif misteriyalı kultlar, idxal olunan şərq dinləri və xristianlıq kimi digər ibadət formaları ilə doldurmalı olmuşdular.

Romalıların imperiya quruculuğunda yanaşması əcnəbilərin onun bir hissəsi olmasına imkan verən mədəni keçiricilik var idi, Roma dini praktikası öz panteonunda yad tanrıları və adətləri qəbul edirdi. Bu, bütün tanrılara eyni dərəcədə şamil edilmirdi. Digər mədəniyyətlərdə olan bir çox tanrı Romaya gətirilmişdi və Roma dövlət dininin bir hissəsi kimi quraşdırılmışdı, lakin onların xeyli bir hissəsi yox idi. Bu xarakterik açıqlıq bir müasir tarixçinin Roma imperiyasının genişlənmə prosesində dinlərə tolerant yanaşdığı qəanətində olmasına gətirib çıxarmışdır. Remzi MakMullen yazmışdır ki, "bu tolerantlıq hekayənin yalnız yarısı idi".

MakMullen qeyd etmişdir ki, bir şəxsə Roma dinində "tolerant" və ya "dözümsüz" yanaşıldığını müəyyən edən ən mühüm amil bu dinin "əcdad adətinə görə" onun tanrısına hörmət edib-etməməsi idi. Xristianlar yəhudilikdəki ata-baba köklərini tərk etdikləri üçün pis hesab edilirdilər. Buna baxmayaraq, dinin necə etiqad etdiyi də bir amil idi. E.ə. 186-cı ildə Roma məmurları Dionisə ibadət edənlərdən və onların Vakxanaliya adətindən "gecə vaxtı" tətbiq edildiyinə görə şübhələnirdilər. Şəxsi falçılıq, astrologiya və Xaldey adətləri gecə ibadətləri ilə əlaqəli magiyalar idi və beləliklə, erkən imperiya dövründən sürgün və edam təhlükəsi daşıyırdı. Arxeoloq Lyuk Lavan izah etmişdir ki, gecə ibadətləri qapalı və gizli keçirilirdi, dövlətə xəyanət və imperatora qarşı gizli planlarla assosiasiya olunurdu. Vakxanaliya assosiasiyaları ləğv edilmiş, onların rəhbərləri həbs və edam edilmiş, qadınlara kultda mühüm vəzifələr tutmaq qadağan olunmuşdu. Heç bir Roma vətəndaşı keşiş ola bilməzdi və bundan sonra kult üzərində ciddi nəzarət qurulmuşdur.

Bu, Roma dövlətinin dini təhlükə kimi qəbul edilən hər şeyə cavab verməsi üçün nümunəyə çevrilmişdir. B.e. I əsrində münəccimlər, filosoflar, ritorika müəllimləri, yəhudilər və İsida kultunun üzvləri vaxtaşırı sürgün edilirdi. Druidlər də xristianlar kimi eyni rəftara məruz qalmışdılar.

Səbəblər və amillər

thumb|"Roma ədalət zalı". "Young Folks' History of Rome". 1878-ci il.|left

Adrian Nikolas Şervin-Vayt qeyd etmişdir ki, romalıların xristianları təqib etmələrinin səbəbləri ilə bağlı ciddi müzakirələr 1890-cı ildə başlamışdır. Bu zaman "20 illik mübahisə" və üç əsas fikir ortaya çıxmışdır. Birincisi, əksər Fransa və Belçika alimlərinin belə bir nəzəriyyəsi var idi ki, "xristian dininin tətbiqini qadağan edən, dəqiq şəkildə tərtib edilmiş və bütün imperiya üçün etibarlı hesab edilən ümumi bir qanun mövcud idi. Bunun kökü ən çox Neronla, bəzən isə Domisianla əlaqələndirilir". Bu yanaşma Tertullianın təqibin Neronun "Adın ittihamı" planı nəticəsində yarandığını irəli sürən təsvirinə böyük əhəmiyyət verən "ümumi hüquq" nəzəriyyəsinə çevrilmişdir. Neronun yeni dinlərin tətbiqini qadağan edən daha köhnə bir fərmanı var idi, lakin bunun xristianlara şamil edilməsi respublika dövrünə aid olan, Roma dövlətinin icazəsi olmadan yeni bir "xurafat"ın tətbiq edilməsini ölümcül cinayət hesab edən prinsipdən irəli gəlir. Şervin-Vayt əlavə etmişdir ki, bu nəzəriyyə Romada baş tutan təqibləri izah edə bilər, lakin əyalətlərdə baş verən təqibləri edə bilmir.

Almaniya alimləri tərəfindən irəli sürülən ikinci nəzəriyyə "", yəni vadaretmə nəzəriyyəsidir. Burada hesab edilir ki, xristianlar Roma vilayət hakimləri tərəfindən nizam-intizamı qorumaq məqsədilə öz güclərindən adi yolla istifadə etmək ilə cəzalandırımışdılar, çünki xristianlar "milli mürtədlik və ənənəvi Roma dinindən imtinaya səbəb olan yad bir kult" gətirmişdilər. Digərləri bunu müəyyən edilmiş nizama ümumi nifrət və qurulmuş hakimiyyətə itaətsizliklə əvəz etmişdilər. Bütün bunlar proseduru adi məhkəmə formaları olmadan birbaşa polis müdaxiləsi və ya diqqətəlayiq cinayətkarlara qarşı inkvizisiya, həbs və cəza kimi xarakterizə edir.

Üçüncü yanaşmada xristianların uşaq qətli, insest, magiya, qeyri-qanuni toplantı və dövlətə xəyanət kimi xüsusi cinayətlərə görə mühakimə olunduqlarını iddia edilmişdir. Sonuncu, onların Roma imperatorunun ilahiliyinə sitayiş etməkdən imtina etmələrinə əsaslanan ittiham idi. Şervin-Vayt qeyd etmişdir ki, "bu üçüncü rəy adətən məcburiyyət nəzəriyyəsi ilə birləşdirilirmişdir, lakin bəzi alimlər bütün xristian təqiblərini bir cinayət ittihamı ilə, xüsusən də dövlətə xəyanət və ya qeyri-qanuni toplaşmaq və ya əcbəbi kultun tətbiqi ilə əlaqələndirirlər". Zərərli dedi-qoduların mövcud olmasına baxmayaraq, bu nəzəriyyə sonrakı alimlər tərəfindən üç nəzəriyyə arasında ən az qəbul olunanıdır.

Sosial və dini əsaslar

İdeoloji qarşıdurma və kimlik thumb|"Kalepodinin əzabkeşliyi". Qravüra.

Klassika üzrə professor Cozef Pleşiya qeyd etmişdir ki, təqiblərə ideoloji münaqişə səbəb olmuşdu. Sezar ilahi hesab olunurdu. Xristianlar yalnız bir ilahiliyi qəbul edə bilirdilər və bu sezar deyildi. Kerns ideoloji münaqişəni belə təsvir etmişdir: "Məsihin müstəsna suverenliyi sezarın öz müstəsna suverenliyinə dair iddiaları ilə toqquşmuşdu".

İdeologiyaların bu toqquşmasında "adi xristian daimi denonsasiya təhlükəsi və edama gətirib çıxaracaq ittihamlarla həbs olunma ehtimalı altında yaşayırdı". Cozef Brayant iddia etmişdir ki, xristianlar üçün öz dinlərini gizlətmək və romalı kimi davranmaq asan deyildi, çünki dünyadan imtina onların inanclarının bir aspekti idi və "çoxlu ənənəvi normalar və axtarışlardan uzaqlaşmağı" tələb edirdi. Xristianlarda hələ də "şər"in əsarətində olanlarla təmasdan qaçmaq kimi ciddi əxlaq normaları var idi. Xristian kimi həyat gündəlik cəsarət tələb edirdi, çünki onlar "Məsihin radikal seçimi və ya dünyanın saysız-hesabsız üsullarla mömin üzərində məcbur edilməsi" ilə üzləşirdi.

Romada vətəndaşların il boyu dövlət dininin çoxsaylı şənliklər, yürüşlər və qurbanlardan ibarət ayinlərində iştirak edərək Romaya sədaqətlərini nümayiş etdirmələri gözlənilirdi. Hər halda, xristianlar bunu edə bilmirdilər və buna görə də onlar antisosial və təxribatçı olan qeyri-qanuni bir dinə mənsub olaraq görüldülər.

Roma dini romalığı müəyyən edən əsas amil idi. Xristianların Roma tanrılarına qurban kəsməkdən imtina etməsi bu mədəni və siyasi xüsusiyyətə, həmçinin Romanın özünün təbiətinə qarşı bir etiraz kimi qəbul edilmişdi. MakMullen Yevsevidən sitat gətirərək yazmışdır ki, paqanlar "özlərini düzgün hərəkət etdiklərinə və xristianların ən böyük dinsizlikdə günahkar olduğumuza hərtərəfli inandırmışdılar". Vilkenin fikrinə görə, "romalıların politeist dünyagörüşü onları simvolik olaraq dövlət tanrılarına sitayiş etməkdən imtina etməyi başa düşməyə sövq etmirdi". MakMullen yazmışdır ki, bu, xristianların "daim müdafiədə" olduqları mənasına gəlirdi. Onlar fəlsəfəyə, məntiqə və əcdadların adət-ənənələrinə zidd ola biləcəyini düşündükləri hər şeyə müraciət edərək cavab versələr də, onlar Roma dinini etiqad edərək öz dinlərinə vəfalı qala bilməzdilər. Abel Biblioviçin əsərinə görə, romalılar arasında xristianlara qarşı qərəz o qədər instinktiv olmuşdu ki, nəticədə "xristian" adının etiraf edilməsi edam üçün kifayət qədər əsas ola bilərdi.

İnklüzivlik və eksklüzivlik thumb|"Müqəddəs Lavrentinin əzabkeşliyi". "Christian heroes and martyrs". 1895-ci il.

Erkən xristian icmaları sosial təbəqələşmə və digər sosial kateqoriyalar baxımından Roma könüllü assoasiyalarından daha çox inklüziv idi. Heterogenlik Həvari Pavelin yaratdığı qrupları xarakterizə edirdi və qadınların rolu o dövrdə iudaizmdə və ya paqanizmin hər iki formasında mövcud olan halından qat-qat böyük idi. Erkən məsihçilərə başqalarını, hətta düşmənləri də sevməyi öyrədilird. Bütün təbəqələrdən və növlərdən olan xristianlar bir-birini "qardaş" və "bacı" adlandırırdılar. Müxtəlif sosial təbəqələrin və mənsubiyyətlərin bu inklüzivliyi erkən xristianların İncil standartlarına uyğun olaraq yeni həyat tərzinə keçmək ümidi ilə yəhudilər və qeyri-yəhudilər arasında missionerlik işinin aparılmasının vacibliyinə dair inanclarından irəli gəlir. Bu, xristianlığın əleyhdarları tərəfindən "pozucuvə ən əsası Roma cəmiyyətinin ənənəvi sinfi və gendər əsaslı nizamı üçün rəqabət təhlükəsi kimi qəbul edilmişdir".