Əbu Bəkr Abdullah ibn Məhəmməd ibn Əbu Şeybə İbrahim əl-Əbsi əl-Kufi (; ) — hədis hafizi, müfəssir və tarixçi. O, "əl-Musənnəf" adlı əsərin müəllifidir.
Bioqrafiyası Künyəsi Əbu Bəkrdir. Hədis elmi ilə məşğul olan bir ailəyə mənsubdur. Babası İbrahim Vasit qazısı olub.
Onun uşaqlıq və sonrakı həyatı barədə ətraflı məlumat yoxdur. Lakin mənbələrdə qeyd olunur ki, o, təhsilinə çox gənc yaşlarda başlamışdır. İlk müəllimlərindən biri olan Kufə qazısı Şərik ibn Abdullahdan hədis almağa başladığında cəmi on dörd yaşı var idi. Halbuki bu hal, övladlarına iyirmi yaşına çatmadan hədis öyrənməyə icazə verməyən Kufə əhalisinin adət-ənənəsinə uyğun deyildi. Onun bu istisnanı qazanması güclü və geniş yaddaşı ilə əlaqələndirilə bilər. Nəticədə, yaddaşının möhkəmliyi və əzbərlədiklərinin çoxluğu zərbi-məsəl olmuşdu.
Əvvəlcə Kufədəki mühəddislərdən hədis öyrəndi. Sonra Bəsrəyə gedərək oradakı alimlərdən, daha sonra isə Bağdad mühəddislərindən hədis yazdı. Eyni zamanda, hədis rəvayət etmək məqsədilə Hicaz, İraq və Şam bölgələrinə səfərlər etdi. Ömrünün son günlərini Bağdadda keçirdi. Rüsafə məscidində dərs verirdi və bu dərslərini çoxsaylı insanlar izləyirdi.
İbn Əbu Şeybə, Abbasilərin ilk dövr xəlifələrindən Harun ər-Rəşid, Məhəmməd əl-Əmin, Abdullah əl-Məmun, Mötəsim Billah və Vasiq, həmçinin ikinci dövr xəlifələrindən Mütəvəkkil zamanında yaşamışdır. Xüsusilə də, Məmunun xilafəti dövrü elm adamları üçün ən çətin və sınaqlı dövrlərdən biri olmuşdur. Mötəzilə cərəyanının saraya qədər gətirib qəbul etdirdiyi "Quranın məxluq olması" fikrinə dəstək verən Məmun, qazılar və mühəddislərin bu inancı qəbul edib-etmədiklərini yoxlamaq üçün onları imtahana çəkməyi əmr etmiş və məşhur "mihnə" dövrünü başlatmışdı. Bu dövr bir çox alimlər üçün sıxıntı və əzablarla dolu olmuş, lakin eyni zamanda güclü elmi fəaliyyətlərin də şahidi olmuşdu.
İbn Əbu Şeybənin Kufə qazısı Şərik ibn Abdullah, Əbül-Əhvas, Süfyan ibn Uyeynə, Cərir ibn Əbdülhəmid kimi alimlərdən hədis elmləri baxımından faydalandığı qeyd olunmuşdur. Digər tərəfdən, onun məşhur əsəri "əl-Musənnəf"də ən çox hədis aldığı müəllimlərindən bəziləri bunlardır: Vəki ibn Cərrəh, Yəhya əl-Qəttan, Abdullah ibn Numeyr, İbn Uleyyə, Abdullah ibn əl-Mübarək, Əffan ibn Müslüm, Əbu Davud ət-Təyalisi, Yezid ibn Harun və Əbdürrəhman ibn Mehdi.
İbn Əbu Şeybə 849-cu ildə Kufədə vəfat etmişdir. O, mühəddis, müfəssir, fəqih və tarixçi kimi tanınır, eyni zamanda ədəbiyyat və coğrafiya sahələrində də nüfuzlu bir şəxsiyyət kimi qəbul olunurdu.
Hədis elmindəki yeri Hədis elmində İbn Əbu Şeybəni qardaşı Osman ibn Əbu Şeybədən daha üstün hesab edən Əhməd ibn Hənbəl ilə Yəhya ibn Main onu "saduq" kimi qiymətləndirmişlər. Əbül-Həsən əl-İcli və Əbu Hətim ər-Razi isə onun "siqa" olduğunu bildirmişlər. Əbu Züra ər-Razi və Saleh Cəzrə kimi onu yaxından tanıyan hədis tənqidçiləri isə yaddaşının çox güclü olduğunu qeyd etmişlər.
Əsərləri İbn Əbu Şeybənin qələmə aldığı əsərlərindən bəzi bunlardır:
"Əl-Musənnəf fil-Əhadis vəl-Əsar". Bu, İbn Əbu Şeybənin ən genişhəcmli əsəridir. O, bu kitabda hədisləri, səhabə sözlərini və tabiinin fətvalarını sənədləri ilə birlikdə toplamış, mövzular üzrə təsnif etmişdir. Mənbələrdə "əl-Müsnəd" adı ilə də keçən bu kitabın əslində elə "əl-Musannəf" olduğu bildirilir. Əsərin tanınmış nəşrləri arasında Əbdülxaliq əl-Əfqaninin (I–XV, Kəraçi 1986) və Kəmal Yusuf əl-Hutun (I–VII, Beyrut 1989) hazırladıqları versiyalar da qeyd olunur. "Kitabul-İman". Bu əsər iman və İslam mövzularına dair 139 hədis və xəbəri əhatə edir. Əsasən "əl-Musənnəf"dəki "Kitabül-İman" bölməsinin fərqli bir tərtibatla təkrar nəqlidir. Nəsirəddin əl-Əlbaninin nəşri ilə tanınmışdır və Əbu Ubeyd Qasım ibn Səllamın "Kitabül-İman", Əbu Heysəmə Züheyr ibn Hərbin "Kitabül-İlm" və Xətib əl-Bağdadinin "İqtidaul-ilm əl-əməl" əsərləri ilə birlikdə çap olunmuşdur (Dəməşq: 1966). Daha sonra müstəqil şəkildə də nəşr edilmişdir (Beyrut: 1983; Küveyt: 1985). "Kitabül-Ədəb". Bu əsərin bir nüsxəsi Dərül-kütübiz-Zahiriyyədə saxlanılır. Mövcud olan nüsxənin "əl-Musənnəf"dəki "Kitabül-Ədəb" bölməsinin ayrı bir rəvayəti olması da mümkündür. Əsər üzərində Məhəmməd Rıza əl-Kəhvəci tərəfindən Pəncab Universitetində doktorluq dissertasiyası hazırlanmışdır (Lahor, 1989). "Kitabüt-Tarix". Cahiliyyə dövründən başlayaraq Xəlifə Ömərin vəfatına qədər olan dövr haqqında məlumat verir. Bu əsərin bir nüsxəsi Berlin "Stiftung Preußischer Kulturbesitz" kitabxanasında saxlanılır. Henrix Şützinger bu əlyazmanı geniş şəkildə təqdim etmişdir. Hərçənd o, bu əsəri "əl-Musənnəf"in "Kitabüt-Tarix" və "Kitabül-Məğazi" bölmələri ilə qarşılaşdıra bilmədiyini desə də, məzmun baxımından bənzərliyin olması əsərin əslində müstəqil deyil, "əl-Musənnəf"in bir hissəsi olduğunu göstərir. "Təfsiru-İbn Əbu Şeybə". Rəvayət əsaslı olan bu təfsir əsərinin bir nüsxəsi Süleymaniyyə Kitabxanasında saxlanılır.
Bu əsərlər, İbn Əbu Şeybənin təkcə hədis elmi sahəsində deyil, həm də fiqh, təfsir, tarix və ədəbiyyat sahələrində də nə qədər dərin biliyə malik olduğunu sübut edir.
Həmçinin bax
Əbu Cəfər ibn Əbu Şeybə
Ədəbiyyat Ebu Bekr ibn Ebi Şeybe ve Buhari ile ilişkisi
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Ərəb tarixçilər