Aysel Umudova (tam adı: Aysel Şəmsəddin qızı Ümüdova; ) — azərbaycanlı jurnalist və siyasi məhbus; 2015-ci ildən "Meydan TV"nin reportyoru.
Aysel Umudova peşə fəaliyyəti ərzində dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşmiş, 2024-cü il, dekabrın 6-da isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində "Meydan TV" jurnalistləri barəsində açılmış cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılmış, dekabrın 8-də Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.
Aysel Umudova və iş üzrə həbs edilən daha altı nəfər (sonradan, 2025-ci ilin fevral-avqust ayları ərzində iş üzrə daha beş nəfər həbs edilmişdi) barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Avqustda isə ibtidai istintaqı aparan BŞBPİ İstintaq və Təhqiqat İdarəsi işi üzrə təqsirləndirilən şəxslərə, o cümlədən Aysel Umudovaya qarşı yeni ittihamlar irəli sürmüşdü. Bununla da onların hər biri ümumi olaraq Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurdu: Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (…mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193–1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma — mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).
Aysel Umudova və iş üzrə həbs edilmiş digər jurnalistlər birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi. Onların həbsi ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən, həmçinin bir sıra nüfuzlu yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi motivli hesab olumuş, onların azadlığa buraxılması üçün Azərbaycan iqtidarına çağırışlar edilmişdi.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Erkən illəri və jurnalist fəaliyyəti Aysel Şəmsəddin qızı Ümüdova 1 avqust 1992-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Türk Dünyası (TDAV) Atatürk Liseyindən məzun olub.
Ali təhsilini Atatürk Universiteti Azərbaycan programında alsa da, həbsi ilə əlaqədar təhsili yarımçıq qalıb.
2014-cü ildə Bakı Jurnalistika Məktəbindən məzun olub.
2015-ci ildən isə Meydan TV-də jurnalist-reportyor olaraq çalışıb. 2021-ci ildə Meydan TV-də yayımlanan "Yaxın Planda" proqramının aparıcısı olub.
Peşə fəaliyyəti ərzində dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib. Jurnalistlər üçün Ədalət Fondunun (JFJ) hesabatına əsasən Aysel Umudova jurnalist fəaliyyəti ərzində polis tərəfindən döyülmə, avadanlığın zədələnməsi, saxlanılma, jurnalist materiallarının məhv edilməsi də daxil olmaqla beşdən çox hücuma məruz qalıb.
2020-ci ilin 14–15 iyulunda Milli Məclisin qarşısında baş verən etirazları işıqlandıran azsaylı jurnalistlərdən biri idi. Buna görə də polislər tərəfindən tzyiqə məruz qalıb.
2021-ci ilin oktyabrında AXCP fəallarının etiraz aksiyasını işıqlandıran zaman polislər tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsi (RPİ) 3-cü Polis Şöbəsinə aparılıb, az sonra sərbəst buraxılıb. Aysel Umudovanın sözlərinə görə, onu polis maşınına zorla, güc tətbiq edə-edə aparıblar, bu zaman polislər onun eynəyini sındırıb: "Qolumu zədələdilər, üzü üstə polis maşınının içinə atdılar. Onlara iş başında olduğumu bildirsəm də, məhəl qoymadılar. Telefonumu əlimdən aldılar və şəxsi məlumatlarıma baxmaqla hədələdilər. Yenə də sağ olsunlar, bölmədən meyidim də çıxa bilərdi, amma özüm çıxdım", deyə Umudova bildirmişdi.
Aysel Umudova ənənəvli olaraq 8 martda baş tutan feminist aksiyalarında iştirak edib. O, Azərbaycan hökumətindən qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, həmçinin Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyaya (İstanbul Konvensiyası) qoşulmağı tələb edib. 2020 və 2021-ci illərdə o, feministlərin aksiyası zamanı polislər tərəfindən saxlanılıb və polis şöbəsinə aparılıb.
Həbs edilməsi (2024) 6 dekabr 2024-cü ildə, günorta saatlarından etibarən sosial medialarda "Meydan TV"nin jurnalistləri, həmçinin bir sıra vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla 15-ə yaxın şəxsin polislər tərəfindən oğurlanması barədə məlumatlar yayılmışdı. Axşam saatlarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən Azərbaycana qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polislər tərəfindən bir neçə şəxsin araşdırma çərçivəsində saxlanılması, həmçinin bir sıra ünvalarda əməliyyat-axtarış tədbirlərinin aparılması barədə rəsmi məlumat verilmişdi.
Məlumata əsasən "Meydan TV" jurnalistləri Aysel Umudova və daha altı nəfər — Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko) və Xəyalə Ağayeva, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov Bakı Şəhər Baş Polisnin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində "Meydan TV"nin jurnalistləri barəsində açılmış cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılmışdı. Aysel Umudova da daxil olmaqla onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Onlar birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində Aysel Umudova və saxlanılan digər altı nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılmışdı. Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda baş tutan iclaslarda təqdimatlara baxılmışdı. Nəticədə təqdimatlar təmin edilmiş və Aysel Umudova da daxil olmaqla saxlanılan şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmə qərarından sonra Aysel Umudova Sabunçu rayonunun Zabrat qəsəbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabe olan Bakı İstintaq Təcridxanasına göndərilmişdi. Umudovanın vəkili Aqil Layıc ittihamların mahiyyətinin həm Aysel Umudova, həm də özü üçün aydın olmadığını qeyd etmişdi. "O, təhsil və ya digər şəxsi səbəblərdən xaricə səyahət edib, bəyannamə tələb edən heç bir əşyası olmasa da, hər dəfə hava limanında bəyannamələrini təqdim edirdi. O, müstəqil media orqanında çalışan jurnalist olaraq fəaliyyətindəki riskləri nəzərə alaraq bunu edirdi. Buna görə də, hansı "qaçaqmalçılıq"dan danışıldığı bəlli deyil", — deyə Layıc bildirib. O, həmçinin, Aysel Umudovanın səhhətini "pis" olaraq qiymətləndirib. "Saxlanıldıqdan sonra da BŞBPİ-nə onun üçün təcili tibbi yardım çağırılıb. Dünən [07.12.2024] isə Xətai Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti Saxlama Yerində (MSY) də onun üçün təcili tibbi yardım çağırılıb və bu gün də o, özünü yaxşı hiss etmirdi", — deyə o, əlavə edib.
thumb|255x255px|Rövşanə Rəhimlinin sözlərinə görə, Aysel Umudova istintaqa cəlb olunduğunu bildiyi halda, dəfələrlə Azərbaycandan gedib və geri qayıdıb. Umudova heç vaxt istintaqdan yayınmayıb, şahidlərə təsir etməyə çalışmayıb, istintaqın gedişatına mane olmayıb. Buna görə də həbsdə saxlanılmasını əsassız hesab edir 12 dekabr 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsində Aysel Umudovanın istintaq dövründə həbsdə saxlanması barədə Xətai Rayon Məhkəməsinin 8 dekabr 2024-cü il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Zamin İbrahimovun sədrliyilə qapalı baş tutan iclasda Aysel Umudova, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı tamamilə əsassız adlandırıb. Aysel Umudovanın sözlərinə görə, onu və iş üzrə həbs edilmiş digər şəxsləri sırf jurnalist fəaliyyətlərinə görə cəzalandırırlar. Aysel Umudovanın hüquqlarını müdafiə edən vəkili Aqil Layıc onun haqqında dörd aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə Xətai Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv olunmasını istəyib. Aqil Layıcın sözlərinə görə, Aysel Umudovanın həbsdə saxlanmasına zərurət yoxdur. Müstəntiq isə apellyasiya şikayətinə etiraz edib, həbs qərarının qüvvədə saxlanmasını xahiş edib. Nəticədə hakim Zamin İbrahimov qərarı dəyişməyib və Xətai Rayon Məhkəməsinin 8 dekabr 2024-cü il tarixli qərarı qüvvəsində saxlayıb. Prosesdə sonra Aqil Layıc jurnalistlərə açıqlamasında, Aysel Umudovanın ev dustaqlığına buraxılması üçün də məhkəməyə ayrıca müraciət olunacağını bildirib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində də bu barədə vəsatət verilib, amma nəzərə alınmayıb: "Aysel Umudovanı həbsdə saxlanmadan, barəsində alternativ növ qətimkan tədbiri seçilməklə istintaq davam etdirilə bilər. Vacib deyil ki, həbsdə qalsın. Məsələn, ev dustaqlığında ola-ola da istintaq davam edə bilər", deyə Layıc əlavə edib.
24 yanvar 2025-ci ildə Xətai Rayon Məhkəməsimdə Aysel Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Aygün Həsənovanın sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin vəsatətini təmin edilməyib. Aysel Umudova prosesdə həbsinin birbaşa jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. Vəkil Aqil Layıcın sözlərinə görə, "Aysel Umudova istintaqa cəlb olunduğunu bildiyi halda, dəfələrlə Azərbaycandan gedib və geri qayıdıb. Umudova heç vaxt istintaqdan yayınmayıb, şahidlərə təsir etməyə çalışmayıb, istintaqın gedişatına mane olmayıb. Buna görə də həbsdə saxlanılmasını əsassız hesab edir".
5 mart 2025-ci ildə Xətai Rayon Məhkəməsimdə Aysel Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin növbəti vəsatətinə baxılıb. Vəkil Rövşanə Rəhimli Aysel Umudovanın həbsdə saxlanılması üçün heç bir hüquqi əsasın olmadığını deyib. Müdafiə tərəfinin vəsatəti bu dəfə də təmin edilməyib.
14 mart 2025-ci ildə Xətai Rayon Məhkəməsi Aysel Umudovanın barəsində seçilmiş həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.
17 mart 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsində Aysel Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Ramin Qaraqurbanlının sədrliyilə qapalı baş tutan iclasda müdafiə tərəfinin şikayəti təmin edilmədi.
24 iyun 2025-ci ildə Xətai Rayon Məhkəməsi istintaq orqanının Aysel Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin üçüncü dəfə uzadılması ilə bağlı vəsatətinə baxıb. Məhkəmənin qərarına əsasən Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2025-ci il oktyabrın 6-dək uzadılıb.
7 iyul 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsində Aysel Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb. Hakim Qədim Babayevin səfrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin şikayəti təmin edilməyib.
28 avqust 2025-ci ildə ibtidai istintaqı BŞBPİ İstintaq və Təhqiqat İdarəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə, o cümlədən Aysel Umudovaya qarşı yeni ittihamlar irəli sürüldü. Bununla da onların hər biri ümumi olaraq Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurdu: Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (…mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193–1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma — mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).
20 sentyabr 2025-ci ildə Xətai Rayon Məhkəməsi istintaq orqanının Aysel Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin dördüncü dəfə uzadılması ilə bağlı vəsatətinə baxıb. Məhkəmənin qərarına əsasən Umudova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2026-cı il yanvarın 6-dək uzadılıb.
Reaksiyalar
Ölkədaxili