300px|thumb|right|Rəşid bəy Əfəndiyevin ev-muzeyi. Şəki 300px|thumb|right|Azərbaycanlının evinin zalı. Şuşa (1865-ci il) Azərbaycan ənənəvi evləri — Azərbaycanda və azərbaycanlıların mədəniyyətində tarixən, ənənəvi üsulların istifadə edilməsi ilə tikilən evlər. Azərbaycan xalq yaşayış evləri əhalinin həyat tərzinə (oturaq, köçəri-elat), tikinti materialları və texnikaya (kərpic, qarğı, daş, ağac), dam örtüyünün şəklinə (pilləli, yastı, balıqbeli, çatmadam), evlərin səthə görə yerləşməsinə (batıq, yerüstü), plan quruluşuna (kəllayı, qoşa kəllayı, cərgəvi, dairəvi) görə təsnif edilir.

Azərbaycanda qazma və ya pəyə, qaradam, möhrə tipli, salyani evlər və s. tikilirdi. XIX əsrin sonlarından etibarən daha mürəkkəb ev tipləri ortaya çıxmışdır. Belə evlər "işıqlı ev", "ağ otaq", "tənəbi ev", "aynabəndli ev", "imarət", "malikanə", "mülk", "qəsr" kimi adlarla bilinir, varlılar tərəfindən tikilirdi. Azərbaycanda yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.

Xalça və kilimlər Azərbaycan evinin əsas ünsürləri idi.Salmanov, E., Blair, S., & Bloom, J. (2003). Azerbaijan. Grove Art Online. Retrieved 22 Oct. 2023. XIX əsr–XX əsrin əvvəllərində qışda isti saxlayan və yayda sərinlik verən keçələr evlərin bəzədilməsi və döşənməsi üçün istifadə edilirdi. Azərbaycan evlərində bəzəkli tağbəndlər, rəngarəng şüşələrlə örtülmüş vitraj, şəbəkələr, bəzəkli eyvanlar xüsusilə fərqlənirdi. Ornamental stükko interyerin bədii bəzəyində istifadə edilmiş, taxça, karniz və müqarnaları əhatə etmişdir. Varlı evlərində və xan saraylarında divarlar suvaq və kətan üzərində rəsmlər və ya ov və ziyafət səhnələri olan dekorativ lövhələrlə bəzənmişdir. Pape-maşedən hazırlanmış memarlıq detallarında da dekorativ rəsmdən istifadə edilmişdir. Taxta sütunlar, dayaqlar, damlar və qapıların hər biri oyma ilə bəzədilirdi.

XIX əsr–XX əsrin əvvəllərində Azərbaycanda evlərin daxili sahmanı Şərq xüsusiyyətlərinə uyğun idi. Kasıb evlərində divara həsir, varlı evlərində isə xalçalar asılırdı. Varlılar xalçaların üzərinə bədii tikmələr, silah, saz, əcdadların portretləri və qətələr (zərli xətlə yazılmış Quran ayələri) asırdılar. Yük yerinin üstünün örtülməsi üçün ipək və pambıq parçalardan düzəldilmiş pərdələr, varlı evlərində isə tikmə naxışlı "zərəndaz" pərdələr işlədilirdi. Bəzənməmiş divar səthləri tağlı pəncərələr və ya taxçalar üçün oyulurdu. Azərbaycan bölgələrində evdə qızınmaq üçün kürsüdən və buxarıdan istifadə edilirdi. Kürsünün üstü yorğan ilə örtülür, bəzən alt hissəsində çala əvəzinə, gil kürə və çuqun manqaldan istifadə edilirdi. XIX əsrdə evlərin işıqlandırılmasında gecə vaxtı ocaq, ucu alovlu kösəv, gündüz vaxtı isə qapı və pəncərə açırımları, baca, sonralar isə müxtəlif bitkilər (tozağacı, palıd, gərməşov və s.) istifadə edilirdi. Dövrün tələbi ilə qara neft və mazutla işləyən çıraqlar (XIX əsrin II yarısı), şüşə lampalar, fənərlər (XX əsrin əvvəlləri) istifadə edilmişdir.

Azərbaycanda tikiləcək evin bərəkətli olması üçün bünövrəyə buğda, duz, çörək, metal pullar qoyular, xoş diləklər deyilərdi. Ev tikilərkən qarşılıqlı yardım forması olan hoy, mədəd, əvrəz icra edilərdi. Hoya (iməcilik) gələnlər özləri ilə araba, iş alətləri gətirərdi. Kərpicin kəsilməsi, bünövrə qoyulması, tirin qaldırılması, dərasərin qoyulması yardımlaşma ilə həyata keçirilərdi. Ata evindən çıxıb, təzə evə keçən oğul ata ocağından bu yeni evə od aparardı. Bu, dədə-baba ocağının davam etdirilməsi kimi izah edilirdi. Evi tikdirənin anası sağdırsa, bünövrəyə pul və ya bolluq rəmzlərini o qoyur, bağda yetişən ilk meyvəni də ana və ya ev sahibinin qadını dərirdi. Evə ilk dəfə qonaq getmək "evgördü" adlandırılırdı. Bu zaman hədiyyə almaq, yeni evə kömək etmək lazım idi. Həmkəndlilər, damazlıq heyvan, pərdə, palaz alır, varlı olanlar isə samovar, kətil, xalça və s. gətirirdi.

Növləri

Yaşayış məskənləri

300px|thumb|right|Azərbaycanlıların kəndi. Ermənistan 300px|thumb|right|Basqal kəndi. İsmayıllı rayonu Azərbaycanda geniş yayılmış yaşayış məskəni kənddir. Bura oturaq əhali evləri, təsərrüfat tikililəri, həyətyanı sahələr, dini və mədəni tikililər və s. daxildir. Burada əhali poligen (bir-biri ilə qohum olmayan, ayrı bir neçə nəsillərdən ibarət əhali) idi. Digər yaşayış məskənləri isə şenlik, oba, yurd, qışlaq, dəkkə və s.-dir. Oba maldarlara məxsus olmuş, müvəqqəti xarakter daşıyıb, tədricən daimi məskənə çevrilmişdir. Oba yaylağa və qışlağa köçlə bağlı olaraq formalaşırdı.

Şenlik və ya şennik obadan ailə sayına görə daha kiçik olmaqla, əsasən qohum ailələrdən ibarət olurdu. XIX əsrdə kənd, oba və şenlik anlayışları, ümumilikdə "yaşayış məskəni" mənasında istifadə edilmişdir. Binə isə kəndin salınmasının erkən mərhələsi hesab edilir. Burada əvvəlcə təsərrüfat tikililəri (tövlə, pəyə, yataq) tikilirdi. Binədə ailələrin sayının artması nəticəsində yeni təsərrüfat tikililəri və yaşayış evləri də yaşayış məntəqəsinə əlavə edilirdi. Binə tədricən daimi yaşayış məntəqəsinə çevrilir və onu salan ilk adamın adı ilə adlandırılırdı (Qasımbinəsi, Baxış binəsi və s.).

Qışlaq sığırxana, yataq (otlaq) və yaşayış evlərindən ibarət, müvəqqəti yaşayış məskənidir. Qışlaq "qış aylarında istifadə edilən otlaq sahəsi" mənasında istifadə edilir, maldar elatlar ildə 8–9 ay olmaqla, vaxtlarını burada keçirir, sadəcə yayda yaylağa gedirdilər. Qışlaq daimi yaşayış məntəqəsi olan kəndə keçidin son mərhələsi hesab edilir. Yaylaq isə dağlıq yerlərdə, alp çəmənliklərində qurulur. Burada elatlar dəyə və alaçıqlarda yaşayırlar.

Şəhərtipli məskənlər Azərbaycanda ənənəvi yaşayış məskənlərinə daxildir. Azərbaycan şəhərləri ərazisinin istifadə üsullarına görə "ərk" (İç qala, Narın qala), "şəhəristan" (əsilzadələrin yaşadığı hissə) və "rabat" (sənətkarlıq və ticarət hissəsi) olmaqla 3 hissədən ibarətdir.

Yaşayış evləri Azərbaycan xalq yaşayış evləri əhalinin həyat tərzinə (oturaq, köçəri-elat), tikinti materialları və texnikaya (kərpic, qarğı, daş, ağac), dam örtüyünün şəklinə (pilləli, yastı, balıqbeli, çatmadam), evlərin səthə görə yerləşməsinə (batıq, yerüstü), plan quruluşuna (kəllayı, qoşa kəllayı, cərgəvi, dairəvi) görə təsnif edilir.

Oturaq əhali evləri Qazma və ya pəyə evlər (Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində adlandırdıqları kimi) dağlıq bölgələrdə son dövrlərə qədər qalmışdır. Düzbucaqlı plana malikdir və tikilməsi rahatdır. Bu evlərin arxa və yan divarları qazma nəticəsində torpaqdan ibarət olur, qabaq tərəfi ilə daş hörgü ilə bağlanır. Tavan dirəklər vasitəsilə düzəldilir. Pəyəbaşı tipli tikililər isə pəyə və qaradam evləri arasında aralıq növ təşkil edir, bir tavanın altında həm yaşayış evi, həm də mal-qara yerləşirdi.

Azərbaycanlılar və digər qafqazlılar üçün qaradam evləri xarakterikdir. Müxtəlif regionlarda "öylük", "şeşə öylük", "pəyəbaşı" (Xanlar), "qara ev", "dörddirək ev", "xaçkərənli ev", "evdamı", "qış damı", "qış evi" (Naxçıvan), "evdamı" (Kəlbəcər), "dam" (Qubadlı), "çardaxlıdam", "beşikdam", "öydamı", "dam" (Borçalı) kimi tanınır. XVIII əsrdən XX əsrin əvvəllərinə qədər qaradam evləri əsasən Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisində, qismən Dağlıq Qarabağ və Naxçıvanda mövcud idi. Naxçıvan qaradam evləri yerüstü tikilirdi.

Aran kəndlərində tikilməsi rahat başa gələn yerüstü evlər geniş yayılmışdır. XIX əsr–XX əsrin əvvəllərində yüngül çubuqla (qarğı, qamış) tikilən, belə evlərin bölgələrdə müxtəlif adları var idi: "çovustan" (Naxçıvan, Qarabağ və İran Azərbaycanı), "çubuq ev", "darbənd" (Quba-Xaçmaz), "qom ev", "hörmə ev" (Muğan), "çubuq hörmə", "çəpərə ev", "çitəmə" (Şəki-Zaqatala), "qarğı ev", "qamış ev", "tapan ev" (Şirvan), "durma" (qərb regionu və Gəncəbasar).

XIX əsr–XX əsrin əvvəllərində möhrə tipli evlər də geniş yayılmışdır. Belə evlər çay daşından tikilmiş istinadın üzərində və ya torpaqdan başlayaraq inşa edilirdi. Möhrənin qatları kürsü adlanır və hər kürsünün üzərinə seysmik məqsədlər üçün ağac qurşaq (qələmə) verilirdi. Dağlıq və düzənlik ərazilərdə isə çaydaşı və ya qayadaşından istifadə edilərək tikilən, yastı damlı, alçaq "daxal" evlər üstünlük təşkil edirdi.

Azərbaycanın düzən rayonlarında salyani evlər geniş yayılmışdır. Şirvan düzündə, qismən də Qobustan kəndlərində bu evlərə rast gəlinir. Salyani evlərin damının yamacları çox dik formada olur. Evlərin kəllə divarları çardaqdan etibarən üçbucaq şəklində inşa edilir. Şirvan və Gəncəbasarda yayılmış şirvani evlərinin isə yüksəkliyi az olur, dam örtüyünün forması balıqbelidir. Ağacdan inşa edilmiş evlərə isə kərtmə və cımğa evlər misal göstərilə bilər. Ağacdan tikilən evlər arasında dirəklər üzərində qurulan və qülləyəbənzər nümunəsi olan "ləm" vacib yer tutur. Yay istirahəti üçün istifadə edilən bu ev forması rütubətli, soyuq bölgələrdə, xüsusilə Lənkəran bölgəsində yayılmışdır.

Gəncə ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir. Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər.

XVIII–XIX əsrlərdə təkotaqlı eyvanlı evlər azərbaycanlılar arasında yaşayış evi kimi vacib yer tutmuşdur, müasir dövrdə də məşhurdur. Çoxotaqlı və çoxmərtəbəli kompozisiyaların (malikanə, imarət, mülk, yarımsaray tipli evlər) ilkin forması məhz təkotaqlı eyvanlı evlər olmuşdur. XIX əsrin sonlarından etibarən baş verən proseslər nəticəsində (texniki və iqtisadi imkanların artması, inşaat ənənələrinin inkişafı və s.) daha mürəkkəb ev tipləri ortaya çıxmışdır. Belə evlər "işıqlı ev", "ağ otaq", "tənəbi ev", "aynabəndli ev", "imarət", "malikanə", "mülk", "qəsr" kimi adlarla bilinir, varlılar tərəfindən tikilirdi.

Köçəri və ya elat evləri

thumb|right|250px|Ənənəvi Azərbaycan yurdu (alaçıq)

Azərbaycanda yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. Bunlar arasında dəyə (Şirvanda "qarakeçə" adlanır) və alaçıq daha çox istifadə edilmişdir. İkisinin arasında ölçü və möhkəmlik fərqi var. Yaylaq evləri müvəqqəti olduğu üçün, onların əsas xüsusiyyəti rahat sökülüb-yığılması idi. Belə evlər dairəvi, uzunsov formada olur, müxtəlif materiallardan (çubuq, qarğı, qamış, keçə (qəlib), ip, ağac) tikilirdi.

Şəki-Zaqatala və Qarabağ bölgələrində dəyə torpaqda qazılan kalafa kimi tikilir, ya da sal daşları istifadə olunurdu. Dəyə çobanlar tərəfindən istifadə edilir, dam çardağı və ya çubuqlardan düzəldilən, qövsvari keçə örtüklə tamamlanırdı. Dəyənin ölçüsündən asılı olaraq, onun quraşdırılmasında 30–50 çubuğa, 4–6 keçəyə (qəlib) ehtiyac duyulur. Keçə "həllac" adlı bacarıqlı ustalar tərəfindən düzəldilir. Dəyənin qapısı bir qayda olaraq, gündoğan istiqamətdə olurdu, nadir hallarda, xüsusilə şimalda yerləşən obalarda isə dəyənin baxar səmti günbatan istiqamətə tərəf olurdu.

Alaçıq isə dəyə ilə müqayisədə daha böyük həcmə malik olurdu və tikilməsi daha mürəkkəb idi. Alaçıqın mərkəzində sunaça basdırılır, bu alaçığın qəlibinin ağırlığını daşıyır, daha böyük həcmdə yurd salınmasına imkan verirdi. Varlılara məxsus alaçıqlarda sunaçanın üstü oyma üsulu ilə naxışlarla bəzənir, çıxıntılara paltar, silah, ov avadanlığı, xəncər və s. qoyulurdu. Muxur tipli yurd isə alaçıqdan texnikasına görə yox, həcminə görə fərqlənirdi. Alaçığın içində "nəmi" və ya "bucaq" adlandırılan yerdə ərzaq və heyvandarlıq məhsulları olurdu, ev əşyaları isə daş ayaqaltı üzərinə qoyulmuş taxtanın üstünə yığılırdı.