Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah Robert Kavalye de La Sall tərəfindən Fort Sen-Lui qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, Rio Qrande çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur.

1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir. La Sallın son ekspedisiyası 1687-ci ilin əvvəlində Brazos çayı yaxınlığında baş tutur. Bu zaman La Sall və onun beş adamı üsyanı yatırmağa çalışarkən qətlə yetirilir. Koloniyadan bir neçə nəfərin İllinoys torpağına çatmasına baxmayaraq, geriyə kömək çatdırmaq mümkünsüz olur. Koloniyanın geridə qalan üzvlərinin əksəriyyəti 1688-ci ilin sonlarında Karankava yerlilərinin hücumunda həlak olur, basqından sağ çıxan dörd uşaq isə yerlilər tərəfindən himayəyə götürülür. Koloniya cəmi dörd il mövcudluğunu qorusa da, bu, Fransa hökumətinin indiki Texas adlanan həmin əraziyə iddia irəli sürməsinə mane olmur. Sonradan ABŞ da bu bölgədə əvvəllər mövcud olan fransız koloniyası səbəbindən ərazinin Luiziananın satın alınması məsələsinə daxil olduğunu iddia edir, lakin bu cəhd də uğursuz olur.

İspaniya La Sallın missiyasından 1686-cı ildə xəbər tutur. Bu fransız koloniyasını Yeni İspaniya adlandırılan, İspaniyanın nəzarətindəki Amerikaya təhdid olaraq qəbul edən İspaniya kralı yaşayış məntəqəsinin aşkar edilməsi və məhv edilməsi üçün çoxsaylı yürüşləri maliyyələşdirir. Bunun üçün yola çıxan ekspedisiyalar əsas hədəfə nail olmaqda uğursuzluğa düçar olsa da, Amerikanın körfəz sahili bölgəsinin coğrafiyasını daha yaxşı tədqiq etməyə nail olurlar. 1689-cu ildə koloniyanın qalıqlarını tapan ispanlar geridə qalan silahları götürüb, tikililəri yandırırlar. Bir neçə il sonra ispan hökumətinin göstərişi ilə eyni ərazidə "presidio" (ispanların nəzarətində olan ərazilərdə tikilən müdafiə tipli qalalar) inşa olunur. Fransızların inşa etdiyi qalanın qalıqları 1996-cı ildə tarixçilər tərəfindən yenidən ortaya çıxarılır və ərazi həmin tarixdən etibarən arxeoloji məntəqə kimi fəaliyyətə başlayır. 1995-ci ildə isə Mataqorda buxtasında "La Belle" gəmisinin qalıqları tapılır.

La Sallın ekspedisiyaları Birinci ekspedisiya

17-ci əsrin sonlarına doğru Şimali Amerikanın böyük hissəsinə müxtəlif Avropa ölkələri tərəfindən iddialar qaldırılmışdı. İspaniyanın iddia etdiyi əraziyə Florida, həmçinin müasir Meksika və materikin cənub-qərb hissəsinin əksəriyyəti daxil idi. Materikin şimal və mərkəzi Atlantik Okeanı sahili İngiltərə tərəfindən On üç koloniya adı altında birləşdirilmişdi, Yeni Fransa isə mərkəzi İllinoys torpağı olmaqla indiki şərqi Kanada bölgəsini əhatə edirdi. Fransızlar qorxurdu ki, onların koloniyaları qonşulardan gələ biləcək istənilən təhdidə qarşı müdafiəsizdir. 1681-ci ildə fransız zadəgan Robert Kavalye de La Sall rəhbərliyində Sakit Okeana çıxış tapmaq arzusu ilə Yeni Fransa adlanan ərazilərdən Mississippi çayı boyunca ekspedisiya yola çıxır, lakin bu heyət Sakit Okean əvəzində Meksika körfəzinə yol tapmağa müvəffəq olur. Əslində, ispan konkistador Hernando De Soto bu əraziləri 140 il əvvəl İspaniya Krallığına qatsa da, 9 aprel 1682-ci ildə La Sall Mississippi vadisinə Fransa kralı XIV Lüdovik adına iddia qaldırır və ərazini onun şərəfinə Luiziana adlandırır.

Fransa Mississippinin mənsəbində özünə aid bir baza inşa etmədikcə, İspaniyanın bütün Meksika körfəzinə nəzarət etmək, hətta Yeni Fransanın cənub sərhədlərini daimi təhlükə altında saxlamaq riski var idi. La Sall inanırdı ki, Mississippi çayı Yeni İspaniyanın ucqar şərq ərazilərinə qədər çatır. Buna görə də 1684-cü ildə Fransaya qayıtdıqdan sonra çayın ağzında yeni koloniya qurmağı krala təklif edir. Yeni qurulacaq koloniya həm xristianlığın yerlilər arasında yayılmasında baza rolu oynaya, həm də qonşuluqdakı ispanların Nueva Vizkaya əyalətinə hücum edərək, buradakı məhsuldar gümüş mədənlərini ələ keçirməyə kömək edə bilərdi. La Sall zənn edirdi ki, çox az sayda fransız kolonist ispanların onları köləliyə cəlb etməsinə qəzəbli olan 15000-ə yaxın hindilərlə müttəfiq olub, uğurla Yeni İspaniyanı işğal edə bilər. 1687-ci ilin oktyabrında İspaniyanın Fransaya müharibə elan etməsinin ardınca, kral La Sallın planı ilə razılaşır. İndi artıq onun hədəfi Şimali Amerikaya qayıtmaq və "hindilərin krala bağlılığını təmin edib, onları doğru yola çəkmək və qəbilələrarası sülhü təşkil etmək" idi.

İkinci ekspedisiya La Sallın orijinal planına əsasən onun ilk növbədə Yeni Fransaya lövbər salması, buradan cənub istiqamətində, İllinoys torpağı üzərindən Mississippi boyunca çayın mənsəbinə hərəkət etməsi gözlənilirdi. Kral XIV Lui isə İspaniyaya baxmayaraq, La Sallın İspaniyanın eksklüziv mülkiyyəti hesab edilən Meksika körfəzi üzərindən hərəkət planını dəstəkləyirdi. Həmçinin, La Sall ilkin olaraq bir gəminin kifayət edəcəyini düşünsə də, 24 iyul 1684-cü ildə La Roşel limanını dörd gəmi ilə tərk edir: 36 toplu döyüş gəmisi "Le Joly", 300 tonluq yük daşıyıcı "L'Aimable", bark tipli yelkənli "La Belle" və keç tipli daha kiçik ölçülü yelkənli "San-Fransua". "Le Joly" və "Le Belle" gəmiləri kral XIV Lui tərəfindən təmin edilsə də, La Sall daha çox yük daşımaq üçün sonradan digər iki gəmini də fransız tacirlərdən icarəyə götürür. Gəmilər və onları idarə edəcək ekipaja əlavə olaraq, 100 hərbçi ilə ekspedisiyaya ixtisaslı işçilərin qoşulmasını təmin etmək üçün əlavə vəsait ayrılır. La Sall özü isə qarşılaşacaqları yerlilərlə mübadilə etmək üçün əmtəələr alır.

Gəmilər ümumilikdə 300 nəfərə yaxın insan daşıyırdı, hansı ki, bunlara hərbçilər, tacirlər, gəmi ekipajı, altı katolik missioner, qadın və uşaqlar daxil idi. Gəmilərin limanı tərk etməsindən qısa müddət sonra Fransa və İspaniya arasındakı silahlı münaqişə sona çatmışdı və artıq kral La Salla əlavə dəstək göndərməkdə maraqlı deyildi. Səyahətin detalları gizli saxlanılmışdı ki, ispanlar bundan xəbərsiz qalsın və hərəkətin təhlükəsizliyi mümkün qədər təmin edilsin. Bununla belə, ekspedisiyanın donanma komandiri Siyö de Bejeü La Sallın yekun məntəqəni açıqlamama barədə niyyətinə etiraz edir. İkili arasındakı narazılıqlar onlar Haiti adasındakı San-Dominqo məntəqəsinə çatana qədər davam edir. Burada onlar arasındakı əsas narazılıq səbəbi gəmilərin harada lövbər salacağı ilə bağlı idi. Bu vaxt Bejeü göstərişlərin əksinə gedərək, adanın başqa hissəsində lövbər salmağa qərar verir və nəticədə, koloniya üçün nəzərdə tutulmuş lazımi təminat və təchizatla dolu olan San-Fransua gəmisi ispanların əlinə keçir.

58 günlük səyahət ərzində iki nəfər xəstəlikdən vəfat edir və bir qadın uşaq dünyaya gətirir. San-Fransua təchizat gəmisini itirdikdən sonra heyətin San-Dominqoya çatması gözləniləndən daha uzun çəkir. La Sallın yeni təminat üçün çox az vəsaiti qaldığına görə yekunda göyərtədə olan iki tacir özləri gətirdikləri əmtəələri adalılara satır və qazandıqları gəliri La Salla verir. Adaya çatdıqdan sonra bir neçə nəfər qaçdığına görə ekspedisiyaya yerlilərdən əlavə adamlar qəbul etməli olurlar.

1684-cü il noyabr ayının sonlarında, La Sall ağır xəstəlikdən tam sağaldıqdan sonra qalan üç gəmi Mississippi çayının deltası üçün axtarışlara davam edir. Heyət San-Dominqonu tək etməzdən əvvəl yerli dənizçilər xəbərdarlıq edir ki, əgər gəmilərə düzgün istiqamət verə bilməsələr, güclü körfəz cərəyanları onları şərqə, Florida körfəzlərinə doğru sürükləyə bilər. Dekabrın 18-də gəmilər Meksika körfəzinə çatır və İspaniya tərəfindən iddia olunan əraziyə daxil olurlar. Ekspedisiya üzvlərindən heç biri əvvəl burada olmadığına görə naviqasiya ilə bağlı problemlər ortaya çıxır. Qeyri-dəqiq xəritələrdən istifadə, La Sallın Mississippi çayının mənsəbinin yüksəkliyi ilə bağlı yanlış hesablamaları, cərəyanları nəzərə alaraq edilən əlavə lazımsız düzəlişlər yekunda ekspedisiyanın Mississippini tapma cəhdinin uğursuzluqla nəticələnməsinə səbəb olur. Beləliklə, onlar 1685-ci ilin əvvəllərində Mataqorda buxtasında, Mississippidən 640 km qərbdə sahilə çıxır.

İlk yaşayış məntəqəsi

Kolonistlər San-Dominqonu tərk edəndən təxminən üç ay sonra, 20 fevral tarixində ilk dəfə torpağa ayaq basır və indiki Mataqorda adası mayakı yaxınlığında müvəqqəti düşərgə salır. Ekspedisiyanın salnaməçisi Anri Jutel Texası ilk görüşünü belə ifadə edir: "Torpaq mənə çox əlverişli kimi görünmədi. Hər yer düzənlik və qumlu idi, bununla belə, şərait ot yetişməsinə mane olmurdu. Bir neçə duz hövzəsi var idi. Bizim gəlişimizi gözləməyən bir neçə durna və Kanada qazından başqa heç bir vəhşi quş görmədik."

Bejeünün tövsiyəsini dinləməyən La Sall təchizatları düşərgəyə yaxınlaşdırmaq üçün gəmilərdən "La Belle" və "L'Aimable" üçün dar keçid yaradılmasına icazə almaq məqsədilə danışıqlar aparmağa qərar verir. "L'Aimable"ın yükünü azaltmaq üçün onun səkkiz topu və daşıdığı digər yükün kiçik bir qismi atılır. "La Belle" uğurla düşərgəyə çatdıqdan sonra La Sall gəminin pilotunu göndərir ki, digər təchizat gəmisi də keçirilsin, lakin "L'Aimable"ın kapitanı kömək təklifini geri çevirir. "L'Aimable" hərəkətə başlamağa hazırlaşdığı anda isə bir qrup karankava yaxınlaşır və adamlardan bir hissəsini qaçırır. Bunu görən La Sall bir qrup əsgərlə birlikdə onları xilas etmək üçün yerlilərin arxasınca düşür və bu vaxt "L'Aimable" gəmisini istiqamətləndirməyə arxada heç kim qalmır. Geri qayıtdıqlarında gəminin artıq bara oturduğunu görürlər.

Növbəti bir neçə gün ərzində adamlar gəmidən alət və əmtəələri xilas etməyə çalışsalar da, güclü tufan buna maneçilik törədir, yalnız müəyyən qədər ərzaq, top, barıt və ticari əmtəələrdən çıxarmaq mümkün olur. 7 martda gəmi batır. Fransızlar batan gəminin karankavalar tərəfindən qarət olunmasını izləməklə kifayətlənir. Bir müddət sonra fransız əsgərləri yaxınlıqda tərk edilmiş kənd tapır. Bu vaxt əsgərlər təkcə yerlilər tərəfindən qarət olunmuş əmtəələri götürməklə kifayətlənmir, həm də heyvan dəriləri və iki qayığı özləri ilə geri gətirir. Hadisədən xəbər tutan qəzəbli karankavalar düşərgəyə hücum edir, iki fransız həlak olur, başqaları yaralanır.

Kolonistləri okeanın o biri tayına keçirməklə missiyasını tamamlayan kapitan Bejeü 1685-ci il martın ortalarında "Joly" gəmisi ilə birlikdə Fransaya qayıdır. Kolonistlərin əksəriyyəti onunla birlikdə geri qayıtmağa qərar verir və arxalarında cəmi 180 nəfəri buraxırlar. Bejeü Fransaya gəldikdən sonra La Sallın əlavə təchizat istəyini çatdırsa da, İspaniya ilə müharibəni bitirən fransız hökuməti bu istəyi həmişəlik cavabsız buraxır. Texasda qalan kolonistlər isə dizenteriya və zöhrəvi xəstəliklər səbəbindən gündəlik olaraq itkilər verir, sağlam qalanlar isə Mataqorda adasında müvəqqəti qala inşa etməyi bacarır.

Qala