Aynur Elgünəş (tam adı: Aynur Telman qızı Qənbərova; ) — azərbaycanlı jurnalist və siyasi məhbus; 2005-2014-cü illərdə "Gündəlik Azərbaycan", "Yeni Müsavat", "Azadlıq" və "Bizim Yol" qəzetlərinin müxbiri olmuş, 2014-cü ildən isə "Meydan TV"nin baş redaktorudur.
Jurnalist fəaliyyəti ərzində siyasi motivli təqiblərə məruz qalmışdır. 2015-ci ilin sentyabr ayı ərzində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunaraq dindirilmişdir. "Meydan TV"nin vəzifəli şəxsləri barədə Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.2.2 və 308.2-ci maddələri başladılan cinayət işinə cəlb edilmiş, 2019-cu ilin mayınadək ölkədən gedişi qanunsuz olaraq məhdudlaşdırılmışdır.
"Meydan TV"nin baş redaktoru olduğu illərdə yüzlərlə araşdırma məqaləsinin, reportajın müəllifi olmuş, "Meydan TV" Azərbaycanın ən izlənin medialarından birinə çevrilmişdir.
Aynur Elgünəş özünü həm də ssenarist-rejissor olaraq da sınamışdır. 2022-ci ildə onun ilk ekran əsəri — “Çinar ağacının kölgəsində” sənədli filmi nümayiş olunmuşdur. Film Azərbaycan, həmçinin ABŞ, Bosniya və Herseqovina, Braziliya, Çexiya və Hindistanda baş tutan beynəlxalq film festivallarının müsabiqə proqramına daxil edilmiş, bu müddət ərzində "Sevil" Beynəlxalq Qadın Sənədli Film Festivalında, “Press Play Prague” beynəlxalq film festivalında və 18-ci “Entretodos” Film Festivalında mükafatlara layiq görülmüşdür.
2024-cü il, dekabrın 6-da Azərbaycanda jurnalistlərin silsilə həbsləri zamanı özü və "Meydan TV"nin digər jurnalistləri ilə birlikdə polislər tərəfindən saxlanılmış, nəticədə Bakı Şəhər Baş Polis İdarəsində başladılmış cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunmuş, dekabrın 8-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdur. İbtidai istintaq dövrü ərzində həm birinci, həm də apellyasiya instansiyasında ondan çox məhkəmə iclası baş tutmuş, bu iclaslarda müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmamış, BŞBPİ müstəntiqinin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları isə birqayda olaraq təmin olunmuşdur. 29 avqust 2025-ci ildə ona Cinayət Məcəlləsinin yeddi maddəsi — 192.3.2, 193–1.3.1, 193–1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri üzrə ittiham elan edilmişdir. Bu maddələr özündə qanunsuz sahibkarlığı, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmanı, qaçaqmalçılığı, vergiləri ödəməkdən yayınmanı, rəsmi sənədləri saxtalaşdırmanı və bilə-bilə saxta sənədlərdən istifadə etməni ehtiva edirdi. Aynur Elgünəş ittihamlar üzrə özünü təqsirli bilməmişdir. Sülh və Demokratiya İnstitutu (IPD) tərəfindən o, "siyasi məhbus" elan edilmiş, bir sıra nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları — "Human Rights Watch" və "Amnesty International", həmçinin "Sərhədsiz Reportyorlar", habelə ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən onun və digər həbs edilmiş jurnalistlərin həbsləri qınanmış, onların dərhal azadlığa buraxılması Azərbaycan hökumətindən tələb edilmişdir.
2024-cü ilin dekabr ayından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Erkən illəri Aynur Telman qızı Qənbərova 1975-ci il, mayın 29-da Ağdam rayonunda anadan olub. Aynur Qənbərova yeddinci sinifdə oxuyanda rayonunu «Lenin yolu» qəzetində məqalələri çap edilib.
1993-cü ilin yayında, Birinci Qarabağ müharibəsi zamanı Ağdamın işğalından sonra Aynur və ailəsi doğma şəhərini tərk eləməli olub. Ağdamdan 206 kilometr məsafədəki Mingəçevir şəhərində məcburi köçkün həyatı sürüb.
1994-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub, 1998-ci ildə oradan Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə fərqlənmə ilə məzun olub.
Jurnalist fəaliyyəti Aynur Qənbərova ixtisasca jurnalist olmasa da tələbəlik illərindən jurnalistika ilə məşğul olmuşdur.
O, jurnalist fəaliyyətinə Azərbaycan Radiosunda başlamış, ardınca "Cümhuriyyət" qəzetində əvvəlcə müxbir, sonra isə şöbə redaktoru, həmçinin "Yeni Qafqaz" qəzetində baş redaktor müavini, "Xalq Cəbhəsi", "Paritet" və "Müstəqil" qəzetlərində isə müxbir kimi fəaliyyət göstərmişdir.
2000-ci illərin əvvəllərindən etibarən o, "Aynur Elgünəş" imzasından istifadə edir.
2002-ci ildə BBC-nin "Jurnalistikanın əsasları" təlimi keçmişdir.
2005-ci ildə Niderland Jurnalistika Məktəbində (sonradan adı "Bakı Jurnalistika Məktəbi" olmuşdur) üçaylıq kurs keçmişdir.
2005–2007-ci illərdə isə "Gündəlik Azərbaycan" qəzetinin müxbiri olmuşdur. Əsasən sosial-iqtisadi mövzularda araşdırmaçı jurnalist olaraq çalışmışdır. 2007-ci ilin aprel ayında "Gündəlik Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin həbs edilməsi və nəşrin fəaliyyətini dayandırmasından sonra o, həmin ilin iyul ayında Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilmiş, ölkədən gedişinə qadağa qoyulmuşdur.
2007–2014-cü illərdə müstəqil jurnalist olaraq fəaliyyət göstərmişdir. Bu dövrdə "Yeni Müsavat", "Azadlıq", "Bizim Yol" qəzetləri ilə əməkdaşlıq etmişdir. Bir müddət "Yeni İqtisadiyyat" jurnalında redaktor olmuşdur.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinində də mətbuat katibi kimi fəaliyyət göstərmişdir.
2009-cu ildə Bakı Jurnalistika Məktəbinə məxsus “var.az” saytının baş redaktoru olmuşdur.
2012–2013-cü tədris ilində Bakı Slavyan Universitetində "ictimai jurnalistika" fənnini tədris etmişdir.
Bakı Jurnalistika Məktəbi (BJM) və Demokratik Təşəbbüslər İnstitutunda (IDI) gənc jurnalistlər üçün keçirilən təlim və kurslarda təlimçi kimi iştirak edərək onların inkişafına töhfə vermişdir.
2014-cü ilin aprel ayından "Meydan TV"nin baş redaktorudur.
2015-2019-cu illərdə jurnalist fəaliyyətinə görə qanunsuz olaraq ölkədən çıxışı məhdudlaşdırılmışdı.
Jurnalist fəaliyyəti ərzində polislər tərəfindən saxlanılmış, zorakılığa və təqibə məruz qalmış, təhdid olunmuşdur.
2021-ci ilin iyun ayında Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) və tərəfdaş qurumların apardığı beynəlxalq araşdırmada Azərbaycan hökumətinin jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin "NSO Group" şirkətinə məxsus "Pegasus" casus proqramından istifadə etdiyi iddia bildirilmişdir. Sızdırılmış siyahıda 80-dən çox azərbaycanlının, o cümlədən Aynur Elgünəşin də adı olmuşdur.
Siyasi motivli cinayət təqibi və səyahət qadağası (2015–2019)
7 sentyabr 2015-ci ildə Aynur Elgünəş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağrılmış, müstəntiq Əli Babayev tərəfindən "Meydan TV"nin fəaliyyəti ilə bağlı ona dindirilmişdir.
23 sentyabr 2015-ci ildə Nəsimi Rayon Məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin şöbə rəhbəri Pərviz İbayevin təqdimatı əsasında Aynur Elgünəş və Aytən Fərhadovanın vergi yoxlamalarına cəlb olunması barədə qərar qəbul etmişdir. İstintaq idarəsi hesab edirdi ki, "Meydan TV" “Qrant haqqında” qanunun tələblərini pozmuş və bu media qurumu ilə əməkdaşlıq edən jurnalistlər qeyri-qanuni yolla gəlir əldə edərək vergidən yayınımışdırlar.
2016-cı ilin fevral ayında Aynur Elgünəşin ölkədən gedişinin məhdudlaşdırılması ilə bağlı məhkəmə nəzarətində qaydasında verilmiş şikayətə baxılmışdır. Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi iştirak etməmiş, həmçinin Aynur Qənbərovanın ölkədən gedişinin məhdudlaşdırılmasına əsas verən sənədlərin verilməsi üçün istintaq idarəsinə göndərilmiş sorğular cavablandırılmamışdır. Nəhayət 26 aprel 2016-cı ildə keçirilən məhkəmə iclasında istintaq idarəsinin müstəntiqi Əli Babayev də iştirak etmiş və o, bildirmişdir ki, "Meydan TV"nin 15 nəfər vəzifəli şəxsləri barədə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.2.2 və 308.2-ci maddələri ilə 152006048 nömrəli cinayət işinin ibtidai araşdırması aparılır. Bu maddələr özündə qanunsuz sahibkarlığı, vergi ödəməkdən yayınmanı və vəzifə səlahiyyətlərindən sui-istifadəni ehtiva edir. Bu səbəblə Nəsimi Rayon Məhkəməsi Aynur Qənbərovanın ölkədən gedişinin məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul etmişdir. Aynur Elgünəşin müdafiəçisi Elçin Sadıqov Cinayət-Prosesusal Məcəlləsində məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsinə imtina olunmasının nəzərdə tutulmadığını bildirmiş və bu qərarı "qanunsuz" adlandırmışdır. Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə ibtidai araşdırması və ya ibtidai istintaqı aparılan cinayət işi ilə bağlı şəxslərə tətbiq edilən "ölkədən gedişin məhdudlaşdırılması" tamamilə qanunsuzdur. Şəxslərin ölkədən getmək hüququna məhdudiyyət Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada və yalnız bu hallara əsasən tətbiq edilə bilər: şübhəli şəxs və ya təqsirləndirilən şəxs olduqda, məhkum və şərti məhkum edildikdə. Nəsimi Rayon Məhkəməsindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə baxılmışdır. İyunun 23-də apellyasiya instansiyası birinci instansiyası məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. A. Elgünəşin müdafiəçisi Elçin Sadıqov qərarı qanunsuz və əsassız hesab etmişdir: “Bu qərar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı, 10-cu, 13-cü, 18-ci və 4 saylı Əlavə Protokolun 2-ci maddəsinin pozulmasıdır”.
2019-cu ilin may ayında ölkədən gedişi ilə bağlı qoyulan qadağa götürülmüşdür.
AİHM-nin qərarı 2017-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Aynur Qənbərova, Aytac Əhmədova və Natiq Cavadlının ölkədən gedişinin məhdudlaşdırılması ilə bağlı şikayətlər üzrə kommunikasiya mərhələsinə başlamışdır. Ərizəçilər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsinə (hərəkət etmək azadlığı), habelə 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) əsasən şikayət edirdilər ki, yerli məhkəmə sistemi şikayətlərinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə məhkəməyə müraciət hüquqlarını pozmuş, həmçinin Konvensiyanın 10-cu maddəsinin (fikri ifadə etmək azadlığı) və Konvensiyanın 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyini bildirmişdilər.
21 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Aynur Qənbərova və başqaları Azərbaycana qarşı işi üzrə qərarını açıqlamışdır. AİHM-in qərarına əsasən, Azərbaycan hakimiyyəti Aynur Qənbərova, Aytac Əhmədova və Natiq Cavadlının hərəkət etmək azadlığı (Konvensiyanın 2-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququnun (Konvensiyanın 13-cü maddəsi) pozmuşdur. AİHM-nin qərarına görə hər bir ərizəçiyə mənəvi ziyana görə 5000 avro kompensasiya və məhkəmə xərcləri üçün əlavə 500 avro ödənmişdir.
Siyasi motivli həbs illəri (2024–) Saxlanması və istintaq dövrü