Şahzadə Viktoriya Alberta Yelizaveta Matilda Mariya (; ) — Böyük Hesse hersoqu IV Lüdovikin qızı, Hessen və Reyn şahzadəsi.
Şahzadə Viktoriya, adını daşıdığı Kraliça Viktoriyanın şəxsi nəzarəti altında Vindzor sarayında dünyaya gəldi. Uşaqlıq və ilk gənclik illəri İngiltərə və Almaniyada keçdi. Ailənin ən böyük övladı idi və erkən yaşda vəfat edən anasının yerinə bacı-qardaşlarına baxdı. Atasının etirazlarına baxmayaraq, Britaniya donanmasında vəzifəli olan atasının əmisioğlu Battenberq şahzadəsi Lüdoviklə evləndi. Evlilik həyatının böyük qismini ərinin vəzifəli olduğu yerlərdə və Avropanın müxtəlif yerlərində yaşayan qohumlarının yanında keçirdi.
Birinci Dünya müharibəsi illərində artan alman düşmənçiliyinə görə əri və özü soyadının ingilis versiyası olan Mauntbetten soyadını aldılar.
Həyatı 5 aprel 1863-cü ildə Vindzor sarayında dünyaya gəldi. Atası Böyük Hesse taxt-tacının varisi Şahzadə Lüdovik, anası isə Britaniya kraliçası Kraliça Viktoriyanın qızı Şahzadə Alisdir. Dayısı Uels şahzadəsi Albertlə Danimarkalı Aleksandranın toy mərasimi münasibətilə, ailəsinin London ziyarəti əsnasında, nənəsi Kraliça Viktoriyanın şəxsi nəzarətində dünyaya gəldi. Bu səbəblə, nənəsinin şərəfinə Viktoriya adını aldı və 27 apreldə lüteran məzhəbinə uyğun vəftiz edildi.
Uşaqlıq illəri Darmştadtda keçdi və ailə nisbətən təvazökar həyat yaşasa da, mükəmməl təhsil aldı. 1866-cı ildə başlayan Avstriya-Prussiya müharibəsi səbəbilə, o və bacısı Yelizaveta bir müddət Britaniyada nənələri Kraliça Viktoriyanın himayəsində yaşadılar. Müharibənin ardından vətənə qyaıtdılar və ailənin böyük qızı olaraq anasıyla birlikdə səhra hospitallarını ziyarət etdi.
1878-ci ilin sonlarında ailə difteriya epidemiyasına yoluxdu və bu epidemiya nəticəsində ən kiçik bacısı Mariya və anası Şahzadə Alis vəfat etdi. Bu tarixdən etibarən bacı-qardaşlarına ana rolu oynadı.
Ailə yığıncaqlarında atasının əmisi oğlu Şahzadə Lüdoviklə tanış oldu. Şahzadə Lüdovik, ingilis vətəndaşlığına keçmiş bir Battenberq şahzadəsi idi və Britaniya donanmasında xidmət edirdi. 1883-cü ilin yayında nişanlanan cütlük 30 aprel 1884-cü ildə Darmştadtda evləndi. Atası bu evliliyə qarşı çıxdı. Maraqlısı isə, atası eyni gün dul bir əsilzadəylə gizlicə evlənmişdi. Şahzadə Viktoriyanın toyu münasibətilə Darmştadta toplanan ailə üzvləri bu evliliklə şok oldular və ailənin təzyiqləri nəticəsində hersoq 3 ay sonra yeni xanımını boşamalı oldu.
Şahzadə Viktoriyanın bu evlilikdən 4 övladı dünyaya gəldi.
Şahzadə Alis Şahzadə Luiza Şahzadə Georq Şahzadə Luiz
Ərinin donanmadakı vəzifəsi səbəbilə durmadan yer dəyişdirdilər. 1887-ci ildə tifus xəstəliyinə tutulsa da, tezliklə sağaldı və arxeologiya ilə məşğul oldu. Almaniya və Maltada arxeoloji qazıntılara qatıldı. 1901-ci ildə nənəsi Kraliça Viktoriyanın cənazə mərasimi üçün Londona gəldilər. Bütün övladlarına, xüsusilə də kiçik oğlu Şahzadə Luizə şəxsən özü dərs verdi.
1914-cü ilədək Şahzadə Viktoriya, Rusiyada yaşayan bacıları Knyaginya Yelizaveta və Çariça Aleksandranı tez-tez ziyarət etdi. O, bacısını Rasputinin təsirindən uzaqlaşdırmağa çalışan qohumlarından biri idi. Birinci Dünya müharibəsi başladığı əsnada Şahzadə Viktoriya və qızı Luiza Yekaterinburqda idi. Gizlicə Sankt-Peterburqa, ordan isə Stokholma və Britaniyaya qaçdılar.
Birinci Dünya müharibəsi illərində əri Şahzadə Lüdovik donanmadakı vəzifəsindən istehfa verdi və alman əsilli olmaları səbəbindən gözdən kənar qalmaq niyyətiylə Vayt adasında yaşamağa başladılar. Artan alman düşmənliyi nəticəsində Britaniya kralı V Corc bütün alman ünvan və rütbələrindən imtina etdi. Onun bu addımı bir çox monarx qohumlarına nümunə oldu. Beləcə, Şahzadə Viktoriya və əri Şahzadə Lüdovik də daşıdıqları Battenberq soyadından imtina edərək, onun ingiliscələşmiş versiyası olan Mauntbetten soyadını mənimsədilər.
Müharibənin ardından Şahzadə Viktoriyanın çar ailəsiylə evli 2 bacısı da bolşeviklər tərəfindən qətlə yetirildi. Onun səyləri nəticəsində, 1921-ci ilin yanvarında bacısı Knyaginya Yelizavetanın sümükləri tapılaraq Qüdsə aparıldı və burada dəfn edildi. Ancaq digər bacısı son çariça Aleksandra Fyodorovnanın cənazəsi onun sağlığında tapılmadı.
1921-ci ilin sentyabrında əri Şahzadə Lüdovik Londonda vəfat etdi. Ərinin ölümündən sonra Kensinqton sarayında yaşamağa başladı. 1930-cu ildə qızı Şahzadə Alisanın şizofreniya diaqnozuyla sanatoriyaya qapadılmasının ardından, nəvəsi Şahzadə Filippin təlim-tərbiyəsi və təhsiliylə yaxından məşğul oldu.
1937-ci ildə qardaşı Ernst Lüdovik vəfat etdi və Hessendə muxtariyyət ləğv oldu. Taxt varisi olan qardaşı oğlu Georq Donatus isə (hansı ki, Şahzadə Viktoriyanın nəvəsi ilə evli idi) həmin ilin noyabrında baş verən avia-qəzada bəzi ailə fərdləriylə birlikdə həlak oldu.
İkinci Dünya müharibəsi illərində 1940-cı ilin oktyabrında yaşadığı Kensinqton sarayı bombalandı və bu səbəblə, bir müddət Vindzor qalasında yaşadı. 1947-ci ildə nəvəsi Şahzadə Filipp Britaniya kralı VI Corcun qızı və varisi Şahzadə Elizabetlə evləndi. Ertəsi il doğulan nəticəsi Şahzadə Çarlzın vəftiz analarından biri oldu. 24 sentyabr 1950-ci ildə Kensinqtonda vəfat etdi. 4 gün sonra baş tutan cənazə mərasiminin ardından Vayt adasına dəfn olundu.
İstinadlar
Ədəbiyyat
A "sisters" biography of the four surviving daughters of Princess Alice, Grand Duchess of Hesse and by Rhine, told from the point of view of Princess Victoria. Miller, Ilana (2024) Queen Victoria's Favourite Granddaughter: Princess Victoria of Hesse and by Rhine the Most Consequential Royal You Never Knew Yorkshire: Pen & Sword History. ISBN 978-1-39906-626-6.
Kateqoriya:Almanlar