Siuateteo və ya "İlahi Qadınlar" (Klassik nauatl: Cihuātēteoh, təkdə Cihuātēotl) — Astek mifologiyasında doğuş zamanı dünyasını dəyişən qadınların ruhları. Onlar Astek mədəniyyətində döyüşün doğuşa bənzədilməsi səbəbindən, döyüşdə həlak olan kişi savaşçılarının ruhlarına bərabər tutulurdular. İnanclara görə, doğuş zamanı qadın yeni doğulan uşağın ruhunu döyüşçünün düşmənini əsir aldığı kimi ələ keçirirdi. Bu ruhlar həmçinin hər gün günəşin batdığı yer olan qərblə əlaqələndirilirdi.
Mifologiya Siuateteo qərbdə yerləşən və "qadınların məkanı" mənasını verən Sihuatlampa adlı bölgədə məskunlaşırdılar. Hər gün günəşi günortadan gün batana qədər qərbə doğru yönləndirirdilər və bəzi inanclara görə, hətta günəşi yeraltı aləm boyunca daşıyaraq onun yenidən doğmasına kömək edirdilər. Onlara kişi savaşçıların ruhları da yardım edirdi və bu günəşi yönləndirmək vəzifəsi yalnız bu iki qrup üçün ayrılmış bir şərəf sayılırdı.
Aztek təqviminin beş xüsusi günü — 1 Maral (1 Deer), 1 Yağış (1 Rain), 1 Meymun (1 Monkey), 1 Ev (1 House) və 1 Qartal (1 Eagle) — Siuateteo yer üzünə enirdi. Yerə endikləri zaman, gecənin şeytanları hesab olunurdular və adətən yolayrıcılarda dolaşırdılar. İnsanlar bu ruhları razı salmaq üçün yol kənarında məbədlər tikirdilər, çünki Siuateteonun uşaqları oğurladığına, insanların ağlını qarışdıraraq onları qəzəbləndirdiyinə və kişiləri xəyanət etməyə sövq etdiyinə inanılırdı. Metropoliten Muzeyində saxlanılan bir Siuateteo heykəlinin başında "1 Ev" (Ce Calli), Britaniya Muzeyində olan digər bir heykəlin üzərində isə "1 Meymun" günü göstərən işarələr həkk olunmuşdur.
Dəfn adətləri thumb|Əsas xüsusiyyətləri qeyd edilmiş Siuateteo heykəli.|242x242px Astek mədəniyyətində doğuş çətin və mübarizə dolu bir döyüş kimi qəbul edilirdi. İnanca görə, uşaq tanrılar tərəfindən yer üzünə göndərilir və ana onu dünyaya gətirmək üçün bu tanrılarla mübarizə aparırdı. Ana qalib gələrdisə, o, uşağını qazanmış olurdu, lakin məğlub olardısa, ölürdü və ruhu Siuateteoya çevrilirdi.
Doğuş zamanı ölən qadınların dəfni xüsusi ayinlərlə keçirilirdi. Çünki belə qadınların cəsədi onların ruhu ayrıldıqdan sonra sehrli gücə malik hesab edilirdi. Bu səbəbdən, cəsəd silahlı adamlar — dul qalan həyat yoldaşı, dostları, mamaçalar və yaşlı qadınlar tərəfindən qorunurdu. Çünki döyüşçülərin bu cəsədi ələ keçirmək istədiklərinə inanılırdı. Xüsusilə sol orta barmaq və saçın sehrli gücə malik olduğu düşünülürdü. Aztek inancına görə, bu relikviyalar döyüşçülərin qalxanlarına yerləşdirilərsə, onları daha cəsarətli və güclü edəcək, düşmənlərinin gözlərini kor edəcəkdi.
İncəsənətdə təsvirlər thumb|El Zapotal Siuateteosunu təsvir edən terrakota heykəl.|240x240px Siuateteo bədii əsərlərdə "qorxunc simalar", "sıxılmış, pəncəyə bənzər yumruqlar", "qabarıq dişlər" və "təcavüzkar duruşlar" ilə xarakterizə edilirdi. Onlar pəncəyə bənzər ayaqlarını ətəklərinin altına yığıb həm sakit, həm də hücuma hazır görünürdülər. Aztek incəsənətində doğuşdan sonrakı qadın bədəni sallanmış döşlər və qarın qırışları ilə təsvir olunurdu. Lakin Siuateteoların bədən quruluşu gərgin qarın, açıq döşlər və nəzərə çarpan gilələr ilə göstərilir. Bu isə onların ana olmaq və uşaqlarını əmizdirmək şansını qaçırdıqlarını vurğulayırdı.
Siuateteo adətən dağınıq, narıncı saçlı, ilan kəmərli ətəklər geyinmiş şəkildə təsvir olunurdu. El Zapotal bölgəsində tapılan fiqurlar isə başlarında kəsilmiş başlar olan əsa tutmuş və soyulmuş dərilər ilə örtülmüş vəziyyətdədirlər. Bu onların bir qadın məhsuldarlıq tanrısına sitayiş etdiyini göstərə bilər. Belindəki ilan kəməri, həm döyüş, qurban və siyasi güc, həm də doğuş və mamaçalıqla əlaqəli olan Siuateteo adlı ilan tanrıçaya istinad edə bilər. Dağınıq saç isə qaranlıq və torpaqla əlaqələndirilirdi. Çünki Sihuatlampa qaranlıq bir yer idi və Aztek inancında torpaq və torpaq tanrıçaları həm doğuşu, həm də qurban verməyi simvolizə edirdi. Bu isə Siuateteoların əsas xüsusiyyətləri ilə üst-üstə düşürdü.
Həmçinin bax La Yorona
İstinadlar
Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Astek mifologiyası Kateqoriya:Döyüş ilahələri