Leşkər qalaçası — Gədəbəy rayonu, Daryurd kəndindən şərqdə, Dəlmə çayının sağ sahilində, Kiçik Qaramurad kəndi ərazisində yerləşən son tunc-ilk dəmir dövrünə aid siklopik tikili, arxeoloji abidə.
Qeyd edək ki, Gədəbəydə 80-dək siklopik tikinti vardır.İshaq Cəfərzadə tərəfindən Dəlmə qalaçası kimi qeydə alınmış qalaça, Tükəzban Göyüşova tərəfindən Leşkər qalaçası adı ilə elmi dövriyyəyə salınmışdır. Abidədə arxeoloji tədqiqatlara 2009-cu ildə başlanmış, müəyyən fasilələrlə 2021-ci ilə qədər davam etdirilmişdir. Sonrakı illərdə də qalaçada tədqiqat işləri davam etdirilmişdir. Qazıntı işləri zamanı abidə ərazisindən divar qalıqları, təsərrüfat quyuları, daş tikinti, otaq və s. müəyyənləşdirilmişdir. Arxeoloji abidənin tədqiqi məqsədi ilə təxmini 500 m² ərazidə qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı mədəni təbəqənin qalınlığı 170-180 sm müəyyən edilmişdir. Bütün bu qazıntılar zamanı saxsı qalıqları, heyvan sümükləri və s. artefaktlar tədqiq edilmişdir. Ümumi məlumat Ümumi ərazisi 5000 m² olan qalaça oval formadadır. Qalaçanın divarları biri digərindən 10 m aralı olmaqla üç konsentrik sıra ilə yerləşib. Qalaçanın nisbətən salamat qalmış cənub divarlarının hündürlüyü 2,5 m, bəzi yerlərdə isə divarlarının hündürlüyü 3 m-ə qədərdir.
Qalaçanın cənub divarına yaxın sahədə 5x5m, 6x6 m ölçüdə iki kvadratda cəmi 500 m² sahədə aparılmış tədqiqatlar nəticəsində mədəni təbəqəni materikə qədər izləmək olmuşdur. Mədəni təbəqənin dərinliyi relyefə görə 1,7-1,8 m idi. Qazıntı sahəsindən çay daşlarından və ağ daşlardan tikilmiş divar qalıqları, otaq, təsərrüfat quyuları, ocaq yerləri aşkar edilmiş, iri tutumlu təsərrüfat küpləri, müxtəlif məzmunlu saxsı məmulatı, daş və sümük alətlər, iy başlıqları, gil möhür, obsidiandan kəsicilər, çoxlu sayda osteoloji qalıqlar və s. maddi mədəniyyət nümunələri əldə edilmişdir.
Leşkər qalaçasında müəyyən edilən tikililərin əsas tikinti materialı çay daşı və əhəngdaşıdır. Ümumiyyətlə, Gədəbəy ərazisində olan arxeoloji və tarixi memarlıq abidələrinin tikintisində əhəngdaşı və ondan hazırlanan bərkidici məhluldan istifadə edilmişdir. Tədqiqatlardan əldə edilmiş maddi-mədəniyyət nümunələri Leşkər qalaçasında aparılan tədqiqatlar zamanı əldə edilmiş artefaktlar tunc dövrü tayfalarının yaylaq-qışlaq təsərrüfatının, məişət həyatının, sənətkarlığının yüksək inkişaf səviyyəsini göstərir.
Azərbaycanda, xüsusilə də dağlıq bölgələrdə son tunc-ilk dəmir dövrünə aid siklopik tikililərdəki yaşayış evlərinin plan quruluşunu təyin etmək üçün Leşkər qalaçasından aşkar edilən tikili qalıqları, eyni zamanda buradan əldə edilmiş zəngin maddi mədəniyyət nümunələri böyük elmi əhəmiyyət daşıyır.
Kiçik diametrə malik, işlək səthlərində müxtəlif basma naxışlarına görə fərqlənən gil möhürlər Leşkər qalaçasından tapılmışdır ki, belə bir möhürün işlək səthini tamam əhatə edən basma nöqtəvari naxışların mərkəzində sadə xaç təsviri də yer alıb. Kiçikölçülü olub, kobud formada hazırlanmış dəstəkləri ilə seçilən gil möhürlər Gədəbəyin son tunc dövrü abidələri üçün də xarakterikdir.Göyüşova T.N. 2015-2016-cı illərdə Gədəbəy arxeoloji ekspedisiyasının Gədəbəy rayonunda apardığı arxeoloji tədqiqatların yekunlarına dair tədqiqatlar 2015-2016. - Bakı, - 2017, - s. 170-176
İki qazıntı sahəsində (ümümilikdə 500 m², mədəni təbəqənin qalınlığı 190-250 sm) aparılmış tədqiqatlar nəticəsində qalaça ərazisində dövrünə görə yetərli inşaat texnikası ilə, ağ kəsmə və çay daşlarından tikilmiş yayşayış evləri-otaqlar, emalatxana, təsərrüfat quyuları, ocaq yerləri, minlərlə artefaktlar–saxsı, sümük, daş məmulatı, metaləritmədə istifadə olunan gil bütələr və onların fraqmenti, dörd üzlü daş qəlib, eyni zamanda soba aşkar edilmişdir.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi arxivi: H –785, yeni nömrə: 67, s. 146-147 Saxsı məmulatı müxtəlif növlü qablara aid (küp, xeyrə, bardaq, kuzə, cam, kasa, tava, manqal) yüzlərlə fraqmentlərlə təmsil olunur. Leşkər qalaçasından tapılmış saxsı qab fraqmentləri müxtəlif forma və ölçülərinə görə yüzə qədər qab növünə aiddir. Tək bu fakt burada dulusçuluğun yüksək inkişafını, tunc dövrü tayfalarının zəngin mətbəx mədəniyyətinin olduğunu bir daha sübut edir.
Bu günə qədər Leşkər qalaçasından arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış yüksək inşaat texnikası ilə hörülmüş qala divarları, daş tikililər, əldə edilmiş zəngin arxeoloji materiallar, ocaq və kürə yerləri bir daha sübut edir ki, sözü gedən dövrdə burada əhali sıx və intensiv yaşamış, heyvandarlıqla, əkinçiliklə məşğul olmuş, sənətkarlığın dulusçuluq, metalişləmə, daş işləmə kimi sahələrini mükəmməl mənimsəmişlər. Bütün bu faktlar onu göstərir ki, Leşkər qalaçası son tuncerkən dəmir dövründə əhalinin müəyyən hissəsinin daimi yaşayış yeri olmuşdur. Qalereya Leşkər qalaçasından tapılmış son tunc-ilk dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri:
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gədəbəy rayonu Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Dövrlərinə görə arxeoloji abidələr Kateqoriya:Gədəbəy rayonunun abidələri Kateqoriya:Tunc dövrü abidələri Kateqoriya:Dəmir dövrü