Xədicə Sabiha Görkey ― türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Sivas seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.
Erkən həyatı Xədicə Sabiha Görkey 1888-ci ildə İstanbulun Üsküdar ilçəsində Hacı İsmayıl və həyat yoldaşı Ayşənin ailəsində anadan olub. Sabiha 1903-cü ildə Üsküdar qız peşə liseyini, 1906-cı ildə isə İstanbul Darülmuallimatını (İstanbul qız müəllimlər məktəbi) bitirmişdir.
Pedaqoloji fəaliyyəti Sabiha 31 yanvar 1907-ci ildə Molla Gürani Orta Peşə Liseyində bədii tikmə müəllimi kimi işləməyə başlayıb. O 1904–1908-ci illərdə daha bir neçə məktəbdə müəllim kimi işləyib. O bundan sonra indiki İstanbul Universiteti olan Darülfünunda riyaziyyat üzrə təhsil almış və 1917-ci ildə oranı ən yüksək qiymətlə bitirmişdir. O həm də, universiteti bitirən ilk beş qız tələbədən biri idi. Sabiha 1917-ci ilin sentyabrında Bursadakı Müəllimlər Texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib. O, vəzifəsindən ayrılaraq məzuniyyət üçün İstanbula getmiş və bundan sonra vəzifəsinə qayıtmamışdır. Sabiha 1919-cu ilin fevral ayında Ədirnədəki Qız müəllimlər texnikumuna müdir köməkçisi və riyaziyyat müəllimi təyin edilib və 1922-ci ilin sentyabrına qədər burada işləyib.
Xədicə Sabiha Ədirnədə olduğu müddətdə lisey direktoru Kamal Görkeylə ailə həyatı qurub və bu evlilikdən bir uşağı dünyaya gəlib.
Görkey Osmanlı imperiyasının son illərində, 1922-ci ilin oktyabrından 1923-cü ilin sentyabrına qədər işsiz qalıb. O 1923-cü ildə Adanada Qız Müəllimlik Məktəbində qısa müddət üçün riyaziyyat müəllimi kimi işləyib. Görkey 1923-cü ilin oktyabrından Türkiyə Cümhuriyyətinin qurulmasından 1933-cü ilin avqustuna qədər Sivasdakı Qız Müəllim Texnikumunda, daha sonra isə 1935-ci ilin fevralına qədər Tokat orta məktəbində riyaziyyat müəllimi olub.
Siyasi karyerası Türkiyədə 1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə, türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Görkeyin siyasi karyerası 1935-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilməsi ilə başlamışdır. O, bu seçki nəticəsində 873 seçicinin səsi ilə Türkiyənin 5-ci parlamentinə Sivas seçki dairəsinin millət vəkili olaraq daxil olub. Beləliklə, o, parlamentin ilk 18 qadın üzvündən biri olmuşdur. O, parlamentdəki dörd illik fəaliyyəti müddətində parlamentin Daxiliyyə Əncümənində fəaliyyət göstərib və 1939-cu il parlament seçkilərindən sonra könüllü olaraq təqaüdə çıxıb. Dövrün nəşrlərinə görə o, millət vəkili olduğu dövrdə heç vaxt Sivasda olmayıb.
Görkey 22 noyabr 1963-cü ildə vəfat etmiş və Cəbəci Əsri qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə pedaqoqları