Prometeizm və Azərbaycan — 1918-ci ildən 1935-ci ilə qədər mövcud olmuş İkinci Polşa Respublikasının əsas dövlət xadimi Yuzef Pilsudski tərəfindən başladılmış siyasi layihə. Layihənin əsas məqsədi Rusiya imperiyası və onun varis dövlətlərini zəiflətmək idi. Bu dövlətlər siyahısına Sovet İttifaqı da daxil idi. Layihə Rusiya və Sovet İttifaqı sərhədləri daxilində yaşayan əsas qeyri-rus xalqların millətçilik hərəkatlarını dəstəkləməyi ehtiva edirdi.

"Prometey" hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada "Prometey" jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları.

Azərbaycanın hərəkatda fəaliyyəti "Prometey"in yaradılmasında ilk təşəbbüsçülər sırasında M. Ə. Rəsulzadənin də adı çəkilir. Tədqiqatçı X. İbrahimlinin "Azərbaycan siyasi mühacirəti" kitabında yazılır:

Hələ 1923-cü ilin iyunun 26-da çıxan "Yeni Qafqasiya" məcmuəsinin birinci nömrəsində M. Ə. Rəsulzadə Zevsin Prometeyi Qafqaz dağlarına zəncirlənməsini və qartalın onun ciyərlərini hər gün didməsini, Azərbaycanın, eyni zamanda Qafqazın mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı: "Qafqasiyanın tarixini, son əsrdəki güzəran edən əhalini və bir xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən daha gözəl bir rəmz tanımaq mümkün deyil, Azərbaycanı və Qafqazı Prometey adlandıran müəllif onu parçalayıb, qanına qəltan edənin gerbində ikibaşlı qartal həkk edilən Rusiya imperiyasi olduğunu göstərirdi. Bu yazının analoji variantı Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyniadlı jurnalının birinci sayında da dərc edilmişdi.

1926-cı ildə "Prometey" adlı klub yaradıldıqdan sonra Varşavada Y. Pilsudskinin dəstəyi ilə "Prometey" cəmiyyəti quruldu və azərbaycanlılar da burada təmsil edildilər. Bundan qısa müddət sonra isə, Məhəmməd Əmin Rəsulzadə Varşava qrup başqanlığına təyin edildi. Azərbaycandan əlavə, keçmiş Rusiya imperiyasından gələn xeyli mühacir prometean hərəkatına qatılmışdı.

1955-ci ildə "Dərgi" məcmuəsində dərc etdirdiyi "Rəsulzadə Məhəmməd Əmin" başlıqlı məqaləsində Mirzə Bala Məmmədzadə yazırdı:

Rusiya əleyhdarı olan bütün mühacirləri bir çatı altında birləşdirmək səyləri "Prometey" təşkilatının qurulması ilə nəticələndi.

Rəsulzadə, Məmmədzadə və bir sıra digər azərbaycanlı mühacirlərinbu təşkilatın mətbuat orqanı olan "Prometey" jurnalında məqalələri çıxmışdır. 1926-cı ildən Polşa dövlətinin dəvəti ilə ölkədəki əsas prometean təşkilatında Azərbaycan İstiqlal Komitəsi və Azərbaycan Milli Mərkəzi də təmsil olunmağa başlamışdır. Həmçinin, Rəsulzadə bu dönəmdə polyak ordusunda müqavilə ilə xidmət edən hərbçiləri, universitetlərdə təhsil alan azərbaycanlıları bir mərkəzdə toplaya bilmişdi. Məşhur azərbaycanlı mühacirlərdən olan Mirzə Bala Məmmədzadə Varşavada olduğu zaman xeyli sayda məqalələr yazmışdır. Məmmədzadə prometean millətlərin qurultayı ilə bağlə yazısında bildirirdi ki, 31 may — 1 iyun 1936-cı ildə keçirilmiş qurultay rus əsiri olan millətlərin tarixində yaddaqalan hadisələrdən biridir. O, bu iki günlük qurultayı rus əsiri millətlərin birləşə bilməsi üçün mühümaddım adlandırırdı. Azərbaycanın qurultaydakı rolunu xüsusi qiymətləndirən Məmmədzadə mövzunun sovetlərin hakimiyyəti altında yerli xalqların milli dillərinin məhv olması olduğunu yazır.

11 iyul 1927-ci ildə Rəsulzadə Polşa rəsmisi T. Koluvkova məktub yazaraq Azərbaycanla əlaqələrin artmasının əhəmiyyətindən bəhs etmişdir. 6–12 fevral 1930-cu ildə Varşavada prometean hərəkatına daxil olan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz milli təşkilatlarının konfransı keçirilmişdir. Bu konfransa Azərbaycan nümayəndələri olaraq Rəsulzadə və Mustafa Vəkilov qatılmışdı. 1930-cu ilin martında, yəni konfransdan bir qədər sonra Azərbaycan Milli Mərkəzi ilə əlaqələri daimi olaraq qorumaq üçün Rəsulzadə Parisə getmişdir. Rəsulzadə antisovet təbliğatın görə Türkiyədən qovuldu zaman uzun bir müddət Polşada yaşamışdır. Burada olduğu zaman "Odlu Yurd" jurnalının həm rəhbərliyin, həm də yazarlığını etmişdir. O, həmçinin Parisdə nəşr edilən "Prometey" jurnalında Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", "Bolşeviklərin şərq siyasəti", "Qafqaz Birliyi", "Milli Azərbaycan Hərəkatının Xarakteri", "Siyasətçi tarixçiyə qarşı" adlı məqalələri yayımlanmışdır. Varşavadan başqa, Sluzvsko və Kreyszkoda yaşamışdır. "Prometey" təşkilatına daxil olan Qafqaz birliklərinin növbəti konfransı 16 yanvar — 23 fevral 1935-ci ildə Brüssel şəhərində keçirildi. Azərbaycanı bu konfransda Rəsulzadə, M. Mehdiyev, M. Məhərrəmov, Atamalıbəyov, Ə. Topçubaşov təmsil etmişdi.

Prometean hərəkatın vasitəçiliyi ilə 1924-cü ilin əvvəllərində bir araya gələn qafqazlı mühacirlər Qafqazın sovetlərdən azad edilməsindən dərhal sonra konfederasiyada birləşmək barədə razılığa gəlmişdilər.

"Prometey" jurnalında ən çox "İstiqlaldan" (Berlində çıxırdı və redaktoru Rəsulzadə idi), "Azərbaycan Yurd Bilgisi", "Yeni Qazqaziya", "Yeni Türküstan" və "Odlu Yurddan" yazılar yayımlamaqda idi. 1938-ci ildən etibarən jurnal adında və formatında dəyişiklik etdi. Jurnal artıq "La Revyu de Promete" adı adı ilə yayımlandı. 1939-cu ildə Polşanın alman-bolşevik orduları tərəfindən ələ keçirilmnəsindən sonra bu jurnalın nəşrinə əngəllər törədildi. Buna qarşı çıxılması ilə bağlı edilmiş müraciətlərdən biri də Miryaqub Mehdiyevə aid idi. Müraciətdə vərəm ilə malyariya arasında seçim etmənin mənasız olduğu, əsl lazım olanın isə Finlandiya kimi mübarizə aparmaq olduğu bildirilirdi.

Rəsulzadə 1927-ci ilin avqustunda Polşa rəsmilərinə göndərdiyi başqa bir məktubda qeyd edirdi: Hakimiyyətin istilaçı siyasəti nəticəsində ən aktiv silahdaşlarımız həbs olunmuşdur. Həbs olunanlardan beşi güllələnmişdir. Onların arasında Müsavat Partiyasının görkəmli nümayəndəsi Dadaş Həsənzadə də olmuşdur. "Yeni Qafqaz" jurnalının növbəti nömrəsi sürgün olunmuş və güllələnmiş silahdaşlarımızın şəkilləri ilə çıxmışdır. Bütün bunlara baxmayaraq, partizan təşkilatları ruhdan düşmür, daha da aktiv fəaliyyət göstərirlər. Biz ədəbiyyata olan yüksək tələbatı hiss edirik: ayrıca broşur və kitabçalar şəklində ideoloji çağırışlar təkidlə tələb olunur. Hesab edirik ki, bu tələbləri təmin etmək üçün ilk növbədə tərəfimizdən təsis olunan "Azərbaycan Milli Nəşriyyat Kitabxanası"nın ayrıca nömrələrinin buraxılışını sürətləndirmək lazımdır. Qeyd olunan mətbuat orqanı bu günə qədər müxtəlif kitabların 5 nömrəsini buraxmışdır.

Kütləvi həbslər və milli ziyalı təbəqəsinin nümayəndələrinin dövlət xidmətindən kənarlaşdırılması nəticəsində ixtisara salınmış bəzi müəllimlər dağlara qaçaraq, partizanlara qoşulmuşlar. Bolşeviklər adətən onları "soyğunçu" və "quldur" adlandırırlar. "Quldurlar" bütün ölkədə vüsət almışlar. Onlar həm Lənkəran dağlarında, həm Şran sərhədi boyu və Araz çayının sahillərində fəaliyyət göstərirlər. Bu yaxınlarda Şəki partizanları ilə komsomol dəstələri arasında toqquşma baş vermiş, nəticədə dörd partizan həlak olmuşdur. Partizanların yeni dəstələri Gəncə rayonunda yerləşən Qarasakkal kanalının ətrafında peyda olmuşlar. Keçmiş müəllim-zabitlərin başçılığı ilə fəaliyyət göstərən partizanlar Bakı qəzasını da əhatə etmişlər.

Təzyiq və repressiyalara baxmayaraq ümumi mübarizə əhval-ruhiyyəsi yüksəkdir. Yeni qurulmuş hakimiyyətin siyasətindən nəinki "Milli müxalifətçilər", hətta yerli kommunistlər də narazıdır. Milli məsələdə "Yayınma" halları azərbaycanlı kommunistlər arasında artmaqdadır, nəticədə isə həmin kommunistlərlə bizimkilər arasında müəyyən əlaqə yaranır. Silahdaşlarımızın gənclər arasında apardığı antisovet təbliğatını xüsusilə vurğulamaq istərdik. Onlar kommunistlərin sıralarına daxil olaraq təbliğat işini aparmaqda belə çəkinmirlər. Xaricdə apardığımız fəaliyyətlə bağlı qeyd edə bilərəm ki, Milli Mərkəz artıq hər yerdə öz bölmələrinə malikdir. Şranda artıq olduqca nüfuzlu və güclü təşkilat fəaliyyət göstərir. Təşkilat mütəmadi olaraq vətənlə əlaqə saxlayır və o, digər şəkildə aparılır. Parislə qarşılıqlı əlaqələrə gəldikdə isə böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bizim Əli Mərdan bəy Topçubaşovla münasibətlərimiz müəyyən qədər anlaşılmazdır. O, yəni Əli Mərdan bəy Topçubaşov Milli Mərkəzdə təntənəli çıxışına baxmayaraq, köhnə siyasətini davam etdirir, İstanbula, xüsusilə də Qafqaz Müstəqillik Komitəsinə münasibətdə müxalif mövqe tutmaqdadır. Ümumiyyətlə, Parisdəki bəzi elementlər bütün vasitələrlə Konstontinopolda (İstanbul) həyata keçirilən işə təsir göstərməyə çalışır. Sonda qeyd edim ki, təşkilatımızın məsul əməkdaşlarından biri bu yaxınlarda Varşavaya yollanacaqdır. Varşavada o, bizi təmsil edəcək və ölkələrimiz arasında mütəmadi əlaqə saxlayacaqdır. Təbii ki, nümayəndəmiz bütün məsələlərlə bağlı Sizinlə fikir mübadiləsi aparacaqdır. Sizlərə böyük hörmət və səmimi arzularla

M. Ə. Rəsulzadə"

1935-ci il iyunun 24-də Məhəmməd Əmin Rəsulzadə Polşa Baş Qərargahı 2 saylı Ekspoziturasının əməkdaşı, kapitan Edmund Xaraşkeviçə məktubla müraciət etmişdi. Müraciətin səbəbi Prometey proqramı çərçivəsində Polşa tərəfin diqqətini Topçubaşi ailəsinin ağır maddi durumuna yönəltmək idi. Məktubun mətni belə idi:Çox hörmətli pan kapitan Xaraşkeviç [Edmund]!

Pan mayor Dombrovski Sizin mərhum Əlimərdan bəy Topçubaşovun ailəsinə bundan sonra da təqaüd verilməsini qeyri-mümkün hesab etməyiniz və təqaüdü kəsmək fikrinə düşməyiniz haqqındakı qərarınızı diqqətimizə çatdırdı.

Belə bir qərar bizi çox çətin vəziyyətdə qoyur. Biz milli hərəkatımızda bu qədər görkəmli mövqe tutan, dəfni ümumqafqaz həmrəyliyinin nümayişinə çevrilən mərhumun ailəsinə hər hansı bir şəkildə yardım göstərmək imkanından məhrum oluruq. Digər tərəfdən, təqaüdün dayandırılması faktı bəd niyyətli müxalifətə bizi ictimai fikirdə gözdən salmaq, fitnəkarlığa çəkmək üçün əla fürsət verir. Biz isə bildiyiniz kimi, çıxıb hər şeyi izah etmək durumunda deyilik.

Yaranmış vəziyyəti hərtərəfli müzakirə etdikdən sonra biz pan mayorla belə qərara gəldik: ən yaxşı çıxış yolu mərhumun oğlu Ələkbər Topçubaşini müəyyən işə cəlb etmək olardı. Üstəlik də hər hansı bir vəzifəsinin olmamasına baxmayaraq, Ələkbər Topçubaşi milli fəaliyyətlə bağlı bəzi tapşırıqları yerinə yetirir, ümumi işimizdə bizə bacardığı qədər yardım göstərir.

Biz qərara gəldik ki, onu rus dilində nəşri nəzərdə tutulan jurnala redaktor təyin edək. Əminəm ki, bu məsələlərdən xəbərdarsınız və söhbətin nədən getdiyini yaxşı bilirsiniz. Nəşriyyat işlərindən başqa, bizim ümumqafqaz fəaliyyətimizin bəzi texniki funksiyalarını da gənc Topçubaşiyə həvalə etmək mümkündür.

Redaktor kimi Ələkbər bəyə lazımi maaş verməklə biz mərhum Topçubaşinin ailəsinin maddi təminatı məsələsini xüsusi çətinliklə üzləşmədən həll edə bilərdik.

Ümid edirəm ki, bizim və mərhumun ailəsinin düşdüyü vəziyyəti anlayışla qarşılayaraq təklifimizə tərəfdar çıxacaqsınız. Mənimlə eyni vaxtda dostumuz mayor da bu barədə ayrıca məktub göndərir.

Fürsətdən istifadə edərək Sizə bir daha öz dərin hörmətimi bildirirəm.