İstanbul Universiteti-Cərrahpaşa — İstanbulda yerləşən Türkiyə dövlət universiteti. 2018-ci ildə bəzi fakültə, institut, kollec və peşə məktəbləri İstanbul Universitetindən ayrılaraq İstanbul Universiteti-Cərrahpaşa adı altında yeni universitet kimi yaradılıb. Adını İstanbulun Cərrahpaşa səmtinə də adını verən Cərrah Mehmed Paşadan almaqdadır. 12 fakültə, 6 institut, 1 kollec, 5 peşə məktəbi və 17 tədqiqat mərkəzinə malikdir. 8 kampusu olan universitetin rektorluğu Avcılarda yerləşir. Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir.
Tarixi Dünyanın 20 ən qədim universiteti arasında yer alan və Türkiyə Respublikasının ilk müasir universiteti olan İstanbul Universiteti, İstanbul-Cerrahpaşa Universitetinin əsasını təşkil edir. İstanbul Universiteti, 2018-ci ildə 23 fakültə, 17 institut, 2 məktəb, 7 peşə məktəbi, 44 elmi-tədqiqat mərkəzi, 12 şəhərcik, 6000-ə yaxın professor-müəllim heyəti, 12 min inzibati heyəti və 170 min-dən çox bakalavr tələbəsini özündə birləşdirirdi. Lakin bu böyümənin gətirdiyi problemlər zaman keçdikcə daha da artıb və həll olunmaz bir prosesə irəliləyirdi.
Gündən-günə sıxlaşan şəhərlər, onların əhalisinin durmadan artması, getdikcə çətinləşən nəqliyyat və məskunlaşma problemləri, eləcə də inzibati-təsərrüfat məsələlərinin həllində qarşıya çıxan çətinliklər və böyük universitetlərin idarə olunmasında formalaşan maliyyə, akademik və təhsil problemləri iri universitetlərin bölünməsi məsələsi gündəmə gətirməyə başlamışdı. Nəticə etibarilə 2018-ci ildə İstanbul Universiteti biri İstanbul Universiteti, digəri isə İstanbul Universiteti-Cərrahpaşa olmaqla ikiyə bölündü. Universitetin ilk rektoru olaraq Cərrahpaşa Tibb Fakültəsi müəllimi Prof. Dr. Nuri Aydın təyin edildi.
Universitetin yaranma tarixi onun loqosunda "1453" kimi təqdim olunur. Universitet rəhbərliyinin 2019-cu ildə qəbul etdiyi qərarla tibb fakültəsinin yaranma tarixi 1827-ci il olaraq qəbul edilib.
Akademik Hazırda İstanbul Universiteti-Cərrahpaşa, 6794 əməkdaş, 2313 akademik, 4481 inzibati heyət ilə 33 minə yaxın tələbəyə xidmət göstərir. Universitet Avcılar, Bahçeköy, Bakırköy, Böyükçəkməcə, Cərrahpaşa, Hasəki, Sultanqazi və Şişli olmaqla 8 kampusda fəaliyyətini davam etdirir.
Fakültələr Cerrahpaşa tibb fakültəsi Mühəndislik fakültəsi Baytarlıq fakültəsi Meşəçilik fakültəsi Florens Naytingel tibb bacısı fakültəsi Həsən Əli Yücəl təhsil fakültəsi Sağlamlıq elmləri fakültəsi İdman elmləri fakültəsi Stomatologiya fakültəsi Əczaçılıq fakültəsi İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi
İnstitutlar Kardiologiya İnstitutu Məhkəmə Tibb və Məhkəmə Ekspertizası İnstitutu Ağciyər Xəstəlikləri və Vərəm İnstitutu Nevroloji Elmlər İnstitutu Lisansüstü Təhsil İnstitutu Nanotexnologiya və Biotexnologiya İnstitutu
İstinadlar
Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:İstanbul Universiteti Kateqoriya:2018-ci ildə Türkiyədə yarananlar