Çələbilər məscidi ― Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən XVII əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Çələbilər məscidi Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir. 1678-ci ildə Məhəmməd ibn Hacı Qaraman Əhməd tərəfindən tikdirilib. Məsciddə mədrəsə də fəaliyyət göstərib. Burada dini və dünyəvi elmlər tədris olunub. XVIII əsrdə yaşamış Azərbaycan şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Çələbilər məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Cəbrayıl rayonunun işğalına qədər Çələbilər məscid-mədrəsə kompleksi bərpa olunub və ilkin formasına gətirilib. Çələbilər kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal edildikdən sonra ermənilər tərəfindən yandırılmış və talan edilib. Məscidin binası yararsız hala düşüb. Məscid-mədrəsə kompleksi ermənilər tərəfindən heyvan tövləsi olaraq istifadə edilib. 2020-ci il oktyabrın 26-da kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Şəkilləri

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Xudafərin körpüləri

İstinadlar

Kateqoriya:Cəbrayıl abidələri Kateqoriya:Azərbaycan məscidləri Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri