İlya Borisoviç Peçorski (; ) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır.
Həyatı İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir.
İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab Komitəsinin və Bayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur.
Həbsi və ölümü İlya Peçorski Stalin repressiyasına məruz qalmışdır. O, 23 oktyabr 1937-ci ildə antisovet sağçı terror təşkilatının üzvü olması ittihamı ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilmiş və qərar həmin gün icra olunmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilmiş, 11 sentyabr 1956-cı ildə isə partiya üzvlüyü bərpa edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq təchizat komissarları