Azərbaycan cəmiyyəti — 1941-ci ildə İsmayıl Şəmsin təşəbbüsü ilə Təbrizdə yaradılmış təşkilat. Təşkilat üzvlərinin əsas tələbləri İran konstitusiyasında qeyd olunmuş əyalət əncüməninin təşkil edilməsi, Milli məclisə nümayəndələrin xalq tərəfindən seçilməsi, Azərbaycan dilində bütün səviyyələrdə tədrisin təşkil olunması və Azərbaycan dilində kitabların nəşr olunması olub.

Təşkilatın qurucuları İran hökuməti tərəfindən təqiblərə məruz qalmaqla yanaşı Sovet İttifaqının əməkdaşlıq təklifini rədd etdikləri üçün Sovet İttifaqı tərəfindən də təqiblərə məruz qalıblar. Nəticədə 6 ay sonra təşkilatın və onun orqanı olan "Azərbaycan" qəzetinin fəaliyyəti qadağan olunub. Aparıcı üzvləri isə SSRİ xüsusi xidmət orqanları tərəfindən məcburi şəkildə Azərbaycan SSR ərazisinə aparılıb 7 ay orada saxlanılıblar.

Haqqında 1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. Azərbaycan Cəmiyyəti 1941-ci ilin oktyabr ayında İsmayıl Şəmsin təşəbbüsü ilə Təbrizdə yaradılıb. Cəmiyyətin qurucuları arasında Hacı Əli Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Hilal Nasiri, Sadıq Padeqan və digərləri var. Hacı Əli Şəbüstəri cəmiyyətin sədri, İsmayıl Şəms isə onun müavini seçildi. Təşkilatın əsas hədəfi Azərbaycanın ancaq azərbaycanlılar tərəfindən idarə edilməsini və Azərbaycan türkcəsinin Azərbaycanın rəsmi dili kimi tanınmasını təşviq etmək olub. Cəmiyyətin Tehran və başqa şəhərlərdə də şöbələri olub.

1941-ci il noyabrın 1-də cəmiyyətin mətbu orqanı olan "Azərbaycan" qəzeti çap olunmağa başlayıb. Bu qəzetə Hacı Əli Şəbüstəri və İsmayıl Şəms redaktorluq ediblər. Qəzet yarı fars yarı Azərbaycan türkcəsində çap olunurdu. Qəzetin saylarından birində cəmiyyətin məqsədinin sosial və milli azadlıq əldə etmək olduğu qeyd olunub. İlk dəfə "Azərbaycan" qəzetində Azərbaycana muxtariyyətin verilməsi və Təbrizdəki Pəhləvi küçəsinin adının "Səttar xan" adlandırılması məsələsi qaldırılıb. Cəmiyyət üzvləri konstitusiyada qeyd olunmuş məşrutə üsul-idarəsinin əməldə həyata keçirilməsini, əyalət əncüməninin təşkil edilməsini, Milli məclisə nümayəndələrin xalq tərəfindən seçilməsini, Azərbaycanda yeni sənaye obyektləri tikilməsini, ana dilində bütün səviyyələrdə tədrisin təşkil olunmasını və ana dilində kitabların nəşr olunmasını tələb edirdilər.

Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Məşrutə İnqilabının liderləri Səttar xan və Bağır xanın xatirəsinə həsr olunmuş gecə keçirlib. Həmin gecədə Təbrizdəki Pəhləvi Xiyabanına Səttar xanın adı verilməsi qərara alınıb və az sonra bu qərar cəmiyyət üzvləri tərəfindən həyata keçilirib. Cəmiyyətin təşəbbüsü ilə teatr truppası təşkil olunub. Bu truppa digər teatr və incəsənət dəstələrini də təşkilatda birləşdirmək məqsədilə 1942-ci ilin fevral ayında idarə heyəti təşkil edib. Bu idarə heyəti sonradan xüsusi komissiya yaradaraq incəsənət sahəsindəki kortəbiiliklə mübarizə aparmağı qarşısına məqsəd qoyub.

Sonrakı aylarda SSRİ siyasi və hərbi rəhbərləri tərəfindən Sovet rejiminin təbliğ etmək məqsədilə əməkdaşlığa dəvət olunsalar da bunu qəbul etməyiblər. Daha sonraTudə Partiyasının nümayəndəsi Rza Rusta Təbrizə gələrək Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms və Sadıq Padeqanla görüşüb. Bu görüşdə o təklif edib ki cəmiyyət ləğv olunsun və onun üzvləri Təbrizdə Tudə Partiyasının təşkilatını təşkil etsinlər. Mirzə Əli Şəbüstəri və İsmayıl Şəms bu təklifi rədd ediblər.

Cəmiyyətin fəaliyyəti mərkəzi hökuməti narahat etdiyinə görə "Azərbaycan" qəzetini Tehranda yaymaq və oxumaq qadağan olundu. 1942-ci ildə Üçüncü ostanın valisi Xəlil Fəhimi cəmiyyətə qarşı "Xalqa müraciət" adlı xüsusi bəyanat dərc etdirdi. 1942-ci ilin aprel ayında İran hökumətinin nümayəndələri tərəfindən cəmiyyətin və "Azərbaycan" qəzetinin fəaliyyəti qadağan olundu. Bir həftə sonra cəmiyyətin aktiv üzvləri olan İsmayıl Şəms, Hacı Əli Şəbüstəri, Mir Mehdi Etimad, Məhəmməd Biriya Sovet hərbçiləri tərəfindən məcburi şəkildə Bakıya aparılıblar. Onlara SSRİ vətəndaşlığını qəbul edib orda qalmaq təklif olunsa da bunu qəbul etməyiblər. 7 ay Azərbaycan SSR ərazisində yaşadıqdan sonra 1943-cü ildə Təbrizə geri qayıda biliblər.

Həmçinin bax Demokratiya ocağı Azərbaycan Zəhmətkeşlər Təşkilatı

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Siyasi təşkilatlar Kateqoriya:Təbrizdə yaranmış təşkilatlar