Ketrin Betti Ebigeyl Berens (d. 24 aprel 1904 – ö. 3 yanvar 1989), Betti Berens kimi tanınır və K.B.E.Berens kimi yazılır; Britaniyalı tarixçi və akademik; Erkən maraq dairəsinə VIII Henri, II Çarlz və İngiltərə tarixinin erkən müasir dövrü daxil idi. Daha sonra tədqiqatlarını qədim rejim - Orta əsrlərdən Fransız İnqilabına qədər olan Fransa Krallığı - üzərində cəmləşdirdi. 1935-ci ildə Kembric Universitetinin Nyunhem Kollecinin üzvü seçildi. 1967-ci ildə Qədim rejim kitabını nəşr etdikdən sonra Kler Holl, Kembric kollecinin üzvü oldu. "Qədim rejim" əsəri ona beynəlxalq nüfuz qazandırdı və bu kitab "maraqlı və təsiredici" və "canlı, düşündürücü bir tarixçi yenidən dəyərləndirməsi" kimi qiymətləndirildi.

Həyatının erkən dövrü və təhsili Behrens 24 aprel 1904-cü ildə Londonda anadan olub. Atası Noel Edvard Berens (1879–1967) atasından böyük miqdarda sərvət miras almış yəhudi məmur və bankir idi. Anası Vivyen Berens (1880–1961), Ser Sesil Kovardın qızı, xristian kimi böyüdülmüşdü. Berens evdə müəllimlər tərəfindən təhsil alıb və heç vaxt məktəbə getməyib. O, erkən yaşlarından fransız və ingilis dillərində danışırdı, sonradan alman dilini də öyrəndi. 1923-cü ildə Ledi Marqaret Holl, Oksford kollecində müasir tarix üzrə təhsil almağa başladı və 1926-cı ildə birinci dərəcəli bakalavr dərəcəsi ilə məzun oldu. 1928-ci ildə o, Birlik təqaüdünü qazandı və ABŞ-ın Massaçusets ştatında, Kembricdə Harvard Universitetinə bağlı qadın kolleci olan Redkliff Kollecində təhsil aldı.

Akademik fəaliyyəti Böyük Britaniyaya qayıtdıqdan sonra Bedford Kolleci, London və Oksford Universitetinin University Kollecdə tədqiqatçı kimi çalışdı. 1935-ci ildə Kembric Universitetinin Nyunhem Kollecinin üzvü seçildi. 1938-ci ildə Kembric Universitetinin Tarix fakültəsində köməkçi müəllim, bir il sonra isə mühazirəçi oldu. 1930-cu illərdə onun tədqiqatları VIII Henriyə həsr olunmuşdu və o, kralın boşanması və daimi diplomatlar haqqında elmi məqalələr dərc etdirmişdi. 1941-ci ildə II Çarlz haqqında bir məqalə yazaraq araşdırmalarını daha sonrakı İngiltərə tarixinə yönəltdi.

İkinci Dünya Müharibəsi zamanı bir çox akademiklər kimi o da hökumətə xidmət göstərdi. Vaytholda işlədi və çox güman ki, Müharibə Nəqliyyatı Nazirliyində fəaliyyət göstərdi.

Müharibədən sonra on ilini Böyük Britaniya tərəfindən idarə olunan ticarət gəmilərinin müharibədəki rolunu araşdırmağa və rəsmi İkinci Dünya Müharibəsi tarixi üçün yazmağa sərf etdi.

Daha sonra o, Fransa qədim rejimi və Fransız İnqilabı mövzusuna yönəldi. 1967-ci ildə Qədim rejim kitabını dərc edərək, Fransız İnqilabının səbəbləri ilə bağlı hakim Marksist nəzəriyyələri tənqid etdi. Bu kitab ona qısa müddətdə şöhrət qazandırdı və onu Anqlo-Amerikan intellektual elitasına daxil etdi. Həmin il o, Nyunhem Kollecindən Kler Holla keçdi.

Berens 1972-ci ildə tam ştatlı akademik fəaliyyətdən təqaüdə çıxdı, lakin 1972–1986-cı illər arasında Kler Holun fəxri üzvü kimi elmi işlərini davam etdirdi. Onun sonuncu kitabı "Cəmiyyət, hökumət və maarifçilik: XVIII əsr Fransa və Prussiya təcrübəsi"1985-ci ildə, 81 yaşında nəşr olundu.

Şəxsi həyatı 1966-cı ildə Berens tarixçi və keçmiş diplomat E.H.Karr ilə evləndi. Lakin 1982-ci ildə Karr vəfat etdikdə, onlar artıq bir neçə ildir ayrı yaşayırdılar.

Berens 3 yanvar 1989-cu ildə vəfat etdi.

Seçilmiş əsərləri

İstinadlar Kateqoriya:Britaniya tarixçiləri