Siyasət İdris oğlu Alıyev () — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Hərbi prokurorunun birinci müavini — Hərbi prokurorun səlahiyyətlərini icra edən (2000–2003).
Həyatı Siyasət İdris oğlu Alıyev 25 dekabr 1954-cü ildə Ermənistan SSR Basarkeçər rayonunun Canəhməd (Günəşli) kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Siyasət Alıyev 1983-cü ildən Əsgəran rayon prokurorunun köməkçisi, 1989-cu ildən isə DQMV Prokurorluğunda böyük müstəntiq vəzifəsində çalışmışdır. 1991-ci ilin sonlarında Xankəndidə xidməti ezamiyyətdə olarkən ermənilər tərəfindən bıçaqlanmış, müalicə olduqdan sonra Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun prokuroru vəzifəsinə keçirilmişdir. Daha sonra, 1992-ci ildən Xanlar rayon prokurorunun köməkçisi, 1993-cü ildən Samux rayon prokurorunun müavini, 1995-ci ildən Gəncə şəhəri Nizami rayon prokurorunun müavini vəzifələrində işləmişdir. Daha sonra Gədəbəy rayonunun prokuroru kimi təyin olunmuş, 1996-cı ildən Qusar rayonunun, 1999-cu ildən isə Xaçmaz rayonunun prokuroru vəzifələrində çalışmışdır.
Siyasət Alıyev 2000-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorunun birinci müavini təyin edilmiş və həmin tarixdən 2003-cü ilin aprel ayınadək hərbi prokurorun səlahiyyətlərini icra etmişdir. 2001-ci ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü təyin olunmuşdur.
Siyasət Alıyev 2012-ci ildə son yaş həddi ilə əlaqədar olaraq prokurorluq orqanlarından təqaüdə çıxaraq Dövlət Miqrasiya Xidmətində Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini (əvəzi) və attestasiya komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Ailəlidir, 3 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikasının Hərbi prokurorları