Salman Qaralar (Salman Vəli oğlu Balakişiyev; ) — Azərbaycan şairi, publisisti, ədəbiyyatşünası. Azərbaycan Yazıçılar Birliyinin (2023) üzvü.
Həyatı Salman Balakişiyev 1 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1981-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1981–1984-cü illərdə Kəlbəcər rayonunun Qanlıkənd kənd, 1984–1988-ci illərdə isə Göygöl rayonunun Nadil kəndində müəllim işləmişdir. 1988–2007-ci illərdə Balçılı kənd 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. 2007-ci ildən Göygöl RTŞ-nin müdir müavini işləmiş, Regional Təhsil İdarəsi yaradıldıqdan sonra müavin ştatı ləğv edildiyindən baş məsləhətçi kimi fəaliyyət göstərməyə başlamışdır.
1990–2007-ci illərdə Məntəqə Seçki Komissiyasının sədri, 2007–2019-cu illərdə isə MSK-da YAP-ın səlahiyyətli nümayəndəsi, təhkimçi olmuşdur.
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü, YAP Göygöl Rayon Təşkilatında Siyasi Şuranın üzvü, YAP Göygöl Rayon Təşkilatı üzrə Təhsil sektorunda ərazi partiya təşkilatının sədridir. 2007–2025-ci illərdə MSK-da YAP səlahiyyətli nümayəndəsi olmuşdur.
2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, üç övladı var.
Yaradıcılığı Salman Qaraların 1974-cü ildə ilk məqaləsi Kəlbəcərdə çıxan "Yenilik" qəzetində çap olunmuşdur. Sonrakı dövrlərdə də müxtəlif mətbuat orqanlarında, o cümlədən "Xalq qəzeti"ndə, "Azərbaycan müəllimi", "Bütöv Azərbaycan" qəzetində tədrisə, ədəbi-bədii hadisələrə, şəxsiyyətlərə aid məqalələri çap olunmuşdur.
AzTV, İTV kimi televiziya, müxtəlif radio kanallarında çıxışları olmuş, şeirləri səsləndirilmişdir. Müxtəlif saytlarda məqalələri dərc olunmuşdur.
Kitabları "Repressiyaya məruz qalmış sənətkarların həyat və yaradıcılığının öyrədilməsi" (Metodiki tövsiyə), Bakı: 1992 "Köksüz qayalar", Bakı: 2013 "Şəhid torpaqlar", Bakı: 2019 "Adım Ələsgərdi…", Bakı, "Elm və təhsil", 2024, 584 səh. "Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi". Bakı, 2026. (Mahirə Hüseynova və Piralı Əliyev ilə ortaqlı).
Təltifləri Azərbaycan Təhsil Nazirliyi tərəfindən 1999-cu ildə "İlin müəllimi" diplomu, 2001-ci ildə isə "Fəxri Fərman"la təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli 1754 nömrəli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2019-cu ildə Təhsil Nazirliyinin 30.09.2019-cu il K-1471 nömrəli əmri ilə "1 dərəcəli Dövlət qulluqçusu" dərəcəsi almışdır.
4 noyabr 2023-cü ildə Azərbaycan ədəbiyyatına, xüsusilə Azərbaycan aşıq sənətinə göstərdiyi yüksək xidmətlərinə görə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilmişdir.
Haqqında Müxtəlif qələm sahibləri Salman Qaralar haqqında məqalə, oçerk, şeir yazmışdır. 2014-cü ildə "Köksüz qayalar" kitabı haqqında yazılan məqalələr toplusundan ibarət "Salman Qaraların söz dünyası" adlı kitab "Bilik" nəşriyyatında çap olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Məktəb direktorları Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər