Otluqbeli döyüşü — 1473-cü il avqustun 11-də Osmanlı Sultanı II Mehmedlə Ağqoyunlu sultanı Uzun Həsən arasındakı meydan döyüşü. Tarixşünaslıqda həmçinin Başkənd döyüşü və ya Bayburd döyüşü kimi də tanınır. Uzun Həsən sarayında xidmət edən Əbubəkr Tehrani "Kitabi-Diyarbəkriyyə" əsərində bu döyüşdən bəhs edərək yazır: "Bura Osmanlı mülkündən kənarda yerləşir, yerli əhali onu Başkənd adlandırır." Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyasət Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdılar. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu. Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrdə Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi o lan Trabzon krallığı üzərinə hücuma keçdi. Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın şərq ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırdı. Bu şəhər Ağqoyunlu tacirləri üçün də Qara dənizə ən əlverişli çıxış yolu idi.

Azərbaycanda hakimiyyətə gəlməmişdən xeyli əvvəl Ağqoyunlu bəyləri Trabzon hökmdarları ilə dostluq, hətta qohumluq əlaqələri yaratmışdılar.

Münaqişənin səbəbləri thumb|311x311px|Ağqoyunlu dövlətinin ərazisi, 1461-ci ilə qədər Bu dövrdə Ağqoyunlular ən zəifindən başlayaraq bütün rəqiblərini özlərinə tabe etmişdilər. Hətta Uzun Həsən sədaqət andı içdiyi Cahanşahı da 1467-ci ildə böyük bir meydan döyüşündə məğlub edərək Qaraqoyunlu torpaqlarını da öz ölkəsinin tərkibinə qatmışdı. Nəhayət Xorasan hökmdarı Teymurilərdən Əbu Səidi də 1469-cu ildə bir döyüşdə əsir aldıqdan sonra İran və İraqı da əhatə edən yeni imperiya yaranmışdı.

Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsində ticarət mənafelərinin toqquşmasının mühüm rolu olmuşdu. XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbrizlə, Xəzər sahili Azərbaycan bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi. Digər mühüm karvan yolu Hindistanı, İranı və Azərbaycanı Qara dənizlə birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi. Şərq-Qərb ticarət əlaqələrinin inkişafında Təbriz-Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti vardı. Azərbaycan-Osmanlı və Azərbaycan-Avropa ticarət əlaqələrində Təbriz-Bursa karvan yolu mühüm rol oynayırdı. Bu karvan yolunda başlıca məntəqə Toqat idi. Təbrizdən gedən ticarət karvanları Toqatda Şirvan, Gəncə və Gürcüstandan gəlmiş ipək karvanları ilə birləşir və Bursaya yönəlirdi. Fəxri Dalsar Bursaya gedən ipək karvanlarında təxminən 300–400 yük heyvanının olduğunu göstərir. Xəlil İnalcik qeyd edir ki, Təbrizdən gələn hər karvan Bursaya orta hesabla 200 tay ipək gətirirdi. Şirvan ipəyi də Bursa ticarətində əsas yer tuturdu.

Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venetsiya ilə müharibəyə başlamış II Mehmed Avropa-Şərq ticarətində inhisar mövqeyinə malik olmaq istəyirdi. Müzəffər Arıkanın fikrincə, osmanlılar nəinki Anadoludan keçən ticarət yollarına, Şərq ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa çalışırdılar. Buna görə də II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi hüdudlarında toxuculuğun inkişafına ciddi fıkir verirdi. Sultan Türkiyəni Şərqdən alınmış ipəyi toxuyaraq avropalılara hazır məhsul şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilmiş xam ipəyi Osmanlı Türkiyəsindən xaricə aparılmasına maneçilik törədirdi. Azərbaycandan gətirilmiş xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi. Ağqoyunluların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı. Xəlil İnalcik qeyd edir ki, Azərbaycan tacirləri Toqatda ikinci gömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin çıxardığı haqsız bir bidət hesab edir və pisləyirdi. Sultan II Mehmed Şərqdən gələn ipək karvanlarından gömrük haqqı almaqla kifayətlənmirdi. O, 1453-cü ildə strateji, hərbi-siyasi, iqtisadi əhəmiyyəti olan Bosfor və Dardanel boğazlarını ələ keçirmiş, sonra isə Şərq istiqamətində də geniş istilaçılıq müharibələrinə başlamışdı. Sultan bu zaman Ön Asiyada mövcud olan bütün xırda feodal dövlətlərini (Qaraman, İsfəndiyar oğulları, Alaiyyə, Zülqədəroğulları bəyliklərini, Şimali Anadoludakı Kenuya müstəmləkələrini, Trabzon və Ağqoyunlu dövlətlərini) aradan qaldırmaq, Bütün Anadolu yarımadasını öz hakimiyyəti altında birləşdirmək istəyirdi.

Sultan II Mehmedin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri də Ağqoyunlu-Osmanlı ziddiyyətlərini kəskinləşdirdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə əlaqələrini kəsməyə can atırdı. Səlahəddin Tanselin fikrincə, Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz ticarəti yolunun nəzarətini öz əlinə keçirmiş olardı. 1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin (Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü. Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan yeganə çıxış yolunu da itirdi. Ağqoyunlu-Osmanlı münasibətləri xeyli kəskinləşdi.

Qaraman hadisələri isə Ağqoyunlu-Osmanlı ziddiyyətlərini son həddə çatdırdı. Ancaq aralıq dənizi sahilində, çox əlverişli coğrafi mövqedə yerləşmiş Qaraman bəyliyi bütün Anadolu yarımadasını ələ keçirməyə çalışan Osmanlı dövləti ilə, Qərbi Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa çalışan Ağqoyunlu dövləti arasında mənafelərin toqquşduğu düyün nöqtəsi idi. Trabzonun işğalından sonra Qara dəniz ticarətindən məhrum olan ağqoyunlular üçün Qaramanın əhəmiyyəti xeyli artmışdı. Qaraman bəyliyi osmanlılara qarşı Ağqoyunlu dövlətinin ənənəvi müttəfıqi idi. Qaraman ərazisinin Ağqoyunlu dövləti üçün hərbi-strateji məntəqə kimi əhəmiyyəti daha böyük idi. Osmanlı imperiyası ilə labüd olan müharibənin yaxınlaşdığı bir şəraitdə Uzun Həsən Qaraman ərazisini heç cür itirmək istəmirdi.

Türk mənbələrinə görə, müharibəni sürətləndirən hadisələr 1472-ci ilin yayında Ağqoyunluların Toqat və 1473-cü ilin qışında Qaramana hücumlarıdır. Bu ərəfədə Uzun Həsən zəif olduğu bir vaxtda onu təhqir edən Məmlük sultanına ibrət dərsi vermək və Aralıq dənizinə enişi asanlaşdırmaq üçün ordusunu toplayıb Diyarbəkirə yola düşmüşdü. O, bu zaman döyüş fikrində olmadığı üçün osmanlılardan Amasiya valisi Şahzadə II Bəyazidə məktub göndərərək dostluq münasibətlərinin inkişaf etdirilməsini istədi. Lakin osmanlıların Qaraman torpağına soxulması və qaçan Qaraman bəyləri Pir Əhməd və Qasım bəyin Uzun Həsənin yanına gəlməsi hər şeyi dəyişdi. Ağqoyunlulara sığınan əmirlər osmanlıların onları Qaraman torpağında necə sıxışdırdığından, qadın-uşaq demədən müsəlmanları qırdıqlarından bəhs etdilər. Anadoluda hegemonluq uğrunda mübarizəyə başlamış Uzun Həsənin Qaramana hərbi, siyasi müdaxiləsi və bu bölgədə müttəfıq bir dövlətin olmasını istəməsi təbii idi.Söylənənlərdən dəhşətə gələn Uzun Həsən Bektaşın oğlu Əmir bəy Mosullunun komandanlığı ilə Osmanlının ən müdafiəsiz şəhərlərindən biri olan Toqata ordu göndərdi. Əmir bəy Toqatı asanlıqla ələ keçirdi. Osmanlı şahzadəsi və Amasya hakimi II Bəyazidin bura doğru gəlməktə olduğu xəbərini eşidən zaman isə Diyarbəkirə qayıtdı. 1472-ci ilin qışında bu dəfə Yusif ibn Cahangiri 20 minlik ordu ilə Qaramana göndərdi. Osmanlı tərəfi bundan xəbər tutub Fateh Dvaud paşa rəhbərliyində böyük bir ordunu Qaramana Ağqoyunlu üzərinə yola saldı. Tərəflər Bəyşəhir adlı yerdə qarşı qarşıya gəldi. Nəticə də Ağqoyunlu tərəfi məğlub oldu. Yusif ibn Cahangir əsir düşdü.

Ağqoyunlu-Osmanlı münasibətlərinin II dövründə Uzun Həsən Osmanlılara qarşı hərbi ittifaq yaradılmasının əsas təşkilatçısı idi. Bu vaxtdan Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsinə qarşı münasibətlərinin xarakteri də dəyişdi. XV əsrin 60-cı illərinin sonuna yaxın Osmanlı imperiyasına qarşı mübarizə Ağqoyunlu dövlətinin başlıca xarici siyasət məsələsinə çevrildi.

Venesiya Cumhuriyyət Senatı 2 dekabr 1463-cü ildə Fateh Sultan Mehmedə qarşı Ağqoyunlular və Anadolu bəylikləri ilə ittifaqa girmək barədə qərar qəbul etmişdi. Venesiya administrasiyası 1464-cü ildən sonra Ağqoyunlu sarayına bir neçə elçi də göndərmişdi. Bununla da Osmanlılarla baş verəcək 16 illik müharibənin də başlanğıcı qoyulmuşdu.

Döyüşə hazırlıq

Ağqoyunlular tərəfindən Osmanlı Türkiyəsi ilə müharibənin labüd olduğunu anlamış Uzun Həsən toqquşmaya ciddi hazırlıq görürdü. Mənbələrin məlumatına görə, Ağqoyunlu hökmdarı osmanlılara qarşı müharibə üçün yalnız İraqdan 37 min əsgər səfərbər etmişdi.Bundan başqa Fars, Kirman, Diyarbəkir vilayətlərindən, Ümman sahilindən toplanan əsgərlər Ucan mövqeyində toplandı. Ağqoyunlu ordusunun 40 min zirehli və mizraqlı, 30 min isə digər silahları daşıyan süvariləri varidi.

Venesiya səfiri Katerino Zeno Təbrizə gələndə Uzun Həsən Osmanlı üzrəinə yürüş etmək üzrə olduğunu və "Türk sultanını" məğlub etməsə Anadoludan geri çəkilməməkdə qərarlı olduğunu bildirmək üçün ispan əsilli yəhudi İshaqı Venesiyaya göndərdiyini öyrəndi. Lakin Uzun Həsəni düşündürən yeganə məsələ onun süvarilərdən ibarət ordusunun odlu silahlardan, xüsusən də Osmanlı ordusunda çox olan topdan məhrum olması idi. Uzun Həsən bilirdi ki, bu çatışmazlıqları müttəfiqi Venesiya aradan qaldıra bilər. Buna görə də Uzun Həsən 1472-ci il mayın 30-da səfiri Hacı Məhəmmədi İshaqın ardıycan Təbrizdən Venesiyaya göndərdi.

Uzun Həsən, Venesiya ilə etdiyi razılaşmaya uyğun olaraq; Venesiya gəmiləri Qaraman sahillərinə odlu silah və onlardan istifadə edəcək kiçik bir qüvvə gətirəcək, Uzun Həsən isə qüvvə göndərərək müttəfiqi ilə əlaqə quracaqdı. Uzun Həsən həmçinin Anadolunu alacaq, Osmanlı sultanını Qara dənizi Venesiya gəmilərinə açıq tutmağa məcbur edəcək, Midilli, Ağriboz və Arqos Venesiyaya qaytarılacaq, venesiyalılar Uzun Həsəni boğazdan keçirərək İstanbulu fəth etməyə kömək edəcəkdilər. Silahların dəniz yolu ilə çatdırılmasını təmin etmək üçün venesiyalılar Kiçik Asiyanın Osmanlı limanlarına basqın etmək qərarına gəldilər.

Admiral Pietro Moceniqonun rəhbərliyi altında müttəfiq qoşunları donanma göndərdi. Donanma 70 Venesiya, 16 Napoli, 22 Rodos, 16 Papa, 5 Kipr gəmisindən ibarət idi. Venesiyadan toplarla (6 böyük, 10 orta və 36 kiçik bombardman, 500 arbalet, 5000 tüfəng) dolu iki böyük gəmi göndərildi. Uzun Həsənin ordusuna təlim keçmək üçün polkovnik Tommasonun komandanlığı ilə beş zabit yüklə birgə yola salınmışdı. Söz verilən silahlar Mərsinə çatdırılsa da, Osmanlılar hərəkətə keçərək yükün daşınmasına mane oldular. Nəticədə Uzun Həsənin ordusu odlu silahsız qaldı.

Osmanlı tərəfdən