Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin əvvəllərində Şəkidə fəaliyyət göstərən və əsas məqsədi maarifçilik olan cəmiyyət. Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.

Haqqında Nuxa Hürriyyəti Maarif Cəmiyyəti 1917-ci il aprel ayında yaranıb. Cəmiyyətin 18 nəfər fəxri, 76 nəfər həqiqi üzvü var idi. Cəmiyyətin fəxri sədri Nurmuhəmməd Əfəndi İmamzadə, sədrin müavini və xəzinədar Abdulla Əbdülrəhmanzadə, katibi isə Veysəl Mustafazadə olub. Cəmiyyətin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub.

Cəmiyyət ilk olaraq 60 nəfərə yaxın tələbənin təhsil aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açdı. Burada təhsil alanlar yalnız Şəkidən yox, həm də Şamaxı, Qaryagin və digər bölgələrdən idilər. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla imtahan verən 35 nəfər tələbəyə kursu bitirdikləri üçün diplom verildi.

Qısa müddət ərzində cəmiyyət tərəfindən qəzada 25 məktəb, təhsildən kənarda qalan 200 nəfər üçün isə Vətən məktəbi yaradıldı. Cəmiyyət ehtiyaclı uşaqları pulsuz paltar və məktəb ləvazimatları ilə də təmin edirdi. Bundan başqa cəmiyyətin vəsaiti ilə müəllimlərin əmək haqları verilir, Şəkidə açılan qiraətxanalar, konsert və teatr truppaları da fəaliyyət göstərirdi..

Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin sayəsində Şəkidə teatr inkişaf edir. 1920-ci ilə qədər həvəskar fəaliyyət göstərən teatr sonradan professional teatra çevrilib.

Cəmiyyətin maliyyə xərclərini Şəki sahibkarları və ziyalıları təmin edirdilər. Cəmiyyət fəaliyyətə başlayanda onun büdcəsinə Abdulla Əbdürrəhmanzadə 300 manat, tacir Cəfər Əbdürrəhmanzadənin oğulları 1000 manat, Mustafa bəy Əlibəyov 200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq 200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi Qədimov hər biri 100 manat ianə ediblər. Cəmiyyətin saxlanılmasına daimi olaraq 300 nəfər ianə edirdi. Onların sırasında Ədil xan İlisuyski, Xədicə Əlibəyova, Səlim xan Şəkixanov, Mahmudəli Xələfzadə, Əliabbas Əfəndi Qədimov, Əhməd bəy Şıxmalıbəy oğlu, Əhməd bəy Əfəndizadə və digərləri də var idi.

Cəmiyyət 1918-1919-cu illər ərzində 11 min 611 manat vəsait toplayıb. Bu vəsaitə Şəkidə yeni məktəblər, müəllim hazırlayan kurslar eləcə də şəhərin yuxarı baş hissəsində qızlar məktəbi açıblar.

Məramnaməsi Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin məramnaməsi:

Həmçinin bax Nicat Cəmiyyəti Hidayət xeyriyyə cəmiyyəti Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində qeyri-hökumət təşkilatları Kateqoriya:Azərbaycanda xeyriyyə təşkilatları